Fuad Qəhrəmanlı ittihamı absurd sayır

AXCP sədrinin müavini polis nəzarətinə verildi

 

2 aprel mitinqinin təşkilatçısı kimi həbs olunan dörd nəfərə – AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsavat partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, AXCP-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Məhəmməd Məcidli və Müsavatın Gənclər Komitəsinin sədri Tural Abbasova qarşı irəli sürülən ittihamlardan biri götürülüb. Adları çəkilən şəxslərə yalnız CM-nin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər) maddəsilə ittiham elan olunub. Bu barədə “Azadlıq”a Fuad Qəhrəmanlının vəkili Elçin Hamazov məlumat verib.
Vəkil bildirib ki, Fuad Qəhrəmanlı istintaqa təqsirləndirilən şəxs qismində cəlb olunub və Bakı şəhər Prokurorluğunun qərarı ilə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Fuad Qəhrəmanlının ittiham üzrə özünü təqsirli bilmədiyini deyən müdafiəçinin sözlərinə görə, o, ifadəsində də ittihamın əsassızlığını konkret arqumentlərlə ortaya qoyub: “İstintaq dörd nəfəri, o cümlədən Fuad Qəhrəmanlını 2 aprel mitinqinin təşkilatçısı qismində ittiham edir. Çünki mitinq üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciəti bu şəxslər imzalayıb. Fuad da bildirdi ki, həmin müraciət mitinqin “Hərimanov” və “Təbriz” kinoteatrının qarşısında keçirilməsi üçün idi. Amma müraciətə müsbət cavab verilmədi və qeyd olunan məkanlarda mitinq keçirilmədi. Şəhərin mərkəzində mitinqin keçirilməsi qərarını isə İctimai Palata verib. Deməli, təşkilatçı da İctimai Palatadır. Bu halda, ayrı-ayrılıqda hər hansı şəxsi günahlandırmaq absurddur”.
Bundan başqa, iddia olunur ki, 2 aprel aksiyasında 26 nəfər polis xəsarət alıb, müxtəlif obyektlərə ziyan dəyib. Fuad Qəhrəmanlı bildirib ki, əgər belə bir hal olubsa belə, bu, etirazçıların yox, xüsusi təxribatçıların işidir: “Fuad bildirdi ki, hətta həmin təxribatçıların kimliyilə bağlı müxalifətin əlində konkret görüntülər, faktlar var. Onlar müvafiq qurumlara təqdim olunacaq”.
Vəkil Elçin Hamazov onu da əlavə etdi ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı ittihamın əsassızlığını sübuta yetirmək üçün bir sıra addımların tılması, həmçinin istintaq qarşısında müəyyən vəsatətlərin qaldırılması nəzərdə tutulub. Vəkil əmindir ki, obyektiv istintaq aparılsa, bunu sübut etmək çətin olmayacaq.