Telekanallar Azərbaycana qarşı

“Azərbaycanın rüşvətə qarşı” olması sual altındadır. Səbail bələdiyyəsinin torpaq satan sədrinin, mənzil-istismar sahəsinin rüşvət alan mühəndisinin əlində pul tutulması “rüşvətə qarşı” olmaq deyil hələ. Dünya həkimləri illərdir sağalmaz xəstəlik olan xərçəngin müalicəsi üzərində baş sındırırlar. Müqayisədə bəzi uğurlar əldə olunub, amma hələ də xərçəngə tutulan hər kəs gec, ya tez öləcəyini bilir. Öləcəyini bilib yaşamaq ağırdır, gündə min yol ölüb dirilməkdir. Bu gün Azərbaycanı cənginə alan rüşvəti həmin o zəhrimar xərçəngə bənzətmək olar; canımıza, qanımıza, iliyimizə işləyib. Sağalmaq olmur, çünki gerçək sağlamlıq barədə düşünən, çalışan yoxdur. “Azərbaycanın rüşvətə qarşı” olması sadəcə telekanalların uydurmasıdır. Amma telekanalların Azərbaycanın gələcəyinə qarşı olması kəsindir. Və bu münasibət ərəb dünyasında çalxalanmalardan, inqilablardan sonra başlayıb. Azərbaycan gəncliyinin hakimiyyətə qarşı konkret çıxışlarından, kütləvi etiraz aksiyalarına çağırışlardan sonra telekanallar, təbii başda AzTV olmaqla, sonucları fəlakətə səbəb ola biləcək təbliğat kampaniyasına başlayıblar. Bütünlüklə hakimiyyətin nəzarəti altında olan tv-lər sifarişli təbliğat apararkən hansı bəlalara səbəb olacaqlarının fərqində deyillər. AzTV cidd-cəhdlə cavanlarda “azad ölkə, azad cəmiyyət” arzusunda olan vətəndaşımıza qarşı aqressiv düşüncə, düşmən münasibət formalaşdırır. Hər axşam AzTV-nin “Xəbərlər”ində, Əli Həsənovçu Ibrahim Məmmədovu karyera pillələrinə doğru aparan “Əsas məsələ”də məhz gənclərə meydan verilməsi, ağzının sözünü, sözünün çəkisizliyini bilməyən cavanların dilindən qorxulu hakim çağırışlar eşidirik: “Aidiyyəti qurumlardan xahiş edirəm, müvafiq təşkilatlara səslənirəm, hakimiyyətdən, hüquq-mühafizə orqanlarından tələb edirəm”… Bu tələblərin hamısı hakimiyyətə etiraz edənlərə qarşı ciddi ölçü götürülməsinə yönəlib. AzTV azad həyata can atan gəncliyə qarşı aqressiv çıxışlar üçün yaraşıqlı qızlar, yanağından qan daman, bahalı geyimli oğlanlar seçir – görkəmlərindən bəllidir; hamısı imkanlı ailələrin övladıdır. Hər axşam həvəslə efirə çıxıb yaşıdlarını qandallatdırmağa hazır olan, gecələr öz çıxışlarına barlarda baxanların əxlaqı barədə düşünəndə reper Hüseyn Dərya və onun taleyi yada düşür: “Nə qədər ki, pul var-kef elə”, “nə qədər ki, qız var, kef elə. Kef elə!”. Gəncləri diqtə edilmiş çıxışlarla efirə çıxarmaqla onların əxlaqını korlayırlar, “parçala, əz, öldür, amansız ol” – telekanallar bu yöndə aşkar iş aparırlar. “Azərbaycan gəncliyi bu gün xaricdə yaşayan yüz minlərlə azərbaycanlı gəncdən ibarətdir. Biz Ilham Əliyevin siyasətini dəstəkləyirik” – dedizdirir dövlət televiziyası çıxışçılardan birinə. I.Əliyevi Türkiyədən dəstəkləmək asan, eyni zamanda maraqlı və gülməlidir. “Çiçəklənən Azərbaycan” – ifadəsi Rusiyada, Ukraynada, Qazaxıstanda məskunlaşan gəncin dilində necə də saxta səslənir.

Ikinci, daha ağrılı məsələ. Telekanalların cavanları yönəltdiyi bu davranış – gənclərin tələbə yoldaşına, dostuna, qohumuna, qonşusuna, hətta ailə üzvünə qarşı çıxmaqla irəli gedə biləcəyinə, problemsiz təhsil, maneəsiz iş yeri, uğurlu karyera əldə edə biləcəyinə inam yaradır. Bu o deməkdir ki, Azərbaycan gəncliyində diktarura rejimində yaşamaq vərdişi formalaşdırılır. Demək, yalan-yaltaqlıqla idarəçilikdə onların da payı olacaq. Bu gün “Muğam müsabiqəsi”nin Xırdalandakı konsertində quraşdırılmış formada şəhər rəhbərliyini tərifləmək üçün guya icazə alan, bununla Abşeron rayonundan deputat olan, müsabiqənin yayımlandığı dövlət kanallarının sədrinin sifarişini yerinə yetirən xalq artisti Əlibaba Məmmədov, kanalizasiyası, xəstəxənası, doğum evi, kitabxanası, abad bağı-baxçası olmayan, “hər şeyin təzəsi, Əhmədlinin köhnəsi” – deyən Əhmədli kəndinin 70 yaşlı sakini də asan yaşamağın, rahat ölməyin yolunu yaltaqlıqda görür, 20 yaşlı tələbə qızlar, oğlanlar da universitet auditoriyalarından birbaşa dövlət qulluğuna gedən yola yaltaqlıqla başlayır. “Meşə qardaşları”, “başıqırxıqlar”, manyaklar, fərarilər, satqınlar, vətən xainləri belə-belə formalaşır – əyri yolla. Kimsə anadan qatil doğulmur, qatilləri qüsurlu cəmiyyət, cəmiyyətdəki fərdlər yetişdirir. YAP-çı Əli Əhmədov sosial şəbəkələrdə yaşıdlarını etiraz aksiyalarına səsləyən gənclərə “qara qüvvələr, çirkin qüvvələr” – deyir. Çirkinlik gerçəkdən efirdən daha eybəcər görünür.

Sənubər Ismayılova,

sanubar@list.ru