Şeyxdən incə siyasət

QMI rəhbəri Bakıda tikilən sinaqoqun açılışına niyə qatılmadı?

Aprelin 5-də Bakıda yeni sinaqoqun açılışı oldu. Azərbaycan dövləti tərəfindən maliyyələşdirilən sinaqoqun açılışında Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov iştirak etsə də, Qafqaz Müsəlmanları Idarəsinin sədri Hacı Allahşükür Paşazadə açılış mərasimində görünmədi. “Azadlıq”a daxil olan məlumatlara görə, Dağ Yəhudiləri Icmasının rəhbəri Semyon Ixilovla dostluq münasibətləri olan və əksər dini tədbirlərdə onunla bir yerdə görünən Şeyxin sinaqoqun açılışına qatılmaması təsadüfi deyil. Hacı Allahşükür Paşazadə indiki həssas vəziyyəti nəzərə alaraq tədbirdə iştirak etməyib. Söhbət ondan gedir ki, Şeyxə qarşı həm daxildən, həm də xaricdən hücumlar var.
Azərbaycanda hicaba qadağa tətbiq ediləndə Hacı Allahşükür Paşazadə buna qarşı çıxmışdı. Şeyxin hicab məsələsində hakimiyyətin mövqeyini bölüşməməsi iqtidar daxilindəki rəqiblərini hərəkətə gətirdi. Hacı Allahşükür Paşazadə özünü sığortalamaq üçün Azərbaycan Islam Partiyasının sədri və fəallarının həbsi məsələsində hakimiyyəti dəstəklədi. Bu dəfə Şeyx Iranın hədəfinə gəldi. Hətta məlumatlar yayıldı ki, Iran Hacı Allahşükür Paşazadəni devirmək üçün xüsusi plan hazırlayıb. Şeyx də bu təzyiqləri dəf etmək üçün müəyyən addımlar atdı. Bu sırada onun Çeçenistan və Kabardin-Balkar respublikalarına səfərini göstərmək olar. Hacı Allahşükür Paşazadə bu respublikalarda təmtəraqla qarşılandı. Çeçenistan və Kabardin-Balkarın prezidentləri Hacı Allahşükür Paşazadəyə xüsusi münasibət sərgilədilər. QMI sədri bununla nümayiş etdirdi ki, o, təkcə Azərbaycanın deyil, bütün Qafqazın şeyxidir. Və onunla münasibətdə bütün Qafqazın müsəlmanlarının rəyi nəzərə alınmalıdır. Hacı Allahşükür Paşazadənin bu addımından sonra ona qarşı daxili və xarici təzyiqlər nisbətən səngidi. Bununla belə Şeyx hələ də özünə qarşı təhlükə hiss edir. Bu baxımdan da QMI sədri belə bir vəziyyətdə sinaqoqun tədbirinə qatılmaqla dini kəsimin qəzəbinə gəlməkdən ehtiyat edib. Xüsusilə, Iranın bu faktdan istifadə edərək ona qarşı növbəti dəfə hücuma keçəcəyini düşünüb.    

İnformasiya şöbəsi