AXCP funksioneri qanunsuz həbsdən çıxdı

Prokurorluq Eldar Hüseynova ittiham verilmədiyini deyib; DIN onu əsassız olaraq həbsdə saxlayıb

 

Dünən gecə qəzet artıq çapa hazırlanarkən məlumat aldıq ki, 2 aprel mitinqində həbs edilən AXCP Rəyasət Heyətinin üzvü Eldar Hüseynov sərbəst buraxılıb. Qeyd edək ki, o, beş gün heç bir əsas olmadan Səbayel Rayon Polis Idarəsində saxlanılıb, vəkili ilə görüşməsinə də icazə verilməyib. Məsələnin maraqlı tərəfi isə odur ki, E.Hüseynov barədə nə inzibati həbs qərarı olub, nə də onunla bağlı həbs-qətimkan tədbiri seçilib. Vəkil Fəxrəddin Mehdiyev deyir ki, bunu Səbayel Rayon Məhkəməsinə müraciət edərək dəqiqləşdirib.
Üstəlik, dünən Bakı şəhər prokurorunun müavini, 2 aprel mitinqi ilə bağlı yaradılmış istintaq qrupunun rəhbəri Fazil Həsənəliyev mətbuata açıqlama verib ki, məlum aksiyaya görə  4 nəfərdən (Arif Hacılı, Tural Abbaslı, Fuad Qəhrəmanlı, Məhəmməd Məcidli) başqa heç kimə ittiham irəli sürülməyib. Digər şəxslərə qarşı cinayət işinin başlanması barədə yayılan məlumatlar isə həqiqətə uyğun deyil. Belə olan halda Səbayel Rayon Polis Idarəsi hansı əsasla Eldar Hüseynovu həbsdə saxlayıb? Qanuna görə, saxlanılan şəxs 48 saatdan sonra ya ittiham irəli sürülüb təqsirləndirilən şəxs qismində istintaq təcridxanasına köçürülməli, ya da sərbəst buraxılmalıdır. Yəni, heç bir halda polis idarəsində saxlanılmamalıdır.
Məsələ ilə bağlı dünən növbəti dəfə Daxili Işlər Nazirliyinin mətbuat xidmətinə müraciət etdik. Mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə yenə xatırlatdı ki, bu iş üzrə prokurorluqda konkret istintaq qrupu yaradılıb, suallar da onlara ünvanlanmalıdır.
Vəkil Fəxrəddin Mehdiyev isə dünən də müdafiə etdiyi şəxslə görüşə bilmədiyini deyir (“Mediaforum”): “Səbayel Rayon Polis Idarəsindən deyirlər ki, 2 aprel mitinqi ilə bağlı iş Bakı Şəhər Prokurorluğundadır. Yalnız prokurorluğun müstəntiqinin təsdiqlədiyi orderi təqdim edəndən sonra Eldar Hüseynovla görüşmək olar. Bakı Şəhər Prokurorluğundan isə deyirlər ki, bizdə Eldar Hüseynov barəsində iş yoxdur. Eldar Hüseynovun qanunsuz saxlanması və vəkillə görüşünə imkan verilməməsinə görə Bakı Şəhər Prokurorluğuna şikayət vermişəm. Aprelin 6-da Səbayel rayon prokurorunun müavini ilə və Bakı Şəhər Prokurorluğunun əməkdaşı Cavid Abbasovla görüşmüşəm. Onlar da deyirlər ki, Eldar Hüseynov haqda heç bir iş yoxdur. Aprelin 5-də Səbayel Rayon Polis Idarəsinin istintaq idarəsinin rəisi bizə demişdi ki, ayın 6-da günorta saatlarınadək Eldar Hüseynov buraxılacaq. Deyilən vaxtda yenə rəislə görüşdüm. Amma dedi ki, iş bizdə deyil, ona görə Bakı Şəhər Prokurorluğuna müraciət edin. Məsələ ilə bağlı daxili işlər naziri Ramil Usubova və baş prokuror Zakir Qaralova da müraciət etmişəm”.
Dünən Ombudsman əməkdaşları da E.Hüseynovun işi ilə maraqlanıblar. Məlum olub ki, AXCP üzvü ilə bağlı saxlama protokolu tərtib edilməyib və o, əsassız olaraq saxlanılıb.
Bundan sonra Ombudsman Elmira Süleymanova məsələ ilə bağlı baş prokurora və DIN-ə müraciət etmişdi.
Qeyd edək ki, aprelin 5-də polis Eldar Hüseynovun evində  axtarış da aparıb. Silah axtardığını bildirən polislər AXCP funksionerinin evindən heç nə tapa bilməşdi.

 

Gültəkin