Aksiya iştirakçılarına qarşı hansı zorakı üsullardan istifadə olunub?
İctimai Palatanın təşübbüsüylə 2 apreldə keçirilən etiraz aksiyası həm də polis vəhşiliyilə yadda qaldı. Mitinq zamanı saxlanılanlar həm meydanlarda, həm aparılarkən polis maşınlarında, həm də polis idarələrində zorakılığa məruz qalıblar. “Azadlıq”ın köşə yazarı Xaliq Bahadır, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, Müsavatın Gənclər Təşkilatının sədri Tural Abbaslı, AXCP üzvü Təzəxan Mirələmli və onlarla digər etirazçı polis vəhşiliyinə məruz qalıb.
Tutulanlara qarşı işgəncə kimi, döymə ilə yanaşı, başqa üsullardan da istifadə olunub. Məsələn, Səbayel Rayon Polis Idarəsində 60-a yaxın aksiya iştirakçısını 25 kvadrat metrlik (8 nəfərlik) kamerada saxlayıblar. “Burada ölürük” deyənlərə isə polislərin cavabı bu olub: “Sizi elə ölmək üçün bura salmışıq”. 10 saatdan artıq bu vəziyyətdə saxlanılmaları azmış kimi, onlara su və yemək də verilməyib. Saxlanılanlar vəkillə təmin olunmayıb, ailələrinə xəbər vermələrinə şərait yaradılmayıb. Səhhətində problem yarananlara isə tibbi yardım göstərilməyib. Gecə 2 radələrində saxlanılanların bir hissəsi maşınlara doldurularaq, şəhərdən kənarda buraxılıb.
Artıq hüquq müdafiəçiləri aksiya iştirakçılarına verilən işgəncələr barədə məlumatlandırılıb. Bu barədə “Azadlıq”a məlumat verən hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, bu istiqamətdə araşdırmalarını davam etdirirlər: “Mitinq etmək insanların haqqıdır. Aksiyaçıları həbs etmək bir yana, onları döymək nə deməkdir? Qadınlara, yaşlılara qarşı amansız davranıblar. Gözümüzün qabağında bəzi müxalifət liderlərini döyürdülər. Biz hüquq müdafiəçiləri olaraq, işgəncələri pisləyirik, buna etiraz edirik. Bununla bağlı lazımı orqanlara öz etirazımızı göndərmişik”.
N.Cəfəroğlu həmçinin bugünlərdə AXCP sədri Əli Kərimlinin evi qarşısında təşkil olunan iyrənc aksiyaları da onun ailəsinə qarşı mənəvi işgəncə kimi qiymətləndirib.
Işgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov 2 aprel aksiyasından sonra şəhərin müxtəlif yerlərində monitorinqlər həyata keçirib və polis zorakılığını müşahidə edib: “Aksiyanı dağıdan polislərin zorakılığa yol verdiklərini müşahidə etdik. Qadınlara qarşı da zor tətbiq olunurdu. Hətta aksiya zamanı polislərə yaxınlaşıb xahiş edirdim ki, zorakılığa yol verməsinlər. Bir hüquq müdafiəçisi olaraq, bu cür işgəncə hallarını, qeyri-insani rəftarı qətiyyətlə pisləyirəm”.
E.Həsənli