Hakimiyyət ölkəyə nəzarət edə bilirmi? Bu sual artıq ciddi xarakter alıb. Cavab isə ölkədə baş verməkdə olan bir çox hadisələrin günahkarlarını harada axtarmağa kömək edəcək. Natiq Ədilovu da izləməyə başlayıblar. Məni isə izlədiklərini dəqiq bilməsəm də yolumun üstə gözlədikləri məlum oldu. Arxasını da bilirsiz. Ramin Dekonu bir gün oğurlayıb dillə “başa salıblar”. “Nəticə” çıxarmadığı üçün səhəri gün əllə başa salmağa çalışıblar, yəni, açıq-aşkar təpikləyiblər. Natiq və mən Ilham Əliyev hakimiyyətindən yazırıq. Ramin Deko da bu hakimiyyətin siyasəti nəticəsində yaranmış səfillər düşərgəsindən reportajlar verirdi. Bir sözlə, hakimiyyəti ifşa edir. Nə baş verir?
Hakimiyyət mərkəzdən idarə olunursa, deməli, bütün bu olayların sifarişi bir mərkəzdən gəlir. Bu belə deyilsə, o zaman bu təqiblərə bir an öncə son qoyulmalıdır. Hakimiyyət belə addımları ilə ölkədə aqressiyanı artırdığının fərqində olmalıdır. Ilham Əliyev öz nazirlərinin, cəza dəstələri saxlayan adamlarının hər bir addımının onun aktivinə yazıldığını bilməlidir.
Tutaq ki, bizim birimizi, ya da bir neçəmizi öldürdülər. Dünya quruyacaqmı? Yeni mübarizlər ortaya çıxmayacaqmı? Hamı bilir ki, ilk dəfə hakimiyyət əleyhinə radikal yazımı Bahəddin Həziyevə qarşı baş verən terrordan sonra yazmışam. O hadisə olmasaydı bəlkə də aktiv jurnalistikaya qoşulmazdım. Yəni belə metodlarla insanları yolundan döndərmək, ya da mübarizlərin nəslini kəsmək barədə olan nəzəriyyələrin hamısı əks-effekt verir. Hərə bir cana borcludur. Ola bilər ki, insan bir yerdə ölümdən xilas olar, sonra çox təsadüfi bir olayda dünyasını dəyişər. Ağlı kəsənlər bunu bilir və heç kim “ölümdən sığorta” kartı ilə təchiz olunmayıb. Bu hakimiyyətin elə nazirləri olub ki, ən sevimli kadr kimi yatıb, ən bağışlanmaz düşmən kimi oyanıb. Bir sözlə, bu cür mübarizə metodu effekt vermir.
Amma hakimiyyət özü iddia edirsə ki, jurnalistlərə qarşı baş verənlərdə maraqlı deyil və ya iştirakçı deyil, o zaman bu olayların üstü açılmalıdır. Bu cür olayların üstünü açmaq üçün “yəhudi məntiqi” yetərlidir. Bu ölkədə hər şeyin nəzarətinizdə olduğunu iddia edirsinizsə, deməli, hər şeyə məsuliyyət də daşımalısınız. Məsuliyyətdən boyun qaçırırsınızsa, deməli, olanların arxasında özünüz dayanmısız. Ilham Əliyev öz tənqidçilərinin başına gələnlərə görə daha çox məsuliyyət daşıyır, nəinki tərəfdarlarına görə.
Qonqadzenin qətlə yetirilməsinin üstü açılanda məlum oldu ki, Kuçma tətikçiləri ələ verib, qatillər də Kuçmanı. Nə qazandırdı bu olanlar Kuçmaya? Ömrünün qalan hissəsini eks-prezident kimi yaşmaq əvəzinə türmədə oturacaq. Icraçılar da həmçinin. Ukrayna isə bir ölkə kimi belə ağır tarixi dövrə şahidlik etdi və sosial psixologiyası sarsıldı. Nə oldu, guya Qonqadze öldürüləndən sonra Kuçmanı tənqid etmədilər? Əksinə onu qətldə ittiham etdilər. Məncə, bu barədə hər kəs düşünməlidir. Bir dəyişiklik olacaqsa, bunu xalq edəcək. Xalqa qarşı çıxanların acı təcrübəsini bu ölkədə heç kim yaşamamalıdır. Görünür, hakimiyyətin əbədi olmadığını dərk etmək hələ hər şey demək deyil. Ən başlıca məsələ hakimiyyətin zor aparatı olmadığını qəbul etməkdir. Tarixin bir dövründə “zor” hakimiyyət üçün şərt idi. Indi isə hakimiyyəti laxladan şərtdir.