Region QHT-ləri İlham Hüseynlinin müdafiəsinə qalxdı

Qazaxıstan, Türkmənistan, Ukraynanın vətəndaş cəmiyyətinin üzvləri Azərbaycandakı repressiyanı pislədilər

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin  üzvü, vətəndaş cəmiyyətinin fəal təmsilçilərindən olan İlham Hüseynlinin həbsi region QHT-lərinin də etirazəna səbəb olub. Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının informasiya xidmətindən daxil olan məlumata görə, bu günə qədər Qazaxıstan, Türkmənistan və Ukraynanın vətəndaş cəmiyyətinin üzvləri İlham Hüseynlinin həbs olunmasına etraz bildirib, onun azadlığa buraxılmasını tələb ediblər.  Etiraz bəyanatları bu gün də daxil olub. Onlardan Qazaxıstanın “Arlan” təşkilatı adından Maks Bokayev, “Zaman” təşkilatı adından Asel Nurqaziyeva, “Kaspi Tabiqatı” cəmiyyətinin adından Maxambet Xakimov,  Qazaxıstanın “Neft gəlirləri cəmiyyətin nəzarətinə verilsin” QHT Koalisiyası adından Janar Candosova,  “Demos” təşkilatı adından Toqjan Kizatova xüsusi bəyanatla çıxış edərək İlham Hüseynlinin həbsini pisləyib, Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyəti üzvlərinə qarşı apardığı repressiyalara son qoymağa çağırıblar. Bundan başqa regionun tanınmış QHT nümayəndələrindən olan Oleq Peçenyuk da İlham Hüseynlinin həbsinə etiraz bildirib. Bəyanat müəllifləri Azərbaycanda gedən prosesləri diqqətlə izlədiklərini, aparılan həbslərə ürəkağrısı ilə yanaşdıqlarını da vurğulayıblar.