Suriyada yenə qan töküldü

Hökumət qüvvələri paytaxtda keçirilən antihökumət mitinqinə sərt müdaxilə etdi

Günlərdir hökumət əleyhinə aksiyaların keçirildiyi Suriyada xalq dünən Cümə namazından sonra küçələrə axışıb. Paytaxt Şamda Bəşər Əsədin istefası tələbiylə keçirilən mitinqə hökumət qüvvələri sərt müdaxilə edib. Nəticədə 3 aksiya iştirakçısı həlak olub, onlarla yaralı var.

Paytaxtın Duma bölgəsindəki Bələdiyyə Meydanına toplaşan minlərlə etirazçı “Azadlıq, Azadlıq!”, “Suriya xalqı təkdir” şüarları səsləndirib. “Reuters” agentliyi hakimiyyət əleyhinə mitinqlərin paytaxtdan başqa ölkənin Banyas və Lazkiyə şəhərlərində də keçirildiyini bildirib.

Suriyadakı etirazların başladığı Dəraa şəhərində dünən də hakimiyyət əleyhinə kütləvi aksiya keçirilib. 5 mindən artıq müxalifət tərəfdarının keçirdiyi mitinqdə “Biz Azadlıq istəyirik”, “Bəşər Əsəd, artıq bizi rahat burax” şüarları səsləndiriblər.
Dünən Bəşər Əsəd hakimiyyətinə qarşı etirazlar başlanan gündən bu yana qeyri-adi hadisə baş verib. Belə ki, ölkənin şimal-şərqində yaşayan kürd əsilli insanlar da iqtidar əleyhinə mitinqlərə qatılıb.

Bu arada ABŞ öz vətəndaşlarını Suriyaya səfər etməməyə çağırıb. Dövlət Departamenti hazırda Suriyada olan ABŞ vətəndaşlarına bu ölkəni ən qısa zamanda tərk etməyi məsləhət görüb. Açıqlamada amerikalılar üçün ən çox Lazkiya və Dəraa şəhərlərinin təhlükəli olduğu bildirilib.

ABŞ Dövlət Departamentinin bəyanatında o da vurğulanır ki, vətəndaşların etiraz aksiyalarını Suriya hökumətinin “xarici qüvvələrin sövdələşməsi” kimi qələmə verməsi bu ölkədə ksenofobiya dalğasına gətirib çıxara bilər.

Informasiya şöbəsi