Seymur Həzini və Ramin Dekonu izləyib oğurladılar, üstəlik, döydülər də. Natiq Güləhmədoğlunu da izləyirlər, Xaliq bəy Bahadırı isə təzəcə döyüblər. Elnur Astanbəyliyə və başqalarına yönələn hədələr də bir yandan… Eynulla Fətullayevi həbsdə də sakit buraxmırlar. Yazarları indi çox ciddi təhlükələr izləyir. Ölüm təhlükəsi də daxil olmaqla. Buna qədər olanları isə hamı bilir…
Amma bir yazarı təki lənət izləməsin. Bir yazarın ruhuna hakim kəsilən qorxu və sürüşkənliyi deyirəm. Onsuz da həmişə insanın və cəmiyyətin səsini boğmaq istəyən güclər tapılır, insanı rəzil edə biləcək qorxu hissi hər zaman ortaya çıxa bilir. Bunu başqaları vaxtında dərk etməyə bilər, amma bir yazar üçün bu, işin əsasıdır.
Baxmayaraq ki, bizim dövrümüz həqiqətən də asan dövr deyil. Amma bir yazar bu çətinliyi qorxuya çevirə bilməz. Üstəlik, “Bizim problemimiz nədir?” deyə düşünərkən elə bu qorxunu da göz altına ala bilməliyik. Bizim kimi iki gözü, iki əli olan, lakin bütün dövrlərin möhtəşəm yazarı sayılacaq Uilyam Folkner bunu dünyadakı problemlərin ən böyüyü hesab edirdi. Folkner deyirdi: “Çağımızın faciəsi – uzun müddətdir düçar olduğumuz və öyrəşdiyimiz ümumi heyvani qorxudur”.
Elə bizi də qorxutmağa çalışırlar…
Folknerin çox kiçik Nobel nitqi var, yəni bir yazarın ala biləcəyi ən böyük mükafatın təqdimatında söylədikləri. Həcminə görə bu nitq bir köşə yazısından kiçikdir. Mənasına görə o qədər dərindir ki, düşünürəm ki, yazar olmağın mənasını onun qədər asanlıqla açan başqa bir mətn tapmaq çətin olardı. Bu kiçik çıxış bu gün Azərbaycanda da olan bir çox mübahisələrə də aydınlıq gətirir. Ziyalılar və ədəbiyyatla bağlı, köhnə və təzə yazıçılarla, həmçinin fərqli peşə yolu tutan jurnalistlər və qəzetlərlə bağlı mübahisələr bu yazı ilə yoxa çıxır, təsəvvürlərdə aydın bir qiymət qalır.
Folkner bir lənət haqqında danışır ki, istənilən yazar o lənəti unutmamalıdır:
– Insanın sora biləcəyi ruhi suallardan yalnız biri qalıb: bizi nə vaxt məhv edəcəklər? Hər bir yazara bu haqda düşünmək gərəkdir. O, qorxunun rəzil bir hiss olduğunu anlamalıdır, elə ki bunu anladı, qorxunu birdəfəlik unutmalı, qəlb düzgünlüyü, məhəbbət, şərəf, şəfqət, qürur, həmdərdlik, fədakarlıq istisna olmaqla, bədii əsərləri keçici edən və unutduran bütün hissləri öz emalatxanasından süpürüb atmalıdır. Nə qədər ki belə etməyib, ONUN ƏSƏRLƏRININ BAŞI ÜSTÜNDƏN BIR LƏNƏT ASILACAQ.
Folkner inanırdı ki, çağın həqiqətlərini deməyən, ondan yan keçən heç bir istedad əsl əsərlər yarada bilməz. Folkner deyirdi ki, insanın harayını eşitməyənlər, bu harayı yazmayanlar, bu haraya hay verməyənlər ədəbiyyat yarada bilməz, onların yaratdıqları artıq ədəbiyyat deyil. Folkner öz nitqində deyir:
– Nə qədər ki yazıçı bunu anlamayıb, o, kənar müşahidəçi kimi insanın məhvindən yazacaq. Mən isə insanın məhv olacağı fikrini rədd edirəm. Tale zənginin sonuncu zərbəsi səslənib sönəndən sonra “insanın daha bir – zəif, amma eşidiləcək səsi var” deyərək hər şeyə dözüb “insan ölməzdir” söyləmək çox asandır. Mən isə bunu qəbul etmirəm. Mən insanın nəinki duruş gətirəcəyinə, həm də qalib olacağına inanıram. Insan isə səsi eşidiləcək deyə yox, xarakterinə, qəlbinə görə, fədakarlığına, həmdərd ola bilməyinə, razılaşmadığına görə əbədidir. Yazıçının, şairin borcu bu haqda yazmaqdır, insanın duruş gətirə bilməsi, qəlbləri möhkəmlətməsi üçün yazmaqdır; kişilik, şərəf, ümid, qürur, iztirab, şəfqət, fədakarlıq hisslərini daim xatırlatmaq üçün yazmaq lazımdır. Bəşəriyyətin bəzəyi də məhz bu şeylərdir. Yazarın səsi adi əks-səda ola bilməz, o, dayaq olmalıdır, qələbə üçün, insana duruş gətirə bilmək üçün əsas, özül olmalıdır.
Bəli, bizi də ona görə qorxudurlar. Xalqımıza və onun qələbəsinə dayaq olmamağımız üçün. Bizi izləyənlərin ən qorxulusu budur.