Aygün Kazımova od püskürdü

Xalq artisti: «Mən onların üstündə qara bulud olacağam, qızımın taleyi məni çox narahat edir»

«İstəkləri qızımın gələcək karyerasına ləkə gətirmək idi, onu da az da olsa edə bildilər»

“Qızımın adı təmizlənməlidir. Bilmirəm, onu bütün bunlardan necə qoruyum? Doğrudur, mən bu video yayılan günün səhərisi Ilqarəni Moskvaya göndərmişəm. Əsəbiləşdiyim üçün deyil, Ilqarəni bütün bunlardan qorumaq üçün elədim. Ilqarəni belə sadəlövh böyütdüyüm üçün peşman deyiləm. Fəxr edirəm ki, qızım bütün pisliklərdən uzaqdır”.
APA-nın məlumatına görə, bu sözləri xalq artisti Aygün Kazımova qızı Ilqarə Ibrahimovanın internetdə yayılan video-görüntüsü ilə bağlı keçirdiyi mətbuat konfransında açıqlayıb.
Aygün Kazımova bundan sonra Ilqarənin bu məsələ ilə bağlı danışmayacağını diqqətə çatdırıb. Xalq artisti qalmaqallı video-görüntünün yayılmasında adı çəkilən, hazırda Istanbulda yaşayan Orxan Nəsirovun Ilqarə Ibrahimovadan üzr istəyəcəyini də deyib:”Yalançını mənziləcən qovarlar. Orxan Nəsirov mənə zəng vurdu və üzr istəməyə hazır olduğunu bildirdi. Orxan hazırda Türkiyədə müalicə aldığını və Azərbaycana dönən kimi Ilqarədən üzr istəyəcəyini söylədi. Bu, tək Orxanın məsələsi deyil. Nicat və üçüncü şəxs də var. Mən onların üstündə qara bulud olacağam”.
Aygün Kazımova bildirib ki, qızı ilə bağlı qalmaqallı görüntünü yayanlardan biri Nicat Novruzov Bakıda yaşayır. Müğənni deyib ki, o, Nicatın atası Şahin Novruzova zəng vurub, o da oğlunun 3 gün sonra üzr istəyəcəyini bildirib: “Ancaq 3 gün sonra mən Şahin Novruzova zəng edəndə dedi ki, burada üzr istəniləsi heç bir şey yoxdur”.
A.Kazımova Ilqarənin sinif yoldaşlarının ünvanına bəzi ittihamlar da səsləndirib.
Videogörüntüdə iştirak edən üçüncü şəxsin – Eyyubun barəsində isə danışmaq istəməyən A.Kazımova, əsas günahkarların Orxan Nəsirov və Nicat Novruzovun olduğunu açıqlayıb:”Bu iki nəfər Ilqarə ilə eyni sinifdə, Eyyub isə paralel oxuyur. Əlbəttə, Eyyub da üzr istəməlidir. Ancaq bizim üçün əsas Orxan və Nicatın üzr istəməsidir. Mən onlardan əl çəkməyəcəyəm. Bu videoda hər şey var, cinayət, təhqir, insan hüquqlarının pozulması. Mən bu işi belə qoymayacağam. Şəxsən daxili işlər nazirinə məktub ünvanladım ki, bu videoegörüntü yayımlanmasın. Təşəkkür edirəm ki, məni başa düşdülər. Mən anayam, qızımın taleyi məni çox narahat edir”. A.Kazımova bu addımın qızının karyerasına mane olmaq üçün atıldığını da qeyd edib:”Onlar istədiklərinə nail oldular. Istəkləri qızımın gələcək karyerasına ləkə gətirmək idi, onu da az da olsa edə bildilər”.