2 aprel mitinqindən sonra fəal gənclərə qarşı təzyiqlər artıb
İctimai Palatanın aksiyasından sonra bölgələrdən təzyiqlər, təqiblərlə bağlı xəbərlər gəlir. Müxalifət partiyalarının üzvləri polisə çağırıldıqlarını, onlara hədə-qorxu gəlindiyini bildirirlər (“Azadlıq” radiosu).
Məsələn, Neftçaladan Müsavat Partiyası üzvü Abbasağa Şəkiyev deyir ki, 2 aprel mitinqindən sonra altı gənci polisə çağırıblar. Onların aksiyada iştirak etmələrinin səbəbi ilə maraqlanıblar.
Müsavat Partiyası Ağcabədi rayon təşkilatındansa deyirlər ki, onların üzvlərinə, hətta keçmiş üzvlərinə də təzyiqlər var. Onlara partiyadan çıxmaları təklif olunur.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mənsurzadə isə müxalifətçilərə təzyiqlərlə bağlı deyilənləri təkzib edib.
«BUNLARIN MƏQSƏDİ ODUR Kİ, MƏNİ UNİVERSİTETDƏN QOVDURSUNLAR»
Bakı Dövlət Universitetinin müxalifətçi tələbəsi Cavid Mehrəliyev də təzyiqlərlə üzləşdiyini iddia edir. Tələbə söhbətə ondan başlayıb ki, son aksiyadan sonra üç gün ac-susuz saxlanma kamerasında qalıb: «Nə anamla görüşə icazə verdilər, nə vəkillə. Bizi pis halda saxlayırdılar. Havasızlıq idi, psixoloji təzyiq edirdilər. Ac saxladılar. İstəyirdilər ifadə verim ki, 23 avtomobilə ziyan vurmuşam, avtobusun şüşələrini sındırmışam, polis vurmuşam və sairə… »
Cavid Mehrəliyevin sözlərinə görə, beynəlxalq qurumların bəyanatlarından sonra azad buraxılıb. Amma bu dəfə də prorektor və dekan onu çağırıb sorğu-suala çəkiblər. «Universitetdə məni danlayırlar ki, sənə demişdik mitinqə getmə, niyə gedirsən. Dedim ki, mən universitetin daxilində çağırış etməmişəm, daxili nizam-intizama əməl etmişəm. Çöldəsə öz işimdir. Müstəntiq kimi sorğu-sual elədilər. Soruşdular ki, niyə mitinqə gedirsiniz? Dedi ki, Amerikanın agentlərisiz- filan. Bu gün də dərsə getdim, dərsdə ola-ola qayıb yazdılar. «Starosta» deyir ki, mənə belə deyiblər. Sonra dekan müaviniylə danışdım. O da eyni cavabı verdi. Bunların məqsədi odur ki, məni universitetdən qovdursunlar».
Cavid Mehrəliyev tarix fakültəsində, üçüncü kursda oxuyur. Dediyinə görə, onu indiyə kimi iki dəfə universitetdən qovublar.
Tələbə Klassik Xalq Cəbhəsi Partiyasının üzvüdür.
Universitetin tarix fakültəsinin dekanı Sani Hacıyev isə deyilənlərin doğru olmadığını söyləyib. O «tələbə dərsə gələ-gələ necə qaib yazmaq olar» deyə sual edib. Amma tələbə ilə söhbət etdiyini, hətta universitetdən çıxarılma təhlükəsi olduğunu da bildirib: «Mən ona izahat verdim ki, fevraldan dərslərə girməmisən, 158 saat qaibin var və buna görə sən xaric olunursan. Özü də etiraf etdi, dedi ki, Türkiyədə olub. Mən ona dedim ki, sən ol mənim yerimə, qaydaları da bilirsən, bu qədər qaiblə səni çıxardacaqlar. Onda da adını belə qoyacaqlar – mitinqdə iştirakına gərə xaric olundu».