Avropa da gördü!

Son aksiya çox güclü oldu. Görüntüləri hətta Avropa kanalı da yaydı. Diqqət çəkən nə idi? Azərbaycanın adı artıq etiraz dalğaları bürümüş ölkələrin qara siyahısında çəkilir. Bu o deməkdir ki, ölkədəki siyasi rejim özünün adekvat qiymətini alır. Daha “təhlükəsizlik sahəsində əməkdaşlıq” və “irəliyə doğru daha bir addım” kimi “epitet” və ifadələrdən heç kim yararlanmır və yaxud da yararlananların sayı kəskin şəkildə azalır. Bəli, dünyaya rəngli eynəklərlə baxmağın vaxtı keçib – siyasətdə də qrafik təsvir vaxtı yetişib, qaraya qara, ağa isə ağ kimi baxmaq lazımdır. Təsəvvür edin, Afrika oyanır! Demokratiya və azadlıq məşəlinin beləcə şölələndiyi bir vaxtda bu dünyada qaranlıq və məchul guşələr qalacaqmı?! Inanmıram. Artıq diktaturaları himayə etməyin də vaxtı və vədəsi keçib. Daha ən kiçik ölkələr belə böyüklər üçün maliyyə, neft, qaz, nə bilim, geosiyasət donoru olmaq istəmir. Qeyri-azad rejimlərlə bağlı aparılan müttəfiqlik siyasəti, onlarla bağlanan müqavilələr daha etibar və etimad doğurmur, dünya tamam başqa müstəviyə keçir. Sözsüz ki, hələ də təsəvvürünü və davranışını dəyişmək istəməyənlər var. Böyük azadlıq və demokratiya dalğasından özünün geoiqtisadi və geosiyasi maraqları üçün yararlanmaq istəyənlər və bu istəkləri ilə gözəl prosesi pozanlar var. Amma bu da müvəqqətidir. Indi təkcə ölkələrə bahar gəlmir, dünyaya bahar gəlir.

Bir müdaxilənin intizarı

Proseslər Liviyada donub qaldı. Nəsə bu Liviya məsələsi də yubanır. Təbii ki, müdaxilə zəruri idi. Ən azı iki səbəbdən. Birincisi, M.Qəzzafi öz ölkəsinə qarşı müharibə elan etmişdi. Ikincisi, Liviya müxalifəti Liqaya, sonuncu da öz növbəsində BMT-yə müraciət etmişdi. Amma indi aydındır ki, qurudan da müdaxilə olmasa proses yekunlaşmayacaq və uzanacaq. Ən pis ssenari o ola bilər ki, Iraqa birinci müdaxilə zamanı olduğu kimi Liviyanın bir hissəsi koalisiya qoşunlarının nəzarətinə keçsin və bununla proses dondurulsun. Belə variant istisna olunmur, xüsusən də nəzərə alanda ki, müxalifətin güc və müqavimət göstərə bildiyi ərazilər məhz neft zonasıdır. Bu neft həmişə, necə deyərlər, işləri korlayır! Neft iyinə toplaşanlar bəzi hallarda azadlıq və demokratiya proseslərini korlayırlar. Təbii ki, əvvəlcədən aydın idi; Liviya prosesləri bir qədər mürəkkəb gedəcək, bunu M.Qəzzafinin reputasiyası və xarakteri deməyə əsas verirdi, çünki o, H.Mübarək, Bin Əli deyildi. Amma prosesdən geoiqtisadi və geosiyasi məqsədlər üçün yararlanmaq və necə deyərlər, “planın içində başqa bir plan qurmaq” o qədər də yaxşı hal tək qəbul oluna bilməz. Belə hal digər ölkələrdəki proseslərə öz mənfi təsirini göstərir, son nəticədə “domino effekti” dayana bilər. Bilirsiniz, Afrika, eləcə də Yaxın Şərq maraqlı regionlardır. Burada regional yanaşma, regional bir təfəkkür güclüdür. Amma bir daha qeyd edirəm ki, iki detal narahatlıq üçün ciddi əsas yaradır. Birincisi, Liviyadakı prosesin uzanmasıdır, bu haqda indi danışdıq. Ikincisi isə odur ki, hamının gözü qarşısında Səudiyyə Ərəbistanı Bəhreynə qoşun yeritdi, oradakı etirazları susdurdu və heç kim də buna reaksiya vermədi. Siyasətdə səmimiyyət həmişə mübahisəli məqam olsa da, belə bir qeyri-səmimi not o qədər də xoşagələn hadisə deyil. Deyək ki, Səudiyyə Ərəbistanındakı və yaxud da Bəhreyndəki siyasi rejimlər Liviyada mövcud olan rejimdən mütərəqqidirmi? Bəli, Səudiyyə Ərəbistanında əhali varlı yaşayır, amma rusların bir məsəli var: insan təkcə çörəklə tox olmur!

Kiçik sözardı

Hər dəfə azadlıq haqqında yazıram. Hər dəfə də fikirləşirəm ki, görən elə bir vaxt gələcəkmi ki, bu haqda yazmaq artıq bir məşğuliyyət olacaq?! Axı çox şey var ki, biz onlar haqqında danışmırıq, çünki bütün bunlar insanlar üçün xeyli adiləşib, onların mahiyyətinin ayrılmaz bir hissəsinə çevrilib. Elə bir zaman gələcəkmi ki, azadlıq da bu qədər adiləşəcək?! Bəli, bir vaxt qara Afrikanın dünyanı öz futbolu ilə heyrətləndirəcəyi güman olunurdu. Indi isə Afrika azadlıq uğrunda çarpışması ilə diqqətdədir. Bu, Qafqaza ən azı utanc gətirir!..