20 ölkənin səfiri müxalifətlə görüşdü

Əli Kərimli: “Çox faydalı görüş oldu”

 

Aprelin 8-də Müsavat Partiyasının qərargahında İctimai Palatanın rəhbərliyi ilə ATƏT-ə üzv ölkələrin diplomatik korpus nümayəndələrinin, səfir və yüksək ranqlı diplomatların görüşü keçirilib. 20 ölkənin səfir və təmsilçilərinin qatıldığı görüşdə İctimai Palatanı AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər və AMİP sədri Yusif Bağırzadə təmsil edib. Görüş jurnalistlər üçün qapalı keçirilib.
Görüşdən sonra AXCP sədri Əli Kərimli “Azadlıq”a bildirib ki, toplantıda ATƏT, Avropa Birliyi, Avropa Şurasının səfirləri, Avropa Birliyinə üzv ölkələrin səfir və ya təmsilçiləri, o cümlədən Norveçin səfiri və ABŞ səfirliyinin nümayəndəsi iştirak edib: “Çox faydalı görüş oldu. Biz İctimai Palata haqqında məlumat verdik, qurumun fəaliyyəti ilə bağlı fikir mübadiləsi apardıq. Həmçinin İctimai Palatanın 2 aprel mitinqi və aksiyadan sonra baş verənlər, ölkədə siyasi azadlıqların məhdudlaşdırılması, siyasi fəallara, mətbuat təmsilçilərinə qarşı aparılan repressiyaları müzakirə etdik. Əsas da Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi, ölkəmizin Avroatlantik məkana inteqrasiya perspektivləri ətraflı müzakirə olundu”.
Diplomatik korpusun ölkədə baş verənlərə reaksiyasına gəlincə, Əli Kərimli bildirib: “Bilirsiniz ki, artıq Avropa Birliyi 2 aprel aksiyası ilə bağlı bəyanatla çıxış edib. Həmçinin aksiyanın nəticələri ATƏT-in Daimi Şurasında müzakirə mövzusu olub. Bütövlükdə Azərbaycan cəmiyyəti baş verənlərlə bağlı ATƏT və ABŞ-ın mövqeyini bilir, Onlar repressiyaları, sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasını pisləyir. Ölkədə dinc, sivil mübarizənin olmasını istəyirlər, sərbəst toplaşmaq azadlığına, ifadə azadlığına tərəfdar olmağı vacib sayırlar”.

 

İnformasiya şöbəsi