“Xəzər Lənkəran” qızıla bərabər iki xal itirdi

Bu gün “Neftçi” “Qarabağ”la qarşılaşır

Dünən Azərbaycan Premyer Liqasında XXV turun oyunlarına start verilib. Ilk oyun günü 3 qarşılaşma baş tutub. Keçirilən oyunların heç birində qalib müəyyənləşməyib. Məhsuldarlıq da çox aşağı olub 3 oyunda qapılara cəmi 2 top vurulub.
Günün mərkəzi oyunu Bakının eyni adlı komandası ilə “Xəzər Lənkəran” arasında olub. Meydan sahibləri üçün oyun o qədər əhəmiyyət kəsb etməsə də, qonaqlara qələbə hava-su kimi lazım idi. Son illər “Bakı” Cənub təmsilçisi üçün arzuolunmaz rəqibə çevrildiyindən bu qarşılaşmada da qonaqları çətin oyun gözlədiyi əvvəlcədən proqnozlaşdırılırdı. Belə də oldu. Tərəflərin səylərinə baxmayaraq oyunda hesab açılmayıb. Beləliklə, “Xəzər Lənkəran” çempionluq yolunda qızıla bərabər iki xal itirib.
Oyundan sonra “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik hakimlikdən şikayətlənib: “Rəqibdən daha yaxşı oynasaq da, bəxtimiz gətirmədi. Başa düşmürəm, hakim bizim qolumuzu niyə hesaba almadı?”
Rumıniyalı mütəxəssis “Bakı”nın qapıçısının oyununu da xüsusi qeyd edib: “O, əla oynadı. Firkimcə, bu qarşılaşmada qazanılan bir xal bizim çempionluq mübarizəmizi davam etdirməyimizə imkan verəcək”.
“Bakı”nın baş məşqçisi Aleksandrs Starkovun oyunla bağlı mövqeyi isə belə olub: “Ilk hissədə eyni səviyyəli oyun getdi. Kifayət qədər qol imkanları yarada bildik. Ikinci hissədə isə üstünlük müəyyən qədər rəqibin tərəfinə keçdi. Qapımızın qarşısında gərginlik yaratsalar da, müdafiə xəttimiz və qapıçı inamlı oynadı. Heyətdə gənc futbolçulara şans verdik. Bəxtiyar Soltanovun çıxışından razı qaldım”.
Dünən Premyer Liqada həmçinin MOIK “Muğan”la, “Qəbələ” isə “Gəncə” ilə qarşılaşıb. Hərbçilərin oyununda hesab açılmayıb. “Qəbələ” – “Gəncə” oyununda isə qapıların hərəsinə bir qol vurulub.
Bu gün “Simurq” öz meydanında Tovuz təmsilçisi “Turan”ı qəbul edəcək. Beynəlxalq Bankın himayə etdiyi “Inter” isə AZAL-ın qonağı olacaq. Saat 16.00-da isə Tofiq Bəhramov adına Respublika stadionunda “Neftçi” və “Qarabağ” komandaları üz-üzə gələcək.