Yaşar Əliyevsə jurnalistə «başını sındıraram» deyib
Ictima Palatanın Koordinasiya Şurasının keçirdiyi mətbuat konfransının sonunda 2 aprel aksiyasında həbs olunaraq polis bölmələrində zorakılıqla üzləşən, mənəvi işgəncəyə məruz qalan şəxslər başlarına gətirilənləri mətbuata açıqlayıblar.
Mustafa Hacıbəyli: “Məhbusların gəzinti yeri”ndə 35 nəfəri yeddi saat ayaq üstə saxladılar”
İlk olaraq üzləşdiyi işgəncələr barədə “Demokrat” qəzetinin baş redaktoru Mustafa Hacıbəyli danışdı. Öncə Mərkəzi Univermağın yanından Fəvarələr meydanına girməyə çalışdıqlarını söyləyən M.Hacıbəyli vurğuladı ki, aksiyaçıların toplaşdığı yerə doğru şüar səsləndirərək irəliləyərkən mülki geyimlilər onu həbs ediblər. Nəsimi Rayon Polis Idarəsinə gətirilərkən əllərindən telefonla yanaşı, şalvarlarının kəmərlərinin də alındığını deyən M.Hacıbəyli qeyd etdi ki, əvvəlcə çox dar məkan olan – “məhbusların gəzinti yeri”ndə 35 nəfəri yeddi saat ayaq üstə saxlayıblar: “Əslində bunun özü bir işgəncədir. Amma əsas işgəncə biz həmin məkanda otuz beş nəfər olmamışdan öncə baş vermişdi. Biz öncə bu məkanda altı nəfər idik – vəkil Namizəd Səfərov, Tofiq Yaqublu, Müsavatçı gənc Ziya Qarayev. Daha sonra bizim yanımıza Nəsimi Rayon Polis Idarəsinin rəis müavini Süleyman Nemətovun rəhbərliyi ilə bir neçə polis daxil oldu. Onun yanında bir nəfər idmançı görkəmli şəxs də var idi. Onlar heç bir əsas olmadan öncə Namizəd Səfərovu döyməyə başladılar. Daha sonra Tofiq bəyin üzərinə hücum çəkib onu yumruqladılar. Mən onu müdafiə edəndə məni döyməyə başladılar”. M.Hacıbəylinin sözlərinə görə, S.Nemətov iki polis əməkdaşının köməyi ilə onun bədəninin müxtəlif nahiyələrinə zərbə endirməyə başlayıb. M.Hacıbəylinin sözlərinə görə, ona qarşı göstərilən zorakılıqda qəribə bir məqam onun məhz təhlükəsizlik kamerasının qarşısına gətirilərək döyülməsi idi. “Sanki Süleyman Nemətov kiməsə – Ilham Əliyevə, Ramil Usubova hesabat verirmiş kimi məni təhlükəsizlik kamerasının qarşısına gətirərək məhz orada işgəncəyə məruz qoyurdu. Başına gətirilənlərlə bağlı Avropa Məhkəməsinə qədər şikayət etmək niyyətində olduğunu deyən M.Hacıbəyli vurğuladı ki, bunu o, eyni zamanda işgəncəyə məruz qalan şəxslərlə birlikdə etmək niyyətindədir.
Xaliq Bahadır: “Ruslar belə bizə bu cür işgəncə vermirdi”
AXCP Rəyasət Heyətinin üzvü Xaliq Bahadır həm həbs olunan, həm polis idarəsinə aparılan, həm də Yasamal Rayon Polis Idarəsində fiziki və psixoloji işgəncəyə məruz qaldığını dedi. Iyirmi ildir ki, müxtəlif aksiyalarda həbs olunduğunu deyən X.Bahadıra başına gələnləri mətbuat konfransında danışmaq çətin idi. Yalnız əqidə yoldaşlarının ona dəstəyindən sonra nitqinə davam edən X.Bahadır vurğuladı ki, ruslar belə Xalq Hərəkatı zamanı onları həbs edərkən aprelin 2-dəki kimi davranış nümayiş etdirmirdi: “Məni şəxsən döyən və təhqir edən rəisin əməliyyat işləri üzrə müavini idi. Onların bizə qarşı nümayiş etdirdiyi hərəkət kişilikdən uzaqdır. Mənə qarşı zor tətbiq etmək istəyərkən Ramil Baxışov araya girdi. Nəticədə ona qarşı görünməmiş zorakılıq tətbiq etdilər. Daha sonra Tural Abbaslını döyməyə başladılar. Eyni zamanda mən Əbülfəz Qurbanlıya da necə işgəncə verdiklərini eşitmişəm. 88-ci ildə meydanda ruslar bizi tutarkən yalnız tutduqları zaman döyürdülər. Daha sonra heç bir zor tətbiq etmirdilər”. Rəis müavininin dövlət başçısı Ilham Əliyev kimi “hərəkət” etdiyini deyən X.Bahadır vurğuladı ki, polisin gözündəki nifrət və çılğınlıq açıq şəkildə görünürdü. Ən gülməli situasiya ilə sonda üzləşdiyini deyən X.Bahadır qeyd etdi ki, bütün başına gətirilənlərdən sonra polis idarəsinin rəisi ona deyib ki, “məndən incimədin?”. “Mən ona dedim ki, səhərdən bizə işgəncə verirlər, bəs eşitmirsən? Baxmayaraq ki, bizim saxlandığımız məkanla rəisin otağı arasında məsafə az idi”,- deyə X.Bahadır vurğuladı. Daha bir maraqlı məqama aydınlıq gətirən X.Bahadır dedi ki, onlara qarşı işgəncə verənlər Naxçıvandan gətirilən milliyyətcə kürd olan şəxslər olub: “Polislər yorulduqları zaman öz aralarında söhbət edirdilər. O zaman bir polisin digərinə müraciət edərək ”ay kürdlər, bəsdirin, bu qədər işgəncə verdiniz” dediyinin şahidi oldum. Amma bu şəxslər PKK-nın təmsilçiləridir. Çünki demokratik mübarizədə bizə dəstək verən xeyli kürd qardaşlarımız var”. X.Bahadır da işgəncə ilə bağlı məhkəməyə müraciət edəcəyini söylədi.
Mehman Kərimov: “Yaşar Əliyev mənim başımı sındırmaq istəyirdi”
Jurnalist Mehman Kərimov da aksiya zamanı BŞBPI-nin rəis müavini Yaşar Əliyevin ona qarşı yol verdiyi qanunsuzluqlara toxundu. M.Kərimov bildirdi ki, o, vəzifə borcunu yerinə yetirmək istəsə də birbaşa Y.Əliyev buna mane olub: “Mən Yaşar Əliyevə deyəndə ki, eynəyimi qırıblar. O bildirdi ki, hələ bu harasıdır, sənin başını sındıraram. Mənə qarşı olan bütün qanunsuzluqları lentə almışam. Yaşar Əliyev mənə mədəni səviyyəsinə uyğun olaraq cavab verib. Bundan başqa, bütün bu baş verənlərdən sonra aksiya zamanı mülki geyimli bir şəxs məni bıçaqlamağa çalışdı. Türkiyəli bir jurnalistin təhlükə barədə ucadan qışqırmasından sonra bu şəxs bıçağı ataraq qaçdı”. Aksiyada üzləşdiyi zorakılıqdan sonra ona qarşı ola biləcək bütün təhlükələrə görə M.Kərimov I.Əliyev başda olmaqla Ramil Usubov və Yaşar Əliyevin məsuliyyət daşıdığını bəyan etdi.
Xəyal