Daxili Işlər Orqanları Əməkdaşlarının Etik Davranış Kodeksinin 3-cü maddəsində belə yazılıb:
“Dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncəyə və aydın mövqeyə malik olmalı, insanlara ədalətli, humanist, alicənab və mədəni münasibət bəsləməli, hər kəsi hüquqa zidd əməllərdən və zorakılıqdan müdafiə etməli, ekstremal şəraitdə köməyə ehtiyacı olanları, xüsusilə qadın və uşaqları, qoca, xəstə və əlilləri köməksiz qoymamalıdır.
Vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli olmalı, bunu zəiflik əlaməti deyil, əksinə, qanunun gücünə arxalanan haqq və ədalətin təzahürü kimi qəbul etməlidir”.
Indi oxuyacaqlarınızı isə tanınmış ziyalı Xaliq Bahadır Ictimai Palatanın mətbuat konfransında deyib:
“Orada Yasamal Rayon Polis Idarəsinin əməliyyat işləri üzrə müavini məni təhqir etdi. Adını öyrənə bilmədim. Mən indiyədək 200 dəfə həbs olunmuşam, döyülmüşəm, amma heç vaxt belə təhqir olunmamışdım… Sonra məni döydülər. Kamerada xeyli aksiyaçı saxlayırdılar. Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı da orada idi. Məni döyəndə Tural Abbaslı özünü qabağa atdı. Onu da döydülər. Orada Ramin adlı gənc bir oğlan da vardı. Polis ona istədiyi formada izahat yazdırmaq istəyirdi. Lakin o deyirdi
ki, məsələlər belə olmayıb. Onda onu təhqir edib yenə döyürdülər. Sifəti qan içində idi.
Sonra məni polis rəisinin yanına apardılar. Mən rəisin yanında olanda Turalı döyürdülər və naləsi bütün binaya yayılmışdı. Rəis də məni təhqir etdi. Məni həbs olunanların yanına qaytardılar, az sonra yenidən polis rəisi çağırtdırdı. Bu dəfə qarşımda tamamilə başqa bir rəis gördüm, sanki bir qədər əvvəl məni təhqir edən şəxs deyildi. Soruşdu ki, bizdən inciməmisən? Cavab verdim ki, yox, niyə inciməliyəm. Dedim ki, bizi döyün, həbs edin, amma söyməyin, təhqir etməyin. Qayıtdı ki, bizim millət söyüşçül millətdir. Rəisə dedim ki, əməkdaşların məni təhqir edib, söyüb. Lakin bunu boynuna almadı, dedi ki, burada söyüş olmayıb. Ayağa qalxdı, məni yola saldı”.
Xaliq Bahadırın dediklərini və Daxili Işlər Orqanları Əməkdaşlarının Etik Davranış Kodeksində yazılanları götür-qoy edin, dəyərli oxucular.
Azərbaycanda təkcə Xaliq bəy deyil, minlərlə, on minlərlə vətəndaşımız polis vəhşiliyinə məruz qalıb.
Dediklərimi təbii ki, cümlə polislərimizə şamil etmək olmaz. Nədən ki, polis orqanlarında yüksək peşə və davranış keyfiyyətlərinə sahib olanlar da az deyil.
Ancaq etika bir yana, primitiv tərbiyədən və elementar mədəniyyətdən məhrum, özünü eynən Qoçu Əsgər kimi aparan polislərimizin sayı yetərincədir.
Ən böyük dərd ondan ibarətdir ki, belə tərbiyəsizlər və nadanlar vəzifə kreslosuna təyin olunduqdan sonra özlərini GESTAPO kimi aparırlar.
Vətəndaşı təhqir etməkdən, ona işgəncə verməkdən gestapo xislətli polis zabitləri xüsusi ləzzət alır.
Ictimai yerlərdə, bəzi polis əməkdaşlarının davranışı isə sadəcə, adamda təəccüb hissi yaradır.
Düşünürsən ki, Ilahi, bu qanmazları hansı keyfiyyətlərinə görə polis orqanlarına işə götürüblər.
Müxalifətin mitinqlərində polisin xüsusi qəddarlıq nümayiş etdirməsini, haradasa başa düşmək olar. Nədən ki, Daxili Işlər Nazirliyi (DIN) YAP iqtidarını qorumaq üçün arsenalında olan hər şeydən istifadə edir. Bunu sübut etməyə ehtiyac yoxdur, 1993-cü ildən bəri polis Əliyevlər iqtidarını canla-başla qorumaqdadır.
Başa düşüləsi zor olan sıravi vətəndaşlara polis idarələrində tutulan divandır.
Az qala hər gün mətbuatda polisin bu və ya digər məkanda vətəndaşı təhqir etdiyi, işgəncələrə məruz qoyduğu barədə xəbərlər gedir.
Belə olan halda təbiidir ki, vətəndaşın polisə inamı və etibarı olmur.
Vətəndaş polisdən qorxmamalı, ona güvənməlidir, eynən Qərbdə və Türkiyədə olduğu kimi.
Bunun üçün polis orqanlarında çox ciddi kadr islahatları aparılmalıdır.
Cəmiyyətin asayiş keşikçilərinə inamını bərpa etmək üçün polisin Daxili Işlər Orqanları Əməkdaşlarının Etik Davranış Kodeksinə ciddi riayət etməsi lazımdır.
Bunu etmək mümkün deyilsə, o zaman polis idarələrinin qarşısına GESTAPO yazmaq məsləhətdir.
Ki, təhqirə və işgəncəyə məruz qalan vətəndaşlar mətbuatda-filanda haray-həşir salmasınlar.