Cəlilabaddakı faciənin ölkəni titrədən təfərrüatları

Ölən şagirdin atası həkimləri, ittiham olunan şagirdin anası yerli hakimiyyəti suçladı

Həsən Həsənli: «Oğlum sağ idi. Yalvardım, yaxardım, ləng tərpəndilər, ona qan köçürmədilər. Uşağım qucağımda öldü»

Əsli Abıyeva: «Guya oğlum gəlib evdən bıçaq götürüb. Mən evdə olmuşam, oğlum evə gəlməyib»

AXCP Cəlilabad şöbəsinin sədri Təzəxan Mirələmlinin ailəsi aprelin 5-də baş verən hadisədən sonra ciddi təzyiqlərə məruz qalıb. AXCP funksionerinin ailəsi təzyiqlərin daha da şiddətləndiyini görüb gecə ikən rayonu tərk edərək Bakıya gəlmək məcburiyyətində qalıb.

“Oğlum evə gəlməyib, bıçağı ora kim gətirib bilmirəm”


Təzəxan Mirələmlinin xanımı Əsli Abıyeva aprelin 5-də Cəlilabadda baş verən hadisə ilə bağlı “Azadlıq”a bunları deyib: “Yoldaşımın aprelin 2-də mitinqə gəlməsi, onun mitinqdə döyülməsini bütün rayon danışırdı. Mən də bir az narahat olduğuma görə uşaqları aprelin 4-ü dərsə göndərmədim. Onlar aprelin 5-i dərsə getdilər. Dərsdə uşaqlardan biri Vasifi söyüb. Söz atıb ki, sənin atan mitinqə gedir, onu mitinqdə döyüblər, şəkli qəzetlərdə gəzir. Buna görə də, uşaqların aralarında mübahisə yaranıb. Həmin uşaq da gedib qardaşını gətirib, tökülüşüblər mənim oğlumun üstünə. Uşağı döyüblər, pis günə qoyublar. Bunu müəllim də görüb. Əvvəlcə gəlib uşaqları ayırıb, sonra da qayıdıb dərsə. Oğlumu uşaqlar çıxarıblar məktəbin həyətində də döyüblər. Deyirdilər ki, guya oğlum gəlib evdən bıçaq götürüb. Bizim evlə məktəbin arası uzaqdır, ikincisi də, mən evdə olmuşam oğlum evə gəlməyib. Amma onların evi məktəbə yaxındır. Bıçağı ora kim gətirib bilmirəm”.

“Bütün rayonda bizə qarşı hazırlıq işləri gedirmiş”

Vasiflə eyni sinifdə oxuyan qardaşı Vahid də bildirib ki, mübahisə əvvəlcə Vasiflə sinif yoldaşı Həmid Həsənli arasında düşüb. Vahidin dediyinə görə müəllim onları ayırsa da, sinifdə saxlamayıb: “Məni və digər uşaqları sinifə saldı, qoymadı çölə çıxaq. Ancaq Vasiflə Həmidi içəri salmadı. Həmid də gedib qardaşı Cavanşir Həsənlini çağırıb. Cavanşir də öz sinif yoldaşlarını yığıb düşüblər qardaşımın üstünə. Bıçaq mənim qardaşımda olmayıb, onlar tərəfindən gətirilib”.
Əsli Abıyevanın sözlərinə görə, hadisədən təxminən yarım saat sonra xeyli sayda adamı onların evinin qabağına yığıblar: “Necə olur ki, hadisədən yarım saat sonra bu qədər adam bizim evin qabağına yığışır? Əksəriyyəti də, orta məktəb müəllimləri idi. Bu əvvəlcədən hazırlanmış hadisəydi. Evin qabağına yığışıb müxalifətin, Əli Kərimlinin, Təzəxanın əleyhinə şüarlar qışqırırdılar. Sonradan öyrəndik ki, hadisədən bir gün qabaq bütün rayonda bizə qarşı hazırlıq işləri gedirmiş. Bizim belə bir bəlaya düşəcəyimizdən xəbərdarmışlar. O uşaqları da hazırlayıbmışlar. Onların valideynlərində bir günah görmürəm. Onlar da mənim kimi anadır. Onların da uşaqlarını öyrədiblər, öyrədən var”.

