Mitinq günü ölkə boyu fövqəladə rejim yaşanıb

Bakıya giriş-çıxış bağlanıb; bölgələrdə total yoxlamalar və həbslər olub

Hələ İctimai Palatanın dünənə təyin etdiyi aksiya başlamamış Bakıya daxil olan bir çox sərnişin avtobuslarında ciddi axtarış aparılırdı. Şəhərin bütün giriş-çıxışı nəzarətə götürülmüşdü. Bütün bu proseslər eyni zamanda rayondakı həbslərlə müşahidə olunurdu.

Sabirabad və Cəlilabadda mitinq öncəsi həbslər

Öncə diqqətinizə dünən əyalətlərdə baş verənləri çatdırırıq. Sabirabaddan aldığımız məlumata görə, dünən AXCP-nin yerli rayon şöbəsinin sədri Səttar Şahlarov və fəalları Məcid Mehralıyev, Qafur Əliyev, Tofiq Zeynallı, Imran Hüseynov həbs olunublar. Polis AXCP fəallarını “sözün həqiqi mənasında oğurlayaraq aparıb”. Onların həbs olunduğunu partiyanın yerli fəalları müəyyən mənbələr hesabına dəqiqləşdirə biliblər. Polis hər hansı izahat verməsə də, Sabirabad cəbhəçilərinin Bakıda keçiriləcək mitinqlə əlaqədar həbs olunduqları aydın idi.
Cəlilabadda da mitinqlə əlaqədar həbslər olub. Müsavatın yerli təşkilat fəallarından Əlipənah Rzayev, Rahim Axundov və daha 3 nəfər həbs olunub. Bu şəxslərin də həbsində kifayət qədər qaranlıq məqamlar var idi.

Avtobusların hərəkətinə qadağa

Salyan polisi də mitinq günü “iş başında” olub. Belə ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları dünən səhərdən rayondakı avtovağzala gələrək Bakıya sərnişin daşınmasını yasaqlayıb, avtobusların sərbəst hərəkətinə açıq əngəl törədiblər. Bu barədə Müsavat Məclisinin üzvü Valeh Hümmətoğlu xəbər verib. Onun sözlərinə görə, polislər avtobus və mikroavtobus sürücülərinin sənədlərini alıblar. Özlərinə isə tapşırıblar ki, həmin gün Salyandan Bakıya reys etməsinlər. Salyan-Bakı arasında sərnişindaşıma xidməti göstərən taksi sürücülərinin də fəaliyyəti nəzarətə götürülüb.
Imişlidən isə Bakıya gələn avtobus və maşınlar rayonun çıxışında ciddi şəkildə yoxlanılıblar. Hansı nəqliyyat vasitəsində yerli müxalifət fəalı olubsa, həmin nəqliyyat vasitəsi bütün sərnişinləri ilə birlikdə geri qaytarılıb.
AXCP-dən verilən başqa bir məlumata görə, eyni mənzərə mitinq öncəsi Göyçay, Zaqatala, Balakən, Qax və Şəki rayonlarında da müşahidə olunub. Məsələn, Göyçay rayonundan daxil olan məlumata görə, aksiyaya bir neçə gün qalmış müxalifət fəalları polis bölmələrinə aparılaraq sorğu-suala tutulublar. Polis bölmələrinə çağırılanlara psixoloji təzyiqlərlə yanaşı, bir çox hallarda fiziki təzyiq də göstərilib. Eyni zamanda rayondan şəhərə gələn avtobuslar da ciddi maneələrlə üzləşiblər.
Bərdədə isə Bakı şəhərində aksiya bitdikdən sonra belə polislərin şəhərin mərkəzində gəzişməsi səngiməyib. Bir çox hallarda polis əməkdaşları sakitcə şəhərdə gəzişən şəxsləri saxlayaraq sorğu-sual ediblər.
Redaksiyamıza daxil olan məlumata görə, respublika üzrə rayonlararası polis postlarına rayonlar üzrə müxalifətçilərin siyahıları paylanıbmış. Postlara həmçinin əlavə polislər cəlb olunub.

Şəhərə giriş qadağandır

Bakının özündə isə şəhərə bütün giriş-çıxışlar polis nəzarətinə götürülmüşdü. Mitinqin təyin olunduğu Fəvvarələr meydanı və ətraf ərazi də çoxlu sayda polis qüvvələrinin nəzarətindəydi. Fəvvarələr meydanına aparan bütün küçələrin girişində polis postları qurulmuşdu. Sahil metrosunun giriş-çıxışında da polislər cəmləşmişdi.
Sumqayıtda polis içərisində 18 nəfər olan sərnişin avtobusunu saxlayıb. Səbəb avtobusda Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi birliyinin rəhbəri Elçin Məmməd və üzvləri Seymur Şirinov, AXCP fəalı Elçin Həsənovun olması olub. Polislər avtobusu bütün sərnişinləri ilə birlikdə polis bölməsinə aparıblar. Avtobusu 90 AV 929 nömrə nişanlı PPX və 10 YP 610 nömrəli DYP maşınları müşayiət edib. Polis bölməsindəki araşdırmalardan sonra 18 nəfərin 16-sı azadlığa buraxılıb. Amma bir neçə saat polis bölməsində saxlanılan E.Məmməd və S.Şirin daha sonra Sumqayıt şəhər prokurorluğuna aparılıblar. Günün sonunda redaksiyamıza daxil olan məlumata görə, E.Məmməd və S.Şirin barəsində hansısa ölüm faktı ilə bağlı cinayət işi qaldırmaq istəyirlər. Informasiya gec daxil olduğundan onu müvafiq strukturlarla dəqiqləşdirə bilmədik.
KXCP-nin Sumqayıt şəhər şöbəsinin sədri Şakir Məmmədov, Ali Məclis üzvü Gülağa Adıgözəlli və şöbənin 3 fəalı mitinqdə iştirak etmək üçün Sumqayıtdan Bakıya maşınla gələrkən 90 AL 142 dövlət nömrə nişanlı PPX maşını onları saxlayaraq polis idarəsinə aparıb.

Xəyal