Bu yaxınlarda Rusiya kanallarının birində filosof M.Baxtin haqda maraqlı bir verilişə baxdım. Son cümlə mənə xüsusilə ləzzət etdi. Xüsusən də bir ifadə. Bəli, “Rusiya ilə roman” ifadəsi. “Onun Rusiya ilə romanı çox uğurlu oldu” – fikir tam olaraq belə idi. Bu vaxta qədər belə epitet eşitməmişdim. Sürgün, məhrumiyyətlər və standart anlamda özünü reallaşdıra bilməmək, amma bir yekun olaraq, xoşbəxt roman… Necə deyərlər, əsl “happy end”!
Nəsə, özüm də hiss etmədən birdən bütün yaradıcı insanlara paxıllıq etdim. Hamı istərdi ki, onun həyatını “Vətəni ilə xoşbəxt roman” adlandırsınlar! Amma bikef və pərt olmağa dəyərmi? Güman ki, bu epiteti M.L.Kinq kimi adamlara da həsr etmək olar…
Rusların ictimai-fəlsəfi fikrində bir detala diqqət yetirmək və bir fikri yada salmaq istərdim. Ruslar Rusiyanı canlı, hətta deyərdim, qadın kimi təsəvvür edirlər və onu əsl qadın kimi sevirlər! Bilirsiniz, bu, çox gözəl bir yanaşmadır. “Rusiya ilə roman” ifadəsi də buradan qaynaqlanır, çünki roman ancaq sevimli qadınla ola bilər…
Həzz və iztirab
Bir dəfə də başqa bir rus yazarın yazısında analoji fikrə rast gəlmişdim. O da Rusiyanı qadın kimi təsəvvür edib, Z.Freyd stilində bir yazı yazmışdı və söhbət daha çox siyasi kontekstdə gedirdi. Amma nəticə Baxtinin nəticəsini bir qədər inkar edirdi. Həmin yazarın qənaətinə görə, siyasətçilərin Rusiya ilə romanı və ya izdivacı sonuncu üçün heç də “xoşbəxt roman” adlandırıla bilməz.
Bəli, qənaət belə idi. Və təəssüf ki, bunu bir çox siyasətçilərin və ictimai xadimlərin Vətənlə təmaslarına şamil etmək olar. Incidilən, əzilən və sonda da “qocalar evi”nə atılan Vətən! Bir çox hallarda təəssüf ki, nəticə bu cür olur. Vətən üçün “qocalar evi” nə deməkdir? Yad tapdağı və cahillərin Vətəndə at oynatması! Bəli, bəzən Vətənin aqibəti belə də olur…
Tarix yarada bilmirsənsə…
Tarix yarada bilmirsənsə, tarixin vintinə çevrilirsən. Sənə illər boyu elə gəlir ki, sən də tarixin mühərriklərindən birisən, amma sonda məlum olur ki, heç adi bir vint də olmamısan. Yenə də M.Baxtinə qayıtmaq istəyirəm. Mənə elə gəlir ki, dahilər lap əvvəldən öz missiyalarını bilirlər. Bəli, indi akademikləri xatırlamırlar, amma ömrü boyu elmlər namizədi və dosent kimi qalmış insan, bu gün bütün dünyada ədəbiyyatın filosofu kimi qəbul edilir. Tarixin sürprizi, yaxud oyunudurmu bu? Yox, məntiqi sonluqdur. Elə bir əziyyət çəkmədən o da həmin akademiklərdən biri ola bilərdi. Amma daha çətin missiya seçdi. Deyilənə görə, M.Baxtin özünə filoloq və ya filosof yox, mütəfəkkir deyirmiş və özünü mütəfəkkir hesab edirmiş. Çox güman ki, M.Mamardaşvili də belə olmuşdu. Insan biçimini özü müəyyən edir və bütün ömrü boyu ona doğru gedir – belələri həyatda həmişə uğur qazanır. Əksəriyyət üçün ən dəyərsiz şey zaman olur, amma onlar zamanın hər saniyəsi üstündə əsirlər və sonda da tarix yaradırlar. Zaman da onları qiymətləndirir…
Zaman dedim, bir detal da yadıma düşdü. Belə bir fizik olub – E.Fermi. Bir dəfə ondan soruşurlar ki, planlarının neçə faizini həyata keçirə bilmisən? Deyir ki, cəmi üçdən birini! O, əlli ildən bir qədər artıq yaşamışdı. Amma insanlar var ki, 80-90 il yaşayır, amma bu dünyada izi-tozu da qalmır.
Bir az da siyasətdən
Nəsə, bu gün siyasətlə bağlı ciddi bir şey yaza bilmədim. Olur. Bəzən fikirlər səni başqa istiqamətə aparır. Əslində siyasət nədir ki? Hər yazının içində bircə siyasi tezis olsa, o da yetərlidir. Bugünkü yazının içində də bir siyasi tezis var: Vətənlə roman! Kim bu romanı necə yaşayır?! Siyasət deyilmi bu?
Yenə də M.Baxtinə üz tuturam. Sovetlərin onu sevməməsinin axı səbəbi nə idi? Məsələn, onun nəzəriyyəsindəki polifoniya anlayışı. Totalitarizm elə əsl monoloqdur, demokratiya isə polifoniyanı sevir. Tək səs, yoxsa bir neçə səs – fərq bundadır… Məgər bu siyasət deyil? Açın bütün telekanalları, monoloq baş alıb gedir! Mən əvvəldə bu haqda yazmaq istədim. Sonradan fikrimdən daşındım. Dedim, iki-üç adamın diqqətini M.Baxtinə cəlb etsəm daha yaxşı olar, çünki qalanlar ötəridir…