“Polislər deyirdilər ki, sizin nə haqqınız var Azərbaycanda yaşayırsınız”

Əsli Abıyeva bildirib ki, polislər onların yaşadıqları evə gəlib Azərbaycandan çıxmağı tələb edirdilər: “Mülki geyimli adamlar, polislər gəlib deyirdilər ki, sizin nə haqqınız var Azərbaycanda yaşayırsınız, rayondan çıxın gedin. Səbəb kimi də, onu göstərirdilər ki, Təzəxan cəbhəçidir, mitinqdə iştirak edib. Bunlara dözə bilməyib gecəylə evdən çıxıb Bakıya gəldik”.
Əsli xanım əlavə edib ki, artıq onlar Cəlilabadda yaşaya bilməzlər: “Bizə qarşı təzyiqlər səngiməyəcək. Bu təxribatı təşkil edənlər, iki yeniyetmə uşağın faciəsinə səbəb olanlar, bizə Cəlilabadda yaşamağa imkan verməyəcəklər. Növbəti təxribatların, faciələrin qurbanı ola bilərik. Ona görə də Bakıya köçmək niyyətindəyik”.

Cavanşir Həsənli həkimlərin məsuliyyətsizliyi üzündən ölüb

Bu arada bəlli olub ki, dünyasını dəyişən Cavanşir Həsənlinin həyatı xilas edilə bilərmiş. Yeniyetmə həkimlərin ləng və məsuliyyətsiz hərəkətləri üzündən ölüb. Bu faktı Cavanşir Həsənlinin atası Həsən Həsənli də təsdiq edib. O, “Yeni Müsavat” qəzetinə açıqlamasında bildirib ki, oğlu heç də xəstəxanaya aparılarkən yolda keçinməyib, o xəstəxanaya yerləşdiriləndən sonra hələ yarım saat həyatda olub: “Oğlum qan itirirdi. Mən xəbəri eşidib çatanda o, hələ sağ idi. Yalvardım, yaxardım, “uşağın həyatını xilas edin” dedim, ləng tərpəndilər. Sinif yoldaşları qan verdi, amma qanı ona köçürmədilər. Uşağım qucağımda öldü”.
Rayon xəstəxanasının baş həkimi Valeh Məmmədov isə deyib ki, Cavanşir Həsənli xəstəxanaya gətirilərkən ağır vəziyyətdə olub, çox qan itiribmiş, can verirmiş, ona görə də yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.
Xəstəxananın reanimasiya şöbəsinin müdiri Şəmsəddin Bünyadovun sözlərinə görə, yaralı xəstəxanaya saat 11. 10-da daxil olub, 11.40-da isə həyatını itirib: “Cavanşir Həsənli gətirilərkən təzyiqi 0 idi”.
Lakin mərhumun yaxınları həkimlərdən şikayətçi olacaqlarını bildiriblər. Onların fikrincə, yaralının həyatını xilas etmək mümkün imiş. Cavanşir Həsənlinin yaxınları həmçinin əlavə edib ki, bu hadisə ilə bağlı heç kəslə düşmənçilik aparmaq, qisas almaq fikirləri yoxdur və onlardan heç kim Təzəxan Mirələmlinin evinin qarşısında keçirilən aksiyaya qatılmayıb: “Biz ölümüzün dəfni, hüzr məclisi ilə məşğul idik. O aksiyanı, siyasi şounu orada kim təşkil eləyib, xəbərimiz yoxdur”.
Hadisənin baş verdiyi 7 saylı məktəbin direktoru Elminaz Nadirova isə baş vermiş olay barədə hansısa açıqlama verməkdən imtina edib.
Faciədən siyasi şou düzəldən Cəlilabadın icra başçısı Əziz Əzizov da bu barədə danışmaq istəməyib.

Hadisə ilə bağlı Cəlilabadda nə danışırlar?

“Azadlıq”a daxil olan məlumatlara görə, Cəlilabadda hər kəs bu hadisənin təxribat olduğunu düşünür. Rayon sakinləri hesab edir ki, qanlı olayın arxasında yerli hakimiyyət dayanır. Təzəxan Mirələmlini apardığı mübarizədən çəkindirmək üçün onun övladları hədəfə alınıb və nəticədə bu hadisə baş verib. Sakinlərin belə düşünməsinin səbəbi hadisədən dərhal sonra Təzəxan Mirələmlinin evi qarşısında “zəhmətkeşlər”in aksiya keçirməsidir.
Əldə etdiyimiz məlumatlara görə, artıq rayon rəhbərliyi də bu hadisələrin əhali arasında ikrah doğurduğunun fərqindədir. Həmçinin Cavanşir Həsənlinin atasının açıqlamaları yerli hakimiyyəti təşvişə salıb. Ona görə də öz iyrənc əməllərini ört-basdır etmək üçün mərhumun yas məclisinə yardım göstəriblər. Lakin bununla iki gənci siyasi maraqlarına qurban verən YAP hakimiyyəti və onun Cəlilabaddakı təmsilçilərinə qarşı yaranmış nifrətin aradan qalxması mümkün deyil.

İnformasiya şöbəsi