“Mənə qarşı aksiyaları İlham Əliyev təşkil etdirib”

Əli Kərimli: «Biz, indiki hakimiyyətdə olanların əksəriyyəti kimi fərarilik etməmişik»

«Azərbaycan hökuməti indi tələblərimizi qəbul etməsə, nə vaxtsa, bu tələbləri vaxtında qəbul etmədiyinə peşman olacaq»

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli “Amerikanın səsi” radiosuna müsahibəsində son günlər ölkədə baş verən olaylarla bağlı sualları cavablandırıb.

– Aprelin 2-də keçiriləcək mitinqlə bağlı hazırlıq işləri nə yerdədir? Mövcud situasiyanı necə qiymətləndirirsiniz?
– Mitinqə hazırlıq çox yüksək səviyyədə aparılıb. Mitinq Ictimai Palata tərəfindən təyin edilib və Mitinq Komitəsi hazırlıq işləri aparıb. Baxmayaraq ki, bir neçə gündür həbslər başlayıb, müxalifət funksionerləri həbs edilir, hesab edirəm ki, mitinqin keçirilməsinə mane ola bilməyəcəklər və aksiya yüksək səviyyədə keçiriləcək.
Çoxlu həbslər var, artıq AXCP Rəyasət Heyətinin üç üzvünü həbs ediblər, başqa partiyaların funksionerləri, müstəqil gənclər həbs edilib. Bunlar göstərir ki, hökumət çox narahatdır, təlaş içindədir. Başa düşürlər ki, Azərbaycanda avtoritar rejimdir, mandatı xalqdan almayıblar, bir gün Azərbaycan xalqı bu vəziyyətin dəyişməsinə cəhd edəcək. Ona görə də qorxu, təlaş içərisindədirlər və bütün bunlar onun ifadəsidir.

– Son günlər evinizin qarşısında yürüşlər keçirirlər, təhqiramiz şüarlar səsləndirirlər. Bu aksiyaları kimlər təşkil edir?
– Əminəm ki, bunlar birbaşa Ilham Əliyev tərəfindən təşkil olunur. Baxın, heç bir hüquq-mühafizə orqanının cəsarəti çatmır ki, ÿmüdaxilə etsin. Çox sərbəst şəkildə evimizin qarşısında “Hide Park” yaradıblar, istədikləri vaxt gəlib, istədikləri şüarları səsləndirirlər. Bu aksiyalara rəsmən rəhbərlik edənlər YAP-ın gənclər üzrə funksionerləridir, həmkarlar təşkilatlarına təyin etdikləri adamlardır, YAP-ın müxtəlif yan quruluşlarıdır.
Bütövlükdə, söhbət ən yüksək səviyyədə verilmiş tapşırıqdan gedir. Bu, məhz dövlət başçısının təfəkkür tərzinə uyğun mübarizə formasıdır. Əvvəllər, Azərbaycanda belə şeylər olmayıb. Azərbaycanda müəyyən əndazələr olub. Amma çox təəssüf ki, indi Ilham Əliyev hökuməti bütün əndazələri aşır. Görünür ki, hökumət əvvəllər bu qədər təlaş keçirməyib, indi çox təlaşlıdır.

– Siz təlaşdan danışdınız. Son günlər rəsmi qəzetlər, iqtidarda olan YAP-ın orqanı “Yeni Azərbaycan” qəzeti əleyhinizə çoxsaylı məqalələr dərc edir. Hətta Sizi radikal islamçılar, terroristlərlə əlaqədə günahlandırırlar. Bunlara münasibətiniz? Bu məqalələr haradan qaynaqlanır?
– Absurddur. Hər şey artıq, absurd halını alıb. Bu kampaniyanın əvvəlində hətta utanmadan məni ermənilərlə əlaqələndirdilər. