Meyvə yemək qadağası

Siz bu ölkədə siyasi azadlıqlara, söz azadlığına və bir çox təməl hüquqlara qadağanın olduğunu bilirsiniz. Amma meyvəyə, məsələn, alma-armuda qadağanın olduğunu mən də təzə bildim. Dünən həmkarım Rövşən Hacıyevlə 2 aprel mitinqində polislər tərəfindən döyülən, nəticədə ağır xəsarətlər alan Təzəxan Mirələmlinin yanına, onun müalicə aldığı Təcili Tibbi Yardım Xəstəxanasına getdik. Əslində, biz eşitmişdik ki, Təzəxan bəyə orada heç bir yardım göstərilmir və onun müalicəsi aparılmır. Şanlı ölkəmizdə səhiyyənin də siyasiləşməsi bizə təəccüblü görünməsə də, yenə də ora çox pis ovqatla getmişdik. Xəstələrin yanına buraxılmanın qadağan saatının bitməsini gözlədik və içəri keçəndə əlimizdəki çantanı yoxladılar. Etiraz etmədik ki, bəlkə kiminsə qadağan olunmuş əşya ilə ora girə biləcəyindən ehtiyat edirlər. Amma bizdən nə soruşsalar yaxşıdır:

– Torbada meyvə yoxdur ki?! Meyvə varsa, təhvil verin! Içəri meyvə aparmaq olmaz!
– Nə? Meyvə?
– Hə, meyvə, alma, armud və s…

Sual vermək, səbəb sormaq bizim alnımıza yazılmasa da, haqqımıza yazıldığı üçün təəccüblə bunun nədənini sorduq. Izah edən olmadı. Dedilər ki, müdiriyyətin əmridir, olmaz.
Pilləkənlərlə qalxdıqca, fantaziyamızı işə salıb təsəvvür etməyə çalışdıq və belə bir nəticəyə gəldik ki, yəqin cərrahiyyə şöbəsi olduğu üçün bəzi xəstələrdə meyvə fəsad yaradır, qadağaya səbəb də elə budur. Normalda xəstəxanalara nəinki meyvə, ümumiyyətlə, heç bir yemək aparmaq olmaz. Yalnız oradakı yeməklərdən həkim təyinatı ilə istifadə etmək olar. “Eybi yoxdur, olsun!” deyərək, bu qadağada heç bir pis niyyət axtarmadıq.

Amma palataya çatanacan tez-tez sual verirdim…

Yaxşı, meyvə yemək qadağandır, Təzəxanı müalicə etmək də qadağandır?
Bəlkə doğrudan da xəstəyə meyvə yemək qadağandır, bəs onda mitinq etmək niyə qadağandır?
Təzəxana meyvə ziyandırsa, onu meyvə yeməkdən qoruyursunuzsa, bəs niyə döyüb şikəst edirdiniz?
Suallar çox idi… Ümumiyyətlə, hər qadağanın bir ictimai izahı olmalıdır. Hüquqi əsası olmalıdır! Hər yerdə hərə ağlına gələn qadağanı qoysa, buna rəğmən həmin qadağaların başında duran siyasi hakimiyyət ağlına gələni etsə, heç bir qanun-qayda tanımasa, bu ölkənin bir adı olar – meyvə respublikası. Yəni banan respublikası.
Xatırladım ki, Təzəxan Mirələmliyə yalnız dünən, mətbuatın hay-küyündən sonra bəzi tibbi yardımlar göstərməyə başlayıblar. Amma yenə də ağır zədələri olan bu adam normal müalicə edilmir, lazım olan tibbi yardımı ala bilmir. Biz orda olanda isə ona makaron yeməyi təklif etdilər. O da yemədi ki, məgər makaron yeməyə gəlib bura?!
Belə çıxdı ki, polislərin amansızlıqla döydüyü və bundan çox ciddi xəsarətlər alan Təzəxanı meyvə pəhrizi ilə müalicə edirlər…

Ilham Əliyevlə sakinin söhbəti
Aprelin 1-də Əhmədli qəsəbəsində analoqu olmayan abadlıq və quruculuq işləri ilə tanış olan Ilham Əliyev sakinlərlə də görüşüb. AzərTAC-ın bu barədə yazdığı materialdan qısa bir dialoq:
Prezident Ilham ƏLIYEV: …Bu gün isə mən qədim Əhmədli qəsəbəsinə gəlmişəm ki, sizinlə görüşəm.
SAKIN: Söz vermişdiniz.
Prezident Ilham ƏLIYEV: Yadımdadır, söz vermişdim. Amma beş il bundan əvvəl.
SAKIN: Yenə də min şükür ki, vaxt tapıb gəlmisiniz.