Polis Tural Abbaslını niyə gizlədir?

Indi belə bir soru ilə addımbaşı üzləşmək olur. Mən Turalla birgə Yasamal antipolis idarəsində olmuş kimsə kimi sorunu başqa cür qoyuram: “Polis Turalı niyə gizlətməməlidir?”. Axı ortada böyük bir cinayət işi var. Bu cinayət işini  gizlətmək üçün polis Turalı gizlətməlidir. Yasamal antipolis idarəsindən danışırıqsa, baş verən cinayət aktına görə birbaşa iki subyekt sorunlu sayılmalıdır: idarənin rəisi Ismayıl Əyyubov (bağışlayın, Əsədov!), onun “əməliyyatçı” yardımçısı Cavid (ada bax!) Muradov. Sonra gəlir DIN başçısı

Ramil Usubov, Ölkə başçısı Ilham Əliyev.

Turalı birinci döyən Cavid Muradov oldu. Onun da, onu qarabaqara izləyən, adamları döyməkdə ona yardım eləyən başqa iki mülki geyimlinin də “əməliyyatçılar” olduğunu biz sonra bildik. “Əməliyyatçı” Muradov Turalı başlanğıcda mənə görə döydü. Tural “əməliyyatçı” polisin mənimlə kobud davranışına dözməyərək qabağa keçdi: “Jurnalistdi, yaşlı adamdı…”. Qabaqca Muradov özü, sonra da “əməliyyatçı” köməkçiləri Turalın üstünə tökülüşüb onu döyməyə başladılar. Bir polis mayoru (Mübariz Qurbanov) məni ikinci qatdakı kabinetlərdən birinə aparıb “izahat” almağa başladı. Sonra ora bizimlə birgə tutulmuş bir gənci – Ramin Balaşovu da gətirdilər. Məni danışdıran polis, sonradan da göründüyünə görə, Yasamal antipolis idarəsinin tək-tük mədəni polislərindən idi.

Ramini danışdıran polis ona öz bildiyi kimi “izahat” yazdırmaq istəyir, Ramin buna boyun qoymurdu. Gerçək polis adına ləkə sayılacaq bu adam Ramini pis-pis söyür, amansızlıqla döyür, bu yolla ondan özünün istədiyi kimi “izahat” almağa çalışırdı. Bu azmış kimi, çox keçmədən  “əməliyyatçı” qrupu ilə Muradov özünü yetirdi. Onlar qolları boyda olan bir uşağı hamılıqla döyməyə girişdilər. Bu yerdə özümü saxlaya bilməyib ayağa qalxdım. Muradov dönüb mənimlə göz-gözə dayandı. “Bəlkə, istəyirsən səni də onun gününə salaq?!”. Biz göz-gözə bir xeyli baxışdıq. Muradov gözünü çəkib dedi: “Sən dövlətə qarşı çıxışlar eləyirsən”. “Mən dövləti sevən adamam”-, dedim. Yasamal antipolisinin başçısı bu yerdə özünün “əməliyyatçı” gizlinini ortaya qoydu: “Yazdıqların qalır!”.

Mənim yazdıqlarım hamıya bəllidir. Ayrıca alaraq bildirmək gərəkir: mən də, mənimlə bir düşərgədə olanlar da – biz hamımız – dövlətimizi sevən kimsələrək. Elə buna görə də illərlə özümüzə, yaxınlarımıza çoxsaylı problemlər yaratmaqla dövlətimizi əliyevçi IŞĞAL rejiminin caynağından qurtarmağa çalışırıq. Biz istəyirik bizim dövlətimiz SOSIAL yönümlü DEMOKRATIK HÜQUQ dövləti olaraq çağdaş dünyanın qabaqcıl dövlətləri sırasına qatılsın. Beləliklə, biz istəyirik Azərbaycan polisi də MILLƏTIN, DÖVLƏTIN polisi olsun, Milləti, Dövləti caynağına keçirmiş bir qrup oğru-quldurun yox!

Muradov “əməliyyatçı” qrupu ilə kabinetləri gəzərək tutulanların döyülməsinə, tutulanlara işgəncə verilməsinə başçılıq eləyirdi. Arada onun gedib rəisə raport verdiyi də sonra bəlli oldu. Düzünə qalsa, rəisə raport verməyə gərək də yox idi: söyüş-qışqırıq səsləri binanı başına götürmüşdü. Aradan bir saat keçmiş biz “Azadlıq” qəzetinin yazarı Əbülfəz Qurbanlının söyüş-bağırtı içində döyüldüyünü eşidib-bildik. 

Indiyədək (əliyevlər dönəmində) öldürülməkdən tutmuş döyülməyədək demokratik jurnalistlərlə bağlı çoxlu sayda cinayət aktı törədilib. Di gəl, bu işlərin birinin də üstü açılmayıb. Əliyevlər rejiminin son akkordları olaraq müxalifətçi jurnalistlərlə indi polis idarələrinin özündə banditizm sərgilənməkdədir. Demokratik düşərgə jurnalistlərini indi polis idarələrində də döyüb-incidirlərsə, bu, Əliyevlərin xalqdan oğurladıqları milyardların, eləcə də onların OĞRU hakimiyyətlərinin qorunması yolunda sonuncu variantlardan sayılmalıdır! Bunlardan soruşmaq gərəkir: oğurladıqlarını, oğru hakimiyyətlərini qorumaq üçün xalqı qırdıran Bin Əli, Mübarək hanı?