“Vətəndaşların istirahət hüququ” deyə icazə vermədikləri möhtəşəm 2 aprel mitinqində bir detal diqqətimi çəkdi: “Nizami” kinoteatrının təmiri ilə məşğul olan fəhlələr iş başında idilər. Həftəsonu və istirahət günü olmasına rəğmən.
Qoy xalqın istirahət hüququnun qeydinə qalan əli həsənovlar, rəbiyyət aslanovalar gedib o fəhlələrin qeydinə qalsınlar. O fəhlələri istirahət günü belə, çalışdıranlardan soruşsunlar ki, camaatın istirahət hüququnu niyə pozurlar? Bakını başına götürən “qul bazarları”na getsinlər və orada iş ümidi ilə oturub gözləyən insanların yaxasından yapışsınlar. Soruşsunlar ki, niyə istirahət etmirlər? Niyə gedib həftəsonu evlərində ayaqlarını rahat uzadıb dincəlmirlər, uşaqlarını oynatmırlar?
Vətəndaşların istirahət hüququ imiş… Yox bir dəvə başı! Axı siz nə vaxtdan hüquqpərəst oldunuz? Sizin hüquqa sayğınızı dünən gördük. Bakı polisinin general rütbəli rəis müavini Yaşar Əliyevin etirazçılara “nəyə anqırırsınız ə, nəyə anqırırsınız?” deyib çəmkirməsindən hüquqa sayğınız da, tərbiyə səviyyəniz də bəllidir. “Çakır” rütbəli polis zabiti Süleyman Nemətovun əlini ovuşdura-ovuşdura “döyməyə adam axtarıram” deyə etirazçıları qapmasından gördük sizin hüquqa, qanunlara, insanlığa münasibətinizi. Sizin ağzınızda “hüquq” sözü özünün bütün müqəddəsliyini, dəyərini itirir. Sizin ağzınızda “hüquq” sözü “analoqu olmayan inkişaf”, “ümummilli lider”, “regionun lider dövləti” kəlmələri qədər iyrənc, ürəkbulandırıcı səslənir. Sizin bundan sonra hüquqa ən böyük sayğınız “hüquq” sözünü ümumiyyətlə, dilinizə gətirməməyiniz olardı. Bacarırsınızsa, bunu edin. Bacarmırsınızsa, onsuz da biz sizə hüququn nə qədər qutsal, nə qədər müqəddəs bir dəyər olduğunu sübut edəcəyik.
Biz niyə savaşırıq?
Siz dünən “vətəndaşların istirahət hüququ”nu əlinizdə bayraq edib bizim toplaşmaq hüququmuzu ayaqlar altına atarkən əslində özünüz də bal kimi bilirdiniz ki, biz məhz Azərbaycan xalqının istirahət hüququ uğrunda küçələrdə idik. Biz dünən “artıq bu ölkə korrupsiyadan dincəlsin!” deyə meydanlara çıxmışdıq.
Bu dövlət və bu xalq artıq rüşvətxorluqdan istirahət etməlidir. Yalandan, yaltaqlıqdan istirahət etməlidir. Artıq Azərbaycanın talançılıqdan, sümürücülükdən, məmur harınlığından dincəlməsinə ehtiyac var.
Azərbaycan insanı ədalətsiz məhkəmələrdən istirahət etsin deyə… Xəstə səhiyyə, savadsız təhsil sistemindən istirahət etsin deyə… Bir ailənin bitib-tükənməyən hakimiyyət ehtirasından, sərvət hərisliyindən istirahət etsin deyə meydanlara çıxmışdıq dünən.
Bu ölkə bir ovuc mənfəətpərəst, oğru, cibgir insandan xilas olub istirahət etməyincə hansı istirahət hüququndan danışmaq olar? Xalqın canı korrupsiyadan, özbaşınalıqdan, ədalətsizlikdən, monarxiyadan dincəlməyincə bu ölkədə hansı dincəlmək, hansı istirahət haqqından danışmaq mümkündür?
İlham Əliyev kimi alqışlayırdı?
Dünən biz Bakı küçələrində zora, zopaya qonaq edilərkən sən demə, Ilham Əliyev paytaxtın idman salonlarından birində Azərbaycan voleybolçularının hansısa ölkə komandası ilə qarşılaşmasını izləyirmiş. Bu oyunu canlı yayımlayan telekanalı izləyən dostlardan birinin dediyinə görə, tez-tez ekranda Ilham Əliyevi voleybolçuları alqışlayarkən göstərirlərmiş.
Amma mən əminəm ki, bir qulağı Bakı küçələrindən gələn xəbərlərdə olan əlahəzrət əslində həmin vaxt vətəndaşlarını amansızcasına döyən, qəddarcasına əzişdirən, onunla düşmən kimi davranan polislərini alqışlayırdı.
Bütün seçilməmiş rəhbərlərə xasdır bu. Onları xalq seçmədiyi üçün bu yolla qisas alırlar. Həm qisas, həm də zövq.