Müxalifətin etirazları ilk bəhrəsini verir

Ilham Əliyev su pullarından yığılan borcların silinəcəyini vəd verdi

Prezident Ilham Əliyev martın 31-də Sabunçu rayonunun Zabrat qəsəbəsinin sakinləri ilə görüşündə içməli su ilə bağlı keçmişdən yığılmış borclardan da danışıb. I.Əliyev bu sahədə yaranan problemlərdən və yol verilən nöqsanlardan xəbərdar olduğunu deyərək keçmiş borcların silinəcəyi ilə bağlı vəd verib: “Mən bilirəm ki, o borcların ödənilməsində müəyyən problemlər var. Çünki bəzi hallarda o borclar düzgün hesablanmayıb və əhaliyə tətbiq olunan cərimələr də bəzi hallarda əsassızdır. Ona görə mən Nazirlər Kabinetinə göstəriş vermişəm ki, məsələyə baxsınlar və biz əvvəlki dövrdə yaranmış borcları silək”.

Hökumətin jesti nəyə hesablanıb?

Azərbaycanda kommunal borcların ödənməsində hər zaman problemlər olub. Sosial çətinliklər ucbatından sadə insanlar bu borcları vaxtı-vaxtında ödəmək iqtidarında olmayıblar. Əslində böyük neft gəlirləri olan ölkələr var ki, orada əhalidən kommunal xidmətlərə görə ya ümumiyyətlə ödəniş tələb olunmur, ya da məbləğ simvolik olur. Azərbaycanda isə bu məsələ nəinki aktualdır, hətta bu xidmətlər üçün haqlar ildən-ilə artırılır. I.Əliyevin qəfildən belə bir jest etməsinə gəlincə, aydın məsələdir ki, əsas səbəbkar yenə ərəb ölkələrində baş verən inqilablardır.
Siyasi müstəvidə heç bir güzəştlərə getməyən hökumət hələlik bu cür üsullarla insanların qəzəbini yatırmağa çalışır. Hökumət başa düşür ki, sərbəst toplaşmaq və ifadə azadlığına imkan vermək bu iqtidarın sonunu gətirə bilər. O üzdən də hələlik yeganə çıxış yolu korrupsiyaya qarşı mübarizə kampaniyası aparmaq, kommunal borcları silmək və bu tip addımlara getməkdir.

Borclarla birlikdə nöqsanlar da silinəcək?

Azərbaycan kimi işsizlərin və yoxsulların çoxluq təşkil etdiyi ölkədə kommunal borcun silinməsi müsbət addımdır. Amma məsələ ondadır ki, içməli suya məsul olan idarə yığılan borcları sıfırlamaq fikrində deyil. Ənənəyə uyğun olaraq bu dəfə də “Azərsu” hökumətə iri borc siyahısı təqdim edib ödəniş tələb edəcək. Vəsait də dövlətin cibindən silinəcək. Burada maraqlı məqam ondan ibarətdir ki, illərdir bu idarə bir çox insanlara işlətmədiyi suyun müqabilində fantastik borclar yazıb. Yaxud da alınan ödənişin müqabilində bir sıra sakinlərə qəbz verməyib. Borcların silinəcəyi təqdirdə hökumətə təqdim olunacaq siyahı isə bir növ keçmişdəki nöqsanları və yeyintiləri ört-basdır edəcək. Bu isə o deməkdir ki, borcların silinməsi prosesində yenə iri korrupsiya əməliyyatı olacaq.
Amma hər halda hökumətin borcları silməklə bağlı məlum addımını Azərbaycan müxalifətinin uğuru kimi qiymətləndirmək olar. Məhz müxalifətin prinsipiallığı və tələbkarlığı insanları ərəb dünyasında olduğu kimi, öz haqları uğrunda mübarizəyə səfərbər etdi.

Ekspert nə deyir?

Dövlət başçısının bəyanatını dəyərləndirən iqtisadçı ekspert Rövşən Ağayev “Media forum” saytına deyib ki, borcların ləğvi Mülki Məcəllənin tələblərinin yerinə yetirilməsidir: “Mülki Məcəlləyə görə, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Bəzən istehlakçılardan son üç ilin debitor borcundan əlavə əvvəlki illərin kommunal borcları da tələb edilir, bu isə qanunsuzluqdur. Bu qanunsuzluğun aradan qaldırılması üçün borcların silinməsi doğru addım olardı”.
Bununla belə, ekspert qeyd edib ki, içməli suya görə borcların mexaniki silinməsi ilə bütün problemləri aradan qaldırmaq mümkün deyil: “Kommunal xidmətin keyfiyyəti məsələsinə diqqət yetirilməli, xidmət göstərən təşkilatlarla istehlakçılar arasında münasibətlərin tənzimlənməsi mexanizmi, xüsusilə öhdəliklərin icrası məsələsinə yanaşma dəyişməli, bu sahədə şəffaflıq yaradılmalıdır.

Qanunvericilikdə istehlakçıların hüquqlarının qorunması ilə bağlı boşluqlar var. Misal üçün, istehlakçı bu ayın borcunu ödəyir, bundan sonra bəlli olur ki, ondan əvvəlki ilin filan ayının borcu varmış. Tədiyyə sənədində borc artan məbləğlə göstərilməlidir. Yəni sonuncu borc hansıdırsa, o göstərilməlidir. Əks halda bunun öhdəliyi xidmət göstərən təşkilatın öz üzərində qalmalı, vətəndaşın borcu avtomatik silinməlidir”.

Gültəkin