Haaqadan 2 aprel dəstəyi

Xaricdə yaşayan azərbaycanlı mühacirlər aprelin 2-də Haaqa şəhərində Azərbaycan Respublikası səfirliyinin binası önündə aksiya keçiriblər. Bakıdakı mitinqə dəstək nümayiş etdirən aksiyaçılar Azərbaycandakı mövcud hakimiyyətə etirazlarını bildiriblər.

Haaqada keçirilən mitinqin qətnaməsində deyilir: “Azərbaycan feodalizm qayda-qanunları ilə idarə olunur. Ölkədə bütün hakimiyyəti bir əldə çəmləşdirən mütləqiyyət mövcuddur. Parlamentdə dövlət başçısının məsləhət bildiyi adamlar oturub. Məhkəmə hakimiyyəti icra hakimiyyətinin əlavəsidir. Prezident və nazirlər beynəlxalq səviyyəli oliqarxlardır. Ölkədə hərbi-polis rejimi hökm sürür. Beynəlxalq konvensiya və sazişlərlə təminatı verilən əsas insan hüquq və azadlıqları tapdalanır”. Bütün bunlara etiraz edən aksiyaçılar tələblər də irəli sürüb:

1. Vərəsəlik yolu ilə ölkədə prezidentlik kürsüsünü ələ keçirən Ilham Əliyev dərhal istefaya getsin;
2. Ölkədə fundamental insan hüquq və azadlıqlarına təminat verilsin;
3. Siyasi motivlərlə həbs edilənlər dərhal azadlığa buraxılsın.
“Azərbaycan xalqı qul deyil, onun da demokratik cəmiyyətdə yaşamağa haqqı var! – deyə qətnamənin sonunda vurğulanır.