ATƏT-in müşahidəçiləri aprelin 3-də Qazaxıstanda keçirilən prezident seçkisinin demokratik standartlarına uyğun gəlmədiyini bəyan ediblər.
“Media forum” saytının məlumatına görə, ATƏT-in bəyanatında bildirilir ki, seçkinin gedişində ötən illərdə olduğu kimi çatışmazlıqlar qeydə alınıb. Müşahidəçilər bildirirlər ki, texniki baxımdan seçki qənaətbəxş keçsə də, müxalifətin seçkidə iştirakı tam təmin edilməyib. Seçkiqabağı siyahıya düşən namizədlər hazırkı prezident Nursultan Nazarbayevə rəqiblik etməyə cəhd göstərməyiblər, seçki prosesinin özü isə şəffaf olmayıb.
Bəyanatda beynəlxalq müşahidəçilərin seçki məntəqələrinə buraxılmaması və qutulara saxta bülletenlərin atılması hallarından da bəhs edilir.
ATƏT-in Qazaxıstandakı seçki missiyasının başçısı Daan Evert ümumilikdə seçkinin onların gözlədiyi qaydada keçirilmədiyini vurğulayıb.
Qazaxıstanda prezident seçkisinin gedişini müşahidə etmiş Avropa Şurası Parlament Assambleyası isə ATƏT-dən fərqli olaraq səsvermənin nəticəsinin xalqın iradəsini əks etdirdiyini bəyan edib.
Qazaxıstandakı prezident seçkisinin ilkin rəsmi nəticələrinə görə, dövlət başçısı Nursultan Nazarbayev 95.5 faiz səs toplayaraq qalib gəlib. Onun rəqibləri – senator Qani Qasımov, Xalq Kommunist Partiyasının nümayəndəsi Jambıl Əhmədbəyov və ekoloq Mels Yeleusizov 1.9, 1.4, 1.2 faiz səslə xeyli geridə qalıblar.
70 yaşlı Nursultan Nazarbayev Qazaxıstana 1988-ci ildən rəhbərlik edir. Əvvəlcə Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, daha sonra həm də Qazaxıstan SSR Ali Sovetinin sədri olub. 1990-cı ildən prezidentdir.
***
Nazarbayevi yenə seçdilər
Aprelin 3-də Qazaxıstanda keçirilmiş prezident seçkisində prezident Nursultan Nazarbayev öz postunu qoruyub saxlayıb. Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, Nazarbayev 95.5 faiz səslə qələbə qazanıb.
Seçkidə 4 namizəd iştirak edib. Seçkinin rəsmi nəticələri aprelin 9-da elan olunacaq.
N. Nazarbayev artıq 20 ildir Qazaxıstana rəhbərlik edir (“Azadlıq” radiosu).