Ailə şefi

Dövlət bir ailənin deyil. Ama dövlət bir ailədi. Şərq ailələrində mental olaraq hakimiyyət, adətən, bir nəfərə məxsus olur. O, oğul da ola bilər, qız da, ata da, ana da. Baxır iqtisadi duruma. Burada başçı seçilmir. Maliyyə imkanları onu avtomatik olaraq başçı durumuna gətirir. Hamı onu sevməyə bilər. Ancaq hamı ondan qorxur. Çünki çörəyi əsasən o gətirir, o bölüşdürür. O, hamını ac qoya və ya başqa yollarla cəzalandıra bilər. Instinktiv olaraq buna dözmək, tablamaq mümkündü – bu qeyri-əxlaqi olsa da. Lakin bu başçı öz durumundan, zorundan, iqtisadi hakimiyyətindən istifadə eləyib özündən yaşlını və özündən çox uşağı döyürsə və döydürürsə, artıq burada ailədən söhbət gedə bilməz. Deməli, ailə dağılıb, yerində mafiya yaranıb. Hamı Ailə Şeifnə tabedi. Bu ailə 3 hissəyə bölünür – şefin qulbeçələri, susanlar və tabe olmaq istəməyənlər.

Indi Azərbaycanda vəziyyət belədi.

Bu ailənin başçısı Ilham Əliyevdi. Kor talenin ucbatındanmı, buraxılan səhvlərin üzündənmi – hər nədənsə – o, başçıdı.
Lakin artıq elə bir məqam yetişib ki, o özünü evin əziz-xələf oğlu yox, Şef başçısı sayır. Nə ata-ananın, nə körpələrin ona qarşı getməsinə dözümü var.
Son olaylar dəhşət doğurur. Gənc bir jurnalistin (Ramin Deko) öncə oğurlanması, sonra quldurcasına qaranlıqda yaxalanıb döyülməsi və yeni jurnalistikamızın atalarından-yaradıcılarından biri olan Xaliq Bahadırın döyülməsi və təhqir edilməsi ailə əxlaqının yerli-dibli dağılmasından xəbər verir.

Ilham Əliyev həm ataya, həm körpə qardaşına əl qaldıra bilir. Bu, ilk dəfə deyil. Örnəklər o qədər çoxdu ki! Və bunun üstünə bir də ölkədə sabitlik var, deyirlər. Kimi haçan istəyirsən oğurlatdır, harda istəyirsən döydür, söydür, şikəst elətdir, şərlət, gözdən sal, kimin, istəyirsən evini buldozerin qabağına ver, dağıt, uşağını atasına, atasını uşağına görə şantaj elə, nə bilim… daha nələr, nələr və bir də tükün də tərpənmədən de ki, bizdə sabitlikdi. Qəhr olsun belə sabitlik!

Gerçəkdən, Əliyevin bir uşağı döydürməkdən nə həzz aldığını heç cür anlaya bilmirəm. Azərbaycan ordusundan yadigar gətirdiyi brusellyoz xəstəliyi, zəif, sısqa bədən – Ramin Deko – “Azadlıq” qəzetinin reportyoru, çalışqan gənc. Onu iki bığıburma idmançıya döydürən dövlət başçısı çoxmu ləzzət ala bilər? Hə, deyək ki, oğurlatdın, döydürdün, lap sonra ölüm də gəldi (sizi əzizlərinizin canına and veririk ki, bunu eləməyəsiniz) – bundan nə qazanacaqsız? Sizcə öldürülən, sınan, satılan, şərəfini itirməyə məcbur etdiyiniz bir vətəndaşınız hakimiyyətinizin bir il daha uzanması deməkmi? Əlimi Qurana basaram ki, yox – hər vəhşiliyi hakimiyyət sürəsindən bir az azalma sayın.

Saymayanlar indi Ərəbistan yarımadasında başlarına döyürlər.

Məncə, Əliyev Ramin Dekonu yanına apartdırsaydı, ona öz əlləriylə 5-6 şillə və ya ürəyi soyuyanacan (yox, bu lap çox oldu, onun ürəyi soyumaz) kötək ilişdirsəydi, bir növ acığını soyutsaydı və ona sübut eləsəydi ki, bax, mən səndən güclüyəm, Ramin heç o qədər də bu məsələni açıb-ağartmazdı. Nolar, dövlətimizin başçısı güclü olduğunu hiss etmək istəyir, qoy istəsin, lap hirsi soyusun və daha ağsaqqalı-ağbirçəyi döydürməsin, küçədə itələyib yerə sərdirməsin (mitinqdə yerə çırpdıqları 70 yaşlı ana). Hətta bir dəfə belə yuxu da görmüşdüm –  bizi dövlət başçısının hüzuruna aparıblar, məni və Vidadi Məmmədovu. Başçı qardaş da Vidoşu nə təhər döyür, nə təhər döyür! Ürəyim qopmuşdu az qala.

Hər nəysə, dediyim o ki, kimdə hayıfı varsa, nolar, qardaş deyilmi o da, çağırsın özü döysün. Ancaq ağsaqqallara toxunmasın. Hər halda yedikləri müstəqillik çörəyi Raminin olmasa da, o ağsaqqallardan birinin – Xaliq Bahadırındı.

Ramin, sən isə, ürəyini sıxma, nolar, dövlətimizin başçısıdı, ali baş komandandı, demək lazım gəlib ki, səni döyüb də. De ki, Azərbaycan xalqına xidmət edirəm!