Qəzzafidən absurd təklif

Liviya diktatoru törətdiyi qətliamdan sonra hakimiyyətdə qalmağı və islahatlar keçirməyi təklif edir

Liviyada Müəmmər Qəzzafi rejiminə qarşı hərbi əməliyyatlar davam edir. NATO-ya məxsus qırıcılar Breqa şəhəri ətrafında hökumət qüvvələrinin mövqelərinə zərbələr endirib. “Reuters” agentliyinin yaydığı məlumata görə, dünən səhər saatlarında endirilən zərbələr nəticəsində Qəzzafiyə bağlı silahlıların ən azı, 2 kiçik yük avtomobili və hərbi maşını sıradan çıxıb.
Son günlər NATO aviasiyası Breqada hava şəraiti və diktatora bağlı qüvvələrin hədəflərinin aşkarlanmasının çətinliyi üzündən fəallığını xeyli azaltmışdı. Şəhərin əksər hissəsi və əsas limanı müxalifətin nəzarətindədir. Hökumət qüvvələri isə şəhərin bir neçə məhəlləsini nəzarətdə saxlayır.
Liviya müxalifəti Qəzzafi rejiminə qarşı beynəlxalq koalisiyanın bu ölkədə quru əməliyyatının əleyhinə olduğunu açıqlayıb. Milli Keçid Şurasının rəsmi nümayəndəsi Əli Avcali bəyan edib ki, müxalifət Liviyada xarici hərbi qüvvələrin quru əməliyyatlar keçirməsini istəmir: “Biz özümüz Qəzzafi ilə məsələni həll etməyə qadirik. Bizə əvvəlki kimi, koalisiyanın aviazərbələri və təchizat yardımı lazımdır”.

İngiltərədən üsyançılara yardım

Rəsmi London dinc əhalinin müdafiəsi və humanitar ehtiyacların ödənilməsi üçün Liviya müxalifətçilərinə qeyri-hərbi təchizat göndərmək qərarına gəlib. Bu barədə Ingiltərənin xarici işlər naziri Uilyam Heyq məlumat verib.
“Liviya Milli Keçid Şurasının kommunikasiya avadanlığına olan kəskin ehtiyacını nəzərə alaraq, biz onları bu tipli avadanlıqlarla təmin etmək barədə qərar qəbul etmişik”, – deyə nazir bildirib.

Diktator və üsyançılar atəşkəsə hazırdır

Bu arada, Qəzzafi rejimi və müxalifəti BMT baş katibinin xüsusi elçisinə atəşkəs rejiminə əməl etməyə hazır olduqlarını bildiriblər. BMT baş katibi Pan Gi Munun Liviyadakı xüsusi nümayəndəsi Əbdülillah Xətibin sözlərinə görə, Tripolidə Xalq Komitəsinin sədri (baş nazir) Əl-Bağdadi əd-Mahmudi, Benqazidə isə Milli Keçid Şurasının sədri Mustafa Əbdül-Cəlillə görüşüb. Görüş zamanı iqtidar nümayəndəsi atəşkəs rejiminə hazır olduqlarını bildirib.
“Milli Keçid Şurasının sədri də bildirdi ki, əgər qarşı tərəf atəşi kəssə və müxalifətin əlində olan şəhərlərin mühasirəsinə son qoysa, onlar da atəşkəsə hazırdılar”, – deyə Xətib söyləyib.

Qəzzafi seçkilərə və referenduma razılıq verdi

Bundan başqa, Qəzzafi rejiminin təmsilçisi Musa Ibrahim iqtidarın dünya dövlətlərilə ölkədəki siyasi böhranın tənzimlənməsi yollarını müzakirə etməyə hazır olduğunu söyləyib. Onun sözlərinə görə, hakimiyyət siyasi sistemdə islahatlar aparılmasını, seçki və ya referendum keçirilməsini müzakirə etməyə hazırdır.

Üsyançılardan diktatora növbəti zərbə

Liviya 3 həftəlik fasilədən sonra ilk dəfə yenidən neft ixracına başlayıb. Ancaq ixracatçı Qəzzafi rejimi deyil, həftələrdir diktatora qarşı savaşan müxalifətdir. Müxalifət qruplarının Tobruk şəhəri yaxınlığındakı limana lövbər salmış bir tankerə neft yükləməsi barədə məlumatlar yayılıb. “Reuters” agentliyi tankerin Misirin Marsa əl Xariqə limanına çatdığını bildirib. Benqazi şəhərində üsyançıların formalaşdırdığı müvəqqəti hökuməti tanıyan Qətər dövləti müxalifətin nəzarətində olan bölgələrdən ixrac olunan neftin qəbul ediləcəyini açıqlayıb.

İnformasiya şöbəsi