Daxili işlər naziri Ramil Usubov 2 aprel mitinqi ilə bağlı maraqlı açıqlama verib. Vətəndaşların gözünü qorxudaraq onları aksiyadan yayındırmağa hesablanan bu açıqlamada nazir açıq aşkar hədə-qorxu da gəlib. Hələ mitinq baş tutmamış R.Usubov nəticənin necə olacağının proqnozunu verib:
“Polis qanunsuz mitinqə gəlməyə, orada müəyyən çıxışlar etməyə imkan verməyəcək və orada qarşıdurma olacaq. Bu, polisə müqavimət kimi qiymətləndiriləcək və hüquqi qiymət veriləcək. Cinayət işi qaldırılacaq və bu işin təşkilatçıları da, aktiv iştirakçıları da qanun qarşısında cavab verəcəklər”.
R.Usubov aksiyanın qarşısının alınmasını Azərbaycan xalqının demokratik cəmiyyətdə yaşamaq arzusuna dəstək kimi qiymətləndirib: “Biz imkan verə bilmərik ki, Azərbaycan xalqının demokratik cəmiyyətdə yaşamaq arzusuna kimlərsə problem yaratsın, kölgə salsın”.
«Daxili işlər naziri belə bir çağırış etməklə vətəndaşların hüquqlarını pozub»
Hüquqşünas Ənnağı Hacıbəyli bildirir ki, Azərbaycanda demokratik cəmiyyətin qurulmasına mane olan əsas qüvvələrdən biri elə Daxili Işlər Nazirliyidir: “Vətəndaşların sərbəst toplaşmaq hüququ var. Polisin insanların bu hüququna qabaqcadan müdaxiləsi Konstitusiya və qanunların pozulması deməkdir. Daxili işlər naziri belə bir çağırış etməklə vətəndaşların konstitusion hüquqlarını pozub və onları öz hüquqlarından istifadə etməkdən çəkindirib. Hələ aksiya başlamamış ayrı-ayrı adamları, xüsusən də əvvəlki mitinqlərdə fəallıq göstərənləri həbs ediblər. Bu yolla mitinqin qarşısını almağa çalışırlar. Bunun özü də insanların qanuni hüquqlarını həyata keçirməsinə qanunsuz müdaxilədir”.
«Aksiya olmamışdan orada baş verəcəklər barədə qəti fikir yürütmək yanlışdır»
Hüquq müdafiəçisi Novella Cəfəroğlu hesab edir ki, Ramil Usubovun belə bir bəyanatla çıxış etməsi olduqca yanlışdır: “Əvvəla nazir bilməli idi ki, aksiya olmamışdan orada baş verəcəklər barədə qəti fikir yürütmək düzgün deyil. Əgər hanısa iğtişaşa, qarşıdurmaya və ya başqa növ qanunsuzluğa şahid olsalar, bunu deyə bilərlər. Mitinqdən qabaq belə bəyanat vermək demokratiyaya ziddir. Amma təəssüf ki, nazir bunu yox, aksiyanın qarşısının alınmasını demokratiya kimi qiymətləndirir”.
N.Cəfəroğlu həm özünün, həm də Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun bütün üzvlərinin 2 aprel mitinqində olacağını da bildirib.
«Ramil Usubovun hədə dolu bəyanatı insanları aksiyadan yayındırmağa hesablanıb»
Hüquq müdafiəçisi Vidadi İsgəndərli da aksiyada olacağını və monitorinq aparacağını bildirir: “Mitinqi izləyəcəm, hansı aksiyaçıya qarşı polis özbaşınalığı olsa, bu barədə aidiyyəti qurumları məlumatlandıracam. Inanmıram ki, bu mitinqdə Azərbaycan polisi sivil davransın. Ramil Usubovun hədə dolu açıqlamasından və insanları aksiyadan yayındırmağa hesablanan çağırışından bunu açıq şəkildə görmək olur”.