Goranboyda ölən həkimin xanımından şok açıqlamalar

Gülnarə Abdullayeva: «Bu adam özünü aşağı atıbsa, niyə başında, qolunda, qıçında bir sınıq yoxdu?»

“Faiqi boynundan sıxaraq öldürüblər”

 

Goranboyda intihar edən sabiq baş həkim Faiq Abdullayevin xanımı Gülnarə Abdullayeva “Azadlıq”a müsahibə verib. Onunla söhbətimizə hadisəni necə xatırladığı barədə sualla başladıq:

– Həmin gün ikimiz də xəstəxanada işdə idik. Günorta işdən çıxanda zəng etdim ki, Faiq məni gəlib aparırsan? Dedi gəlirəm aparam səni. 10 dəqiqədən sonra gəldi, dedi “ay Gülnarə, maşınımın təkəri boşalıb”.
Gəldik mağazaya, oradan balıq və digər şeylər alıb məni evə gətirdi, dedi təkəri doldurub gələcək. Indi mən özü-özlüyümdə deyirəm ki, təkər boşalmasaydı, bu adam evdən çölə çıxası deyildi. Yəni ikimiz də yemək yeyəsi idik. O elə adam idi ki, axşam evdən bir adamla gedəndə deyirdi ki, Gülnarə mən filan yerdəyəm. Getdiyini-gəldiyini deməyən adam deyildi, ailəyə bağlı adam idi.
Aradan yarım saat keçəndən sonra, saat 4-ə işləmiş zəng etdim ki, Faiq, bəs niyə gəlmədin? Dedi ki, Gəncəyə göndərdiyim xəstəni geri qaytarıblar.
Maşın vuran xəstəsi var idi, bizim xəstəxanada rentgendə belində sınıq göstərməmişdi deyə, onun dərdindən Faiq özü cibindən təcili yardımın sürücüsünə 20 manat pul verib göndərmişdi Gəncəyə. Faiqin bir xasiyyəti var idi, xəstənin yanında çox dururdu. Mən də dedim ki, xəstəyə baxdın, iynəsini vur, dərmanını ver, gəl. 
Bundan sonra zəng etdilər ki, mənə hədiyyə payı var, (8 marta yaxın idi) onu aptekə qoyublar, götürməliyəm. Mən də dedim ki, yaxşı, yoldaşıma deyərəm gəlib götürər. Yoldaşıma zəng etdim, cavab vermədi. Işə zəng etdim. Bir az elə bil canıma istilik keçdi. Zəng etdim qızlara ki bəs Faiq həkim hanı? Dedilər, bilmirik, xəstənin yiyəsi də onu axtarır. Dedim gedin otağına baxın. Baxdılar ki, yoxdur. Sonra təzdən zəng etdilər ki, Faiq həkimi xəstə axtarır. Durub xəstəxanaya getmək istədim, işıqforun yanına çatanda dedim ki, deyəcəklər bu gedib Faiq həkimi axtarmağa… Xəstəxanaya getməkdən vaz keçdim, anamgilə getdim. Burda da 5-10 dəqiqə danışıb, yenidən Faiqə zəng etdim, cavab vermədi. Dedim, ana, birdən Faiqə nəsə olar, ürəyi dayanar, bu niyə telefona cavab vermir. Elə bu anda zəng etdilər ki, Faiq həkimin halı pisdir, dur gəl.

Ay mərifətsiz, sən bu boyda pul istəyirdin Faiqdən…

– Deməli, sizə məlumat veriləndə Faiq həkim hələ sağ olub…
– Xeyr. Yalan demişdilər. Əmim qızı zəng etmişdi ki, halı pisdir. Qəflətən ölüm xəbərini mənə demək istəməyib.
Saat 6-7 olardı. Mən gedəndə gördüm ki, iş-işdən keçib. Getdim gördüm ki, prokurorluq işçiləri hamısı gəliblər. Faiqi artıq otağa qoyublar. Xəstəxananın baş həkimi Rüstəm Budaqov suçlu olduğundan mənim qorxumdan kabinetindən aşağı düşmədi. Sonra prokuror, rəis gəldi. Düzü, mən onu tutub dedim ki, qoymayacam onu bu dəqiqə basdırılmağa, ekspertləri çağıraq. 3 yerdən ekspert çağırıldı. Bu vaxt Goranboy rayon Icra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev də gəldi. Mən orda ona dedim ki, ay tərbiyəsiz, mərifətsiz, sən bu boyda pul istəyirdin Faiqdən, bu pulu hardan alaq biz? Sən təzyiq etdin, ondan niyə əl çəkmədin, nə istəyirdin?.
Ona 50 dəfə ismarış göndərmişdim ki, Faiqdən əl çək. Nə isə buna belə deyəndə çox baxdı üzümə, saraldı soldu – hələ çox saralıb solacaq – rəng verib rəng aldı. Ordan çıxandan sonra dərman qəbul edib. Həmin gün iclas keçirdib, iclasda iştirak edən rayonun vəzifəli şəxslərinə deyib ki, heç kəs Faiqin yasına getməsin. Amma sonra ona deyiblər ki, ay başıboş, sən nə iş görürsən? Qaş düzəltdiyin yerdə göz çıxarırsan…
Nizaməddin Quliyev hər gün Faiqə söz göndərirdi ki, pul gətir. Hardan alım pulu? Hər dəfə adam göndərəndə deyirdim ki, Nizaməddinə deyin pulu hardan alaq?

– Faiq həkimin meyiti necə tapılıb? Ilk dəfə kim görüb bu olayı?
– Orda tibb işçisi Faiqin telefonunu 3-cü mərtəbədə görüb. Bir də prokurorluq işçisinə dediyinə görə, görüb ki, aşağıda bir RAF olub, RAF-ın sürücüsü deyib ki, bura kimsə yıxılıb. Amma sonra o adam gedib, onu tapa bilməyiblər. Kimdir, nəçidir, bilinmir. Mən özüm qapıçıdan da soruşdum RAF-dakı  adam kim olub? Qapıçı da dedi guya ki, telefon zənginə gedib, heç kimi görməyib.
Mən prokurorluqda da dedim bu şüşə qırıntısının səsini eşitməyən adam, telefonun “ciy-ciy” səsini necə eşidib? Guya telefonun zənginə çıxıblar, pəncərədən baxıblar ki, yerdəki Faiqdir.

Faiqin ölümündə təqsirkar kimi Nizaməddinlə Rüstəm həkimi bilirəm

– Goranboy Rayon Prokurorluğunun məlumatında deyilir ki, əriniz intihar edib…
– Mən bu hadisəni intihar kimi qəbul etmirəm. Faiqi öldürüblər. Guya ki, özünü 3-cü mərtəbədən atıb. Həmin yerin altı betondu, üstünü mamır, torpaq örtüb. Bu adam özünü aşağı atıbsa, niyə başında, qolunda, qıçında bir sınıq yoxdu? Üzündə nə bir dənə sıyıq var, nə cızıq, nə bir qan izi. Nə şalvarında, paltarında torpaq, qan var. Qolundakı saat niyə qırılmayıb? Heç olmasa üst-başında palçıq olardı da. Onu boynundan sıxıb öldürüblər. Üzü qibləyə də uzadıblar.
Intihar edibsə, bunun səbəbləri olmalıdır. Dəli deyil, 18 yaşı yoxdur, müharibədə iştirak etmiş, bərkə-boşa düşmüş, kasıbçılıq görmüş adamdır. Necə oldu ki, intihar edib? Prokurora dedim ki, intihar edibsə, səbəbi olmalıdır, uşaq deyil ki. Rəis də gəlib dedi ki, Faiq həkim həmin gün xəstəlik kağızı yazıb. Əgər başı pozulubdursa, niyə Gəncəyə xəstə göndərir, təcili yardıma 20 manat pul verir?!
Baş həkim Rüstəm Budaqov deyir ki, onun ağlı çaşıb. Əgər onun ağlı çaşmışdısa, bu, cərrah idi, yazardın ki, bunun ağlı yerində deyil, işləməyə qoymuram. Əgər intihar edibsə, uşaqlar ona alan saat niyə qırılmayıb, cızılmayıb?! Bəs bunun telefonu niyə cibində olmayıb?! Şüşə qırılıbsa, niyə çölə tökülməyib?! Şüşə qırıqları hamısı içəridə, dəhlizdəydi.

– Ekspertizanın rəyi ilə tanış olmusunuz?
– Tanış olmamışam. Amma deyirlər ekspertizada boyunun qırığını, bir də qabırğa sınığı yazıblar. Hələ başqa analizlərin də cavabı gəlməlidir. Hələlik ekspertin cavabını almamışam.

İddia edirsiniz ki, ərinizi öldürüblər. Onun düşməni var idimi? Bu hadisə ilə bağlı şübhələndiyiniz şəxslər varmı?
– Həkimin düşməni ola bilməz. Nə qədər Goranboy, Tərtər camaatı var idi, onlara baxırdı. Bütün Gəncə camaatına, kəndlərə baxırdı. Hamı ilə dil tapan adam Nizaməddinlə dil tapa bilmirdi. Belə adam idi. 50 dəfə baş həkim Rüstəmə də, icra başçısı Nizaməddinə də demişəm ki, sizi tutduracam, sizdən əl çəkməyəcəm. Çünki Faiq həkim elə adam deyildi. Siz onu aldatdınız.
Mən Faiqin ölümündə təqsirkar kimi Nizaməddinlə Rüstəm həkimi bilirəm. Prokurorluqda ərizəmdə də belə yazmışam. Əgər Faiq intihar edibsə də, bunun səbəbi bu iki adamdadır. Bir də maliyyə şöbəsinin müdiri Iltifatdan şübhələnirəm. Bu qurğunu onlar üçü qurublar. Intihar etməsinə inanmıram. Intihar etmək istəyirdisə, o, həmişə ağır xəstələrə morfi yazır. Istəsə 2 dənə morfini vurub ölərdi də. Niyə özünü atırdı ki?

Əl çəkmirdilər, elə hey pul istəyirdilər

– İcra başçısının ərinizə qarşı belə münasibəti nədən qaynaqlanırdı?
– Faiqə deyirdi ki, səni tutduracam. Sən işləyibsən, qazanıbsan, yeyibsən. Mən də deyirdim ki, mən sənə pul vermişəm. Şəmmədli yolunu düzəltdirmişik. 6-7 min pul verib o yola…

– Açıqlamalarınızın birində demisiniz ki, əriniz Nizaməddin Quliyevə 21 min manat pul verib…
– Bəli. Nizaməddin Quliyev yeni icra başçısı gələndə Faiq ona 21 min manat verdi. Pulu icra başçısının birinci müavini Baxış Abdullayevlə göndərdi. Baxış dedi ki, Nizaməddin bu qədər pul istəyir. Özü də zəng edib pulu istəyəndə deyirdilər ki, abadlaşmaya pul lazımdı. 21 mini verdik, amma 3 gündən sonra dedi ki, səni baş həkim vəzifəsindən çıxardıram.
Ondan sonra Faiqə deyirdi ki, səni prokurora tutduracam, “KQB”-yə də demişəm. Bu adam özü rüşvət ala-ala Faiqə hədə-qorxu gəlirdi ki, səni tutduracam. Maliyyənin müdirinin də burda rolu var. Onun müavinləri Baxış Abdullayevlə Elçin Ismayılov burda ancaq aralıq adamıdır. Icra başçısı nə əmr verirsə, onu edirlər. Faiq baş həkim olanda gah Baxışa 500 manat verirdi, gah Elçinə 1000 manat verirdi. Əl çəkmirdilər, elə hey pul istəyirdilər. Istəyirsiniz işçilərdən müsahibə götürün ki, Faiq həkim necə adam idi. 
Rayona bərpa üçün bu qədər pul ayrılır, başçı onun heç birini sərf etmir. Ayrılan pulu cibinə qoyur.
Rüstəm Budaqov da Bakıdan gələnlərə Faiqi pisləyirdi. Guya ki, onun baş həkim olduğu vaxt nöqsanlar olub. Hər zaman onlara deyirdim ki, Faiqdən əl çəkin. Işləyib qurtardı da. Indi görək, Rüstəm necə işləyəcək. Axı mən bilirəm sən hərbi komissarlıqda nələr etmisən. Onun əsgərlikdən saxladığı uşaqların siyahısı var. Hərbi prokurora da teleqram vuracam, Prezident Administrasiyasının işçilərinin hamısına da məlumat vermişəm. Mən prezidentin, Mehriban xanımın qəbuluna da düşəcəm.

– Prezident Administrasiyasında bir dəfə olmusunuz. Nə dedilər sizə?
– Zeynal Nağdəliyevin şöbəsində 3 nəfərlə görüşdüm. Onlara dedim ki, heç belə oğlan ölər, xəstələnə bilər? Amma mən belə başa düşdüm ki, onlar məsuliyyət hiss etdilər. Dedilər ki, biz araşdırarıq. Dedim ki, mən sizə demirəm araşdırın, mən sizin icraya qoyduğunuz nümayəndə barədə məlumat vermək istəyirəm. Özləri də dedilər ki, əgər belə bir iş varsa, ölkədə korrupsiyaya qarşı mübarizə getdiyi bir vaxtda buna ciddi baxılar. Onlar məni yaxşı qarşıladılar, diqqət ayırdılar. Danışdıqlarımın çoxusunu yazdılar. Onlara da dedim ki, mən Mehriban xanımla, prezidentlə görüşəcəm. Ümidvaram ki, Nizaməddin Quliyevlə, Rüstəm Budaqov Goranboydan əli qandallı gedəcəklər.
Bunlar mənim həyatımı məhv etdilər. Bunu onlara bağışlamayacam. Indi mənə ismarıc göndərirlər ki, danışmayım, uşaqlarım var. Dəfn günü qəbiirstanlıqdan qayıdanda icra başçısı adam göndərmişdi. Oğlum dedi ki, bəs ana filankəs gəldi, maşında gəlib oturub dedi ki, oğul, sən arvadların sözünə qulaq asma, özünə düşmən qazanma, bir işdi olub, intihar edib, özü-özünü atıb. Daha sonra çox adamlar göndərdi ki, uşağına, özünə düşmən qazanma.
Sonra dedim ki, bilirsən nə var, istəyir oğlanlarım da ölsün, özüm də ölüm, evim yansın, amma Faiqin heyfini yerdə qoymayacam. Çünki mən Nizaməddinə hər ay ismarıc göndərirdim, Rüstəm həkimə hər gün ismarıc göndərirdim ki, Faiqdən əl çəkin.

Vidadi