«Bu yolu seçəndə onun həbsxanalardan, müxtəlif məhrumiyyətlərdən keçəcəyini bilirdim»
Fuad Qəhrəmanlı: «Önəmli olan bundan sonra apardığımız mübarizənin önündə yer almağım, prinsiplərimiz uğrunda mübarizə aparmağımdır»
Cinayət Məcəlləsinin 233-cü maddəsi (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ilə ittiham irəli sürülən AXCP sədrinin müavini Fuad Qəhrəmanlının siyasi fəaliyyəti ciddi şəkildə məhdudlaşdırılıb. F.Qəhrəmanlı qəzetimizə açıqlamasında bildirdi ki, hələ bir müddət onun fəaliyyəti polis nəzarətində olacaq. F.Qəhrəmanlı ilə söhbətimizə onu polisin hansı şəraitdə saxladığına aydınlıq gətirməklə başladıq:
– Aksiya başa çatdıqdan sonra məni həbs etdilər. Bu, aksiyanın sonunda mitinqin yekunlarına dair mətbuat nümayəndələrinə açıqlama verərkən baş verdi. Mən açıqlamamda bildirirdim ki, əslində aksiyaya imkan yaratmamaqla hakimiyyət ölkədə siyasi proseslərin dinc məcrada inkişafında maraqlı olmadığını göstərir. Nəticədə isə ölkədə siyasi gərginlik artır ki, buna görə də məsuliyyət hakimiyyətin üzərinə düşür. Sözlərimi yekunlaşdırdıqdan dərhal sonra ətrafdakı polislər üzərimə gəldi və məni həbs etdilər. Həbsimdən sonra məni Xətai rayon 37-ci polis bölməsinə apardılar.
– Bölmədə saxlanma şəraitiniz və sizə qarşı rəftar necə idi? Sizinlə yanaşı bölmədə kimlər saxlanılırdı?
– Mənim tanıdığım aksiya iştirakçılarından Mirzə Sakit və Elman Türkoğlu da həmin bölmədə idi. Ümumilikdə bölmədə 6 nəfər aksiya iştirakçısı var idi. Orada heç kimə qarşı zor tətbiq olunmadı. Bu, təkcə mənimlə bağlı olan məsələ deyil. Heç birimizi döymədilər. Əksinə, bizə təklif olundu ki, məhkəmə-tibbi ekspertizadan keçək.
“İstər azadlıq olsun, istər həbsxana”
– Fuad bəy, siz üzərinizdən 315.1-ci maddə (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) götürüldükdən sonra azadlığa buraxıldınız. Bu hadisə bəzi suallar doğurur. Niyə məhz siz?
– Niyə azadlığa buraxıldığımla bağlı suala yalnız öz ehtimallarıma əsasən cavab verə bilərəm. Çünki konkret müəyyənləşmiş fikir yoxdur. Mənə sadəcə bildirildi ki, həbs-qətimkan tədbiri dəyişdirilib. Burada azadlığa tam buraxılmaqdan söhbət getmir. Burada nisbi azadlıq var. Mən təqsirləndirilən şəxs kimi cinayət məsuliyyətinə cəlb olunmuş sayılıram. Çünki üzərimdə cinayət işi var. Istintaqın gedişində Abşeron rayonundan çıxmamaq şərti ilə polis nəzarətində olacam. Fəaliyyətim sırf polis nəzarəti altında olacaq. Əslində mənim hazırkı azadlığım tam siyasi fəaliyyətlə məşğul olmağa imkan vermir. Hazırda mən siyasi fəaliyyət imkanlarından məhrum olunmuş vəziyyətdəyəm. Digər tərəfdən, ola bilsin, mənim azadlığa buraxılmağımda məqsəd o olub ki, diqqət həbslərdən başqa məsələlərin üzərinə yönəlsin. Məsələn, nəyə görə aksiyada həbs olunan başqaları içəridədir, amma Fuad Qəhrəmanlı azadlığa buraxılıb kimi. Bunun üzərində bir polemika açılsın və müəyyən ziddiyyətli məqamlar axtarılsın. Bu, müxalifətdaxili münasibətlərdə konfliktin yaradılması cəhdi də ola bilər. Amma bu mənim şəxsi ehtimalımdır. Digər tərəfdən, bu elə prosesdir ki, burada kimin şansına nəyin düşdüyü məsələsi var. Tutalım aksiyada mənimlə birlikdə fəallıq edən insanlar var idi. Onlar həbs olunmadı, mən saxlanıldım. Amma məndə sual yaranmadı ki, niyə görə onlar yox, mən həbs olundum. Hesab edirəm ki, eyni zamanda həbsdə olan şəxslərdə də sual yaranmır ki, niyə bizi yox, Fuadı azadlığa buraxıblar. Heç bir halda bu məsələ ilə bağlı qərar vermək bizim səlahiyyətimiz çərçivəsində deyil. Nə həbs edəndə, nə də bizi buraxanda rəyimizi öyrəniblər. Digər tərəfdən, hələ bilmək olmaz, prosesin sonunda azadlıqda qala biləcəyikmi. Başqa bir ehtimala görə, azadlıqda mənə müəyyən təhlükələr yarada bilərlər. Hazırda AXCP sədri Əli Kərimliyə yaxın olan insanlara qarşı fiziki təzyiqlər, başqa təsir mexanizmləri tətbiq olunur. Bəlkə də içəridə təhlükəsizliyim daha yaxşı təmin oluna bilərdi. Ona görə nəyin necə olacağını, proseslərin hansı istiqamətdə gedəcəyini bilmək olmaz. Amma mənim üçün heç bir fərqi yoxdur. Istər azadlıq olsun, istər həbsxana. Mən iyirmi üç yaşında “Müxalifətin mitinq taktikası” yazısına görə il yarım, ondan sonra dəfələrlə qısa müddətli həbslərdə olmuşam. Biz bu yolu seçəndə onun həbsxanalardan, müxtəlif məhrumiyyətlərdən keçəcəyini bilirdik. Bu bizim üçün təsadüfi seçim deyil. Əslində önəmli olan mənim bundan sonra apardığımız mübarizənin önündə yer almağım, prinsiplərimiz uğrunda mübarizə aparmağımdır.
“İttihamlar siyasi məqsəd daşıyır”
– Hərəkətin konkret olaraq Abşeron rayonu ilə məhdudlaşması üçün vəsatətin nəticəsi necə oldu?
– Biz bununla bağlı vəsatət təqdim etmişik. Orada vurğulanır ki, mənim övladlarım Bakı şəhərində təhsil alır və iş yerim də Bakı şəhərindədir. Ona görə mənim Abşeron rayonu çərçivəsində fəaliyyətimin məhdudlaşdırılması həyat şərtlərimə uyğun deyil. Müstəntiq bildirdi ki, məsələ ilə bağlı məruzə olunacaq və qərar qəbul ediləcək. Bu qərardan sonra mənə qarşı polis nəzarətinin forması məlum olacaq.
– İrəli sürülən ittihamlarla bağlı mövqeyinizi bilmək istərdik?
– Mənim və Tofiq Yaqublunun, Fikrət Cəfərovun, Əli Cəfərovun imzası ilə “Nərimanov” kinoteatrı qarşısında Ictimai Palatanın aksiya keçirməsi ilə bağlı müraciət olunmuşdu. Burada mitinqin keçirilməsinə icazə verilmədiyinə görə təşkilatçı kimi bizim rolumuz da aradan qalxır. Aprelin 2-də aksiya Ictimai Palatanın qərarı ilə keçirilib. Ona görə biz konkret hüquqi baxımdan təşkilatçı sayıla bilmərik. Bizim təşkilatçı kimi cinayət məsuliyyətinə cəlb olunmağımız hüquqi baxımdan əsassızdır və siyasi sifariş məqsədi güdür. Həm də ittihamın özü absurddur. Çünki aksiya dinc xarakter daşıyıb və aksiya zamanı hər hansı zorakılığa yol verilməyib. Bizdə olan məlumata görə, zorakılığı hakimiyyətin təşkil etdiyi şəxslər ediblər. Aksiya zamanı bəzi mağazaların şüşələrini sındırıblar. Həmin şəxslərdən birinin şəkli çəkilib, onun barəsində tədbir görülməsi polisdən istənilsə də buna reaksiya verilməyib. Bu onu göstərir ki, hakimiyyət zor tətbiq etmək məqsədi ilə bu cür hallara yol verib. Bundan başqa, polis işçilərinə təlimatlar verilib ki, onlar guya xəsarət aldıqları ilə bağlı ifadə versinlər. Əslində isə aksiya zamanı mitinqçilər heç bir zorakılıq etməyib. Əksinə zorakılıq elementlərini hakimiyyət təşkil edib. Burada da məsuliyyət müxalifətin üzərinə atılaraq gələcək siyasi repressiyalar üçün zəmin yaradılmasına çalışılır. Ictimai asayişin pozulmasına görə cinayət işinin qaldırılması əsassızdır. Aksiya beynəlxalq və yerli jurnalistlərin gözü önündə baş verib. Hakimiyyət sərbəst toplaşmaq azadlığına məhdudiyyət qoymaqla, insanları zor yoluna sürükləməklə siyasi qarşıdurmalar üçün əsas yaradır. Buna görə də məsuliyyət hakimiyyətin üzərinə düşür. Burada ittiham olunası tərəf varsa, o da Azərbaycan hakimiyyəti və onun beynəlxalq normalara, insan haqlarına olan münasibətidir.
“Aprelin 2-də hakimiyyətin təşvişi bir qədər də artdı”
– Aprelin 2-dəki aksiyada zorakılığa yol verilməsi nəyin görsənişi idi?
– Hər dəfə aksiyalar zamanı zorakılığa yol verilir, amma həqiqətən də bu dəfə zorakılığın səviyyəsi artıq oldu. Hətta cinayət işinin qaldırılmasına qədər gedib çıxıldı. Bu onunla bağlıdır ki, hakimiyyətin aprelin 2-də təşvişi bir qədər də artdı. Hakimiyyət anladı ki, cəmiyyətdə ciddi inqilabi ovqat var. Cəmiyyət ciddi demokratik dəyişikliklər istəyir. Ona görə hakimiyyət bu cür repressiyalarla insanların gözünü qorxutmağa çalışır. Amma hesab edirəm ki, bu cür metodlar səmərə verən deyil. Çünki dünyanın başqa ölkələrində bundan da qatı zorakılıqlara yol verilib. Amma bu, avtoritar rejimləri xilas, insanları arzularından imtina etməyə yetməyib. Bu dəyişikliklər artıq bir zərurətə çevrilib. Insanlar demokratik dəyişiklikləri həyat tərzi sayır. Əksinə repressiyalar cəmiyyətdə radikalizmə, qarşıdurmaya rəvac verir. Bu cür metodlar ilk növbədə ona yol verənlərə risk törədir və toplum üçün fəsadlar yaradır. Ən optimal yol zorakılıqdan imtina olunması və dəyişikliklər tələbinə ciddi yanaşılmasıdır.
Xəyal