Hüsnü Mübarəkə rahatlıq yoxdur

Hərbi Şura ev dustağı olan eks-prezidentin varidatını araşdıracaq komissiya yaratdı

Xalqın etirazları qarşısında 17 günlük dirənişdən sonra 30 illik hakimiyyətindən əl çəkməli olan Hüsnü Mübarək çətin günlərini yaşayır. Ölkədən çıxışı qadağan olunan və barəsində ev dustaqlığı qərarı çıxarılan Mübarəkə qarşı növbəti kampaniya başlanıb.
Misirin müvəqqəti idarəçiliyini həyata keçirən silahlı qüvvələrin komandanlığı eks-prezidentin gerçək varidatının hesablanması üçün xüsusi araşdırma komissiyasının yaradılması haqda göstəriş verib. Həmin komissiyaya Mübarəkin və ailəsinin ölkənin daxilində və xaricindəki daşınmaz mülklərinin siyahısını hazırlamaq, bank hesablarının aşkarlanması tapşırılıb.
Hərbi Şuranın yaydığı açıqlamada bildirilir ki, ədliyyə nazirinin köməkçisi Məhəmməd əl Qoharinin başçılıq edəcəyi komissiyanın əsas məqsədi Misir vətəndaşlarının Hüsnü Mübarək və ailə üzvlərinə qarşı qaldırdıqları məhkəmə iddialarıyla bağlı istintaqın şəffaflığına nail olmaqdır.

İnformasiya şöbəsi