Dünyaya örnək ölkə?!

Bu ada hər ölkə iddia edə bilməz. Məsuliyyəti var axı. Heç hər ölkə başçısı da özündə cəsarət tapıb bu sözü dilinə gətirməz. Təvazökarlıq məsələsini bir yana qoyaq. Adam ölkəni idarə edir, vətəndaşlarını yaxşı yaşadır, insan haqlarını qoruyur, dövlətin əmlakına gözünün ucuyla da baxmır. Amma bütün bunları vəzifə borcu sayıb qürrələnmir.
Norveç dünyanın ən demokratik dövlətlərindən biridir, amma bu sözü o ölkənin başçısının dilindən eşitməmişəm, bunu başqaları deyir. Ölkənin durumuna, əhalinin yaşayış səviyyəsinə başqaları qiymət verir. Ölkə vətəndaşları üçün bu şəraiti yaradanlar isə susurlar. Elə də fövqəladə iş görmədiklərini düşünürlər. Həm də burda əxlaq məsələsi var. Adam istər prezident, istərsə də sadə vətəndaş olsun, davranışı əxlaqına uyğun olacaq. Azərbaycandakı YAP hakimiyyətində bu baxımdan tam sərbəstlikdir. Kim nə istəyir danışır, sözün məsuliyyəti haqda düşünmək belə ağıllarına gəlmir. Məsələn, o gün YAP-çı gənclərdən birini danışdırırdılar. Azərbaycanda sərbəst toplaşmaq azadlığının olduğunu deyən bu gənc Əli Kərimlinin evinin qarşısında keçirdikləri aksiyaya polis kardonunu yararaq gəldiklərini bildirir. “Sərbəst toplaşmaq azadlığı” və “polis kardonunu yarmaq” sözləri bir cümlədə işlədilir. Maraqlıdır ki, dünən başqa gənclərin Əli Kərimliyə dəstək üçün onun yaşadığı binanın qarşısında keçirdiyi aksiyaya polis müdaxilə edib və 3 gənci tutaraq bölməyə aparıb…

Başqa biri, YAP Gənclər Birliyinin sədri Seymur Orucov AXCP sədrinin evi qarşısında keçirilən aksiyanın həm təşkilatçısı olduqlarını deyir, həm də bunu boynundan atır. Bu tip açıqlamalar YAP-ın yuxarı eşelonunda da tez-tez səsləndirilir. Siyavuş Novruzov, Əli Əhmədov, Mübariz Qurbanlı, Aydın Mirzəzadə, Hadı Rəcəbli və başqaları gündə bir söz deyir, şəraitə və verilən tapşırıqlara uyğun olaraq dünən dediklərini bu gün danırlar. Belə mövqe dəyişkənliyinin səbəblərinə nəhayət, dünən Ilham Əliyev aydınlıq gətirib.
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edən YAP sədri I.Əliyev Azərbaycanı “dünyaya örnək olacaq ölkə” adlandırıb. “Azərbaycanda hər kəs bir ailə kimi yaşayır. Burada milli və dini zəmində nəinki qarşıdurma, hətta anlaşılmazlıq belə olmayıb. Hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyin təmin olunması ilə bağlıdır. Biz Azərbaycan dövləti olaraq, buna üstünlük veririk ki, Azərbaycanda milli və dini dözümlülük təmin olunsun. Azərbaycan bu formatda dünyaya örnək ola biləcək ölkələrdən biridir…”. Bu çıxışı oxuyandan sonra sıravi YAP-çılara, YAP-çı gənclərə, hətta yuxarıda adını çəkdiyim şəxslərə hörmətim artdı. Onlar insaflı açıqlama verir. Danışdıqları sözün məsuliyyətini az da olsa dərk edirlər…

Göyçayın Çərəcə kənd sakiniÿ Urfan Bədirovun “Azadlıq” radiosuna dedikləri Ilham Əliyevin öyündüyü “Azərbaycan ailəsi” və “dini dözümlülük” haqda yaxşı təsəvvür yaradır:  “…Polisdə saqqalımı da qırxdılar, dedilər səni həftədə bir dəfə yoxlayıb saqqalını qırxacağıq”.ÿ

Urfan Bədirovun bu şikayəti Ilham Əliyevin çıxışı günü radionun saytında yerləşdirilib…

Tədbirə dəxli olmasa da, 900 min iş yeri açmasından danışan I.Əliyev Azərbaycan təcrübəsinin dünyada yayılmasını istədiyini deyib. Həm də deyib ki, dünyada dözümlülük artırılmalıdır. Allahın millətlərə yazığı gəlsin ki, bu tədbirə qatılan xaricilər Azərbaycan dövlət başçısının dediklərini elə burada yaddan çıxarsınlar. Dözümlülükdən danışan ölkə vətəndaşlarının haqlı etirazına, insan haqlarına, söz və sərbəst toplaşmaq azadlığına əməl olunması tələblərinə dözümsüz yanaşan, müxalif fikirliləri düşmən sayan, onları polislərin gücüylə susdurmağa çalışan, türmələrə salan bir rejim başçısıdır.
Daha YAP-çı gəncin nəyini qınayasan?!