Ilham Əliyevin mədəniyyətlərarası dialoqu

Ölkə içində eyni mədəniyyətin daşıyıcısı olan insanlar arasında adi dialoqu məhv edən, vətəndaşları siyasi ayrı-seçkiliyə məruz qoyan, ölkəni özünə sərf edən bir kriteriya ilə “yaxşılara” və “pislərə” bölən, insan haqlarına hörmət etməyən, ictimai sərvətləri şəxsi mülkü kimi idarə edən bir hakimiyyətin mədəniyyətlərarası dialoqdan danışması çox təəccüblüdür…

Onu tənqid edənləri xarici qüvvələrə xidmətdə günahlandıran bir hakimiyyətin rəhbəri kimi Ilham Əliyev görəsən bunun fərqindədirmi?! Bu ölkənin gerçək durumunu ifadə edən istənilən beynəlxalq hesabatı düşmənçilik adlandırıb rədd edənlər nə vaxtdan mədəniyyətlərarası dialoqun tərəfində olublar? “Bizim öz yolumuz var!” deyib, xalqını əzən dövlət başçısı doğrudanmı mədəniyyət və dialoq tərəfdarı olub? Jurnalistləri oğurlayıb onlara hədə-qorxu gələn hakim dəstə nə zamandan dünyanın dərdini çəkməyə başlayıb?

Ümumiyyətlə, Azərbaycan müxalifəti ilə dialoqu özünə rəva görməyən, hamıya yuxarıdan aşağı baxan bir hakimiyyətin nə məqsədlə Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etməsini anlamaq olmur. Normalda belə bir tədbirə ev sahibliyi edən ölkənin vətəndaşı da bu tədbirin onun Vətənində keçirilməsinə sevinərdi. Amma necə sevinəsən? Dinc mitinqçiləri döyüb, sonra da onları şərləyib şüşə qırmaqda ittiham edənlər başqalarına, dünyaya necə səmimi ola bilər?! Ola bilməz!

O tədbirə qatılan xaricilər nə düşünür, bunu bilmirəm. Axı hansı ölkəyə gəldiklərinin fərqində olmalıdırlar. Bəli, Azərbaycanda mədəniyyətlərarası dialoqun ciddi problemləri yoxdur. Çünki heç vaxt olmayıb. Amma Azərbaycanda demokratik bir idarəçilik olsaydı, mədəniyyətlərin dialoqu bundan da yaxşı durumda olardı.
Sual isə başqadır. Bəs bu ölkənin insanlarının harayı necə olsun? Bəlkə yalnız hakim dairələrə yaltaqlıqla baş saxlamaq dünya mədəniyyətinin tərkib hissəsinə çevrilib?! Bəlkə qoca kişini və qadını dinc mitinqdə yerlə sürümək əsl mədəniyyətdir?

Xüsusi qonaq – Çavuşoğlu

AŞ PA prezidenti Mövlud Çavuşoğlu da Mədəniyyətlərarası Dialoq Forumuna qatılmaq üçün Bakıya gəlib. Azərbaycanda ən çox nifrət qazanmış adamlardan biridir. Hətta türk olması ona nifrəti səngitmir. Çox vaxt adi söhbətlərdə Çavuşoğlunun adını çəkmək mümkün olmur, çünki adamlar onun adını dilə almamağı tələb edir. Bircə səbəb var – saxtakar hakimiyyətimizə havadarlığı.

Amma nə fərqi var, Mövlud bəy AŞ PA prezidentidir və Bakıya da çox mötəbər bir tədbirə gəlib. Buyursun əsl dialoqun nədən ibarət olduğunu nümayiş etdirsin. Eynulla Fətullayevi azad etdirsin. Dinc mitinqdə şərlənib tutulanları sərbəst buraxdırsın. Xalqın mitinq etmək hüququnu nümayiş etdirsin…

Yaxşı ki, Mirzə Cəlil bu dövrdə yaşamır!

Bu sözləri yazılarını hər zaman diqqətlə oxuduğum həmkarımız Zamin Hacı deyir. Zamin bəy Mirzə Cəlilin bu dövrdə yaşamadığına sevindiyini də dilə gətirib: “Indiki hökumətin jurnalistlərə münasibəti baxımından deyirəm. Əgər Mirzə ”Molla Nəsrəddin”i indi buraxsaydı, uzağı bir il davam edə bilərdi. Yəqin ki, islah-əmək koloniyasında idi. Onun cibinə ya narkotik atacaqdılar, ya da bir qadın üzünə duracaqdı ki, mənə sataşmısan…”.

Əslində, bu sözlər Nizami Gəncəviyə də aiddir. Hüseyn Cavidə və Üzeyir Hacıbəyova da. Əsl mədəniyyət adamını indiki dövrdə eyni tale gözləyərdi. Təsəvvür edin ki, bu gün Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir, şair Nizami Gəncəvi isə Nizami Rayon Polis Şöbəsinin zirzəmisindədir…