Qarsda türk-erməni dostluğunun şərəfinə bir heykəl ucaldılıb, dünən xəbər gəldi ki, o heykəli rəngləyiblər, kirlədiblər, üstündəki yazılar oxunmaz hala düşüb.
Həmin heykəl Türkiyədə xeyli məşhurdur, səbəbi isə heç də yüksək sənətkarlıqla hazırlanmasında-zadda deyil. Sadəcə, aylar əvvəl abidəyə baş çəkən Ərdoğan onu bəyənməmişdi, haqqında “uçube” demişdi. Uçube – yəni eybəcər.
Bununla da Türkiyə bir-birinə dəymişdi. Bir hökumət başçısının sənət əsərinə belə münasibəti “avtoritarizm görsənişi” kimi qiymətləndirilmişdi. Çox keçməmişdi, məhkəmə heykəlin uçurulmasına qərar vermişdi. Düzdür, bu qərar hələ də yerinə yetirilməyib, amma istənilən halda, türk toplumunun təpkisinin haqlı olduğunu göstərir. Çünki demokratiyanın olmadığı, ya da kövrək olduğu bir ölkədə bir baş nazir hansısa heykəli bəyənmirsə, onu “eybəcər” adlandırırsa, sonda məhkəmə çıxıb həmin heykəli uçurmaq haqqında əlbəttə, qərar verməlidir. Bunu avtoritar zehniyyətlərin mahiyyəti tələb edir: hər şey yalnız bir adamın zövqünü oxşamalı, bir adamın istəyinə uyğun olmalıdır.
Bir başqa heykəl olayı isə Azərbaycanda yaşanır. Təsəvvür edin, Misir diktatoru Hüsnü Mübarəkin xanədanı başına uçurulub, haqqında korrupsiyadan xalqı qanına qəltan etməyədək ən ağır suçlardan cinayət işi açılıb, ev dustağı edilib, amma onun Xırdalandakı heykəlini bu rejim hələ də göz bəbəyi kimi qoruyur. Əlbəttə, hakimiyyətin Mübarəkin heykəlinə bu diqqət-qayğısı heç də sənət sevgisindən irəli gəlmir. Bu heç həmin heykəlin böyük sənətkarlıq nümunəsi olması ilə də bağlı deyil. Səbəb məlumdur: rejim Mübarəkin heykəlini qorumaqla bir növ öz despotik mahiyyətini qoruduğunun mesajını verir hər kəsə. Demək istəyir ki, Mübarək yıxıla bilər, amma bu onların Mübarəkə, Mübarək irsinə, Mübarək yoluna münasibətini dəyişmir. Hakimiyyətin Mübarəkin heykəlinə sadiqliyi əslində, özünə sadiqliyidir, zülmə, ədalətsizliyə, Şərə sadiqliyidir.
Bəs biz də Ərdoğanın təbirincə, indi Mübarəkin, Mübarək kimilərinin heykəllərinə “eybəcər” deyəndə onun kimi avtoritarmı davranmış oluruq? Onun kimi “sənət düşmanlığı”mı etmiş oluruq? Təbii, yox. Çünki bir vaxtlar sənətkarlıq hadisəsi olan, mənəviyyat hadisəsi olan rəhbər heykəlləri indi əzilən xalqların azadlıq mübarizəsinin bir hissəsinə çevrilib. Əsarətdən, köləlikdən, zülmdən qurtulan xalqların ilk işi onları uzun illər sümürən, yağmalayan, tapdayan Şər rejiminin banilərinin heykəllərini yıxmaqdır. Iraqda Səddam Hüseynin heykəlinin boynuna salınan ipi xatırlayın. Bir heykəlin boynuna salınan ip əslində, insanlığın boynunun ipdən azad edilməsi idi.
Üstəlik, heykəllərin insanlardan daha qiymətli tutulduğu ölkədə o heykəllərin yıxılması, uçurulması sənətə qarşı bir aksiya deyil. Tam əksinə, sənətin özünün dirçəlməsinə, ayağa qalxmasına vəsilə olan aksiyadır. Sənətin özünü Şər rejiminin əlində alət, oyuncaq olmaqdan xilas edən aksiyadır.
Bunları indidən ona görə yazdım ki, nə vaxtsa bizdə də bəlli heykəlləri yıxmaq gərəkəndə heç kimin əli əsməsin, heç kimin ürəyində xal qalmasın, heç kim narahatçılıq keçirməsin. Hər kəs əmin olsun ki, bu məhz insanlığın və elə sənətkarlığın, heykəltəraşlığın özünün qurtuluşu naminə lazımdır!
Rüsvayçılığın təzə xanəsi
Dünənəcən nə deyirdilər?
“Azərbaycanda müxalifət yoxdur” deyirdilər…
“Xalq bu müxalifətdən çoxdan üz döndərib” deyirdilər…
“Cəbhədə, Müsavatda üç-beş nəfərdən başqa heç kim qalmayıb” deyirdilər…
Dünənsə baxıram “müxalifətdən kütləvi qopmalar başlayıb” deyirlər. Hər yandaş agentlik, sayt, qəzet bir rəqəm açıqlayır: biri “100-dən çox”, biri “390 nəfər”, digəri “500 nəfərə yaxın” istefadan danışır.
Demək ki, bunların işinə yaramayanda ölkədə yerli-dibli müxalifət olmur. Işlərinə yarayanda isə “müxalifətdən kütləvi istefalar başlayır”.
Nə deyim vallah, bunlar öz-özlərini bu qədər təkzib etməkdən, bu qədər təkzib edə-edə ifşa etməkdən, bu qədər ifşa edə-edə də rüsvay etməkdən zövq alırsa, yolları açıq olsun.
Bunun bizə faydası var ki, zərəri yoxdur.