Nazir Əli Kərimlinin evi qarşısındakı aksiyalardan və mitinqçilərin döyülməsindən xəbərsiz olduğunu deyib
İnsan Hüquqlarını Müdafiə Təşkilatları Monitorinq qrupunun üzvləri aprelin 6-da daxili işlər naziri Ramil Usubovla görüşüb. Görüşdə ölkə vətəndaşlarının 2 aprel mitinqi və onun nəticələri, ölkədəki kriminogen durum, mitinq iştirakçılarına, jurnalistlərə qarşı zorakılıqlar müzakirə edilib.
Görüş iştirakçılarından hüquq müdafiəçisi Novella Cəfəroğlunun “Turan”a verdiyi məlumata görə, hüquq müdafiəçiləri Nəsimi, Səbail, Yasamal polis bölmələrində saxlanılan aksiya iştirakçılarına qarşı polis zorakılığı və işgəncələr barəsində nazirə məlumat veriblər.
Hüquq müdafiəçiləri aksiya ərəfəsində və ondan sonra bütün həbs olunanların azad edilməli olduğunu deyiblər. Bundan əlavə, AXCP sədri Əli Kərimlinin yaşadığı evin qarşısında icazəsiz aksiya keçirilməsi, polisin isə buna mane olmaması da nazirin diqqətinə çatdırılıb.
Qarşıdurmadan uzaq olmaq üçün, hüquq müdafiəçiləri müxalifətə aksiya üçün qəbul edilən yerlər ayrılmasını təklif ediblər.
Görüşdə AXCP Ali Məclisini sədri Həsən Kərimovun səhhəti, narkotik ittihamı ilə şərlənərək həbsə alınan Cabbar Savalanın məsələsi də müzakirə edilib.
Öz növbəsində, nazir polis bölmələrində aksiya iştirakçılarına işgəncə verilməsi faktlarının araşdırılacağını söyləyib.
Əli Kərimlinin yaşadığı evin önündə keçirilən aksiyalara gəlincə, bu barədə məlumatı olmadığını və bu aksiya haqqında nazirliyə məlumat verilmədiyini söyləyib. Jurnalist Ramin Dekoya qarşı yol verilən zorakılığa toxunan daxili işlər naziri bu haqda mətbuatdan xəbər tutduğunu nəzərə çatdırıb və “bu işin mahiyyətini bilmədiyini” deyib.
Aksiya keçirilməsi üçün normal yer ayrılması ilə bağlı təklifə gəlincə, nazir bu məsələnin onun səlahiyyətində olmadığını qeyd edib.
Cəfəroğlu həmçinin bildirib ki, 10-15 gün sonra nazirlə daha bir görüş keçiriləcək.
Usubovun ictimaiyyəti yeni etiraflarla təəccübləndirəcəyini gözləmək olar.