İnqilab havası bölgələrə sıçradı

Gədəbəydə divarlara siyasi şüarlar yazılıb; Yardımlı küçələrində mitinqə çağıran maşınlar şütüyüb

Bakıda bir neçə dəfə sınaqdan çıxarılmış divarlara siyasi şüarların yazılması artıq bölgələrə da yayılıb. Aprelin 6-ı Gədəbəydə sakinlər divarlarda belə siyasi şüarların yazıldığını görüblər: “Demokratiya”, “Azadlıq”, “İlham İstefa”, “Həqiqi Parlament”, “Azad mətbuat”, “Diktaturaya son”, “Müstəqil məhkəmə”.
Şüarları kimin yazdığı bəlli deyil.
Rayon rəhbərliyi şüarlardan xəbər tutan kimi onların üstünü boyatdırıb.
Şüarların fotolarını “Azadlıq” radiosu yayımlayıb.

***

“Azadlıq” qəzetinə oxşar hadisənin Yardımlıda da baş verdiyi haqda məlumat daxil olub. Rayondan alınan xəbərə görə, 10 nəfər rayon sakini təşəbbüs qrupu yaradaraq işsizlik və korrupsiya problemləri ilə əlaqədar aksiya keçirmək üçün İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndəriblər. Onlar aksiyanı aprelin 9-na təyin ediblər. Aprelin 6-da isə rayonda bir neçə avtomobil qabaq şüşələrində “Hamı 9 aprel aksiyasına!” şüarları yazılmış plakatlarla hərəktə ediblər. Bunu görən polis aksiyaya təşəbbüs göstərənlərdən birini – Kərəm Şabiyevi həbs edib. Sonra onu məhkəməyə aparıblar və ictimai asayişi pozma ittihamı ilə 3 sutka həbs inzibati cəzası veriblər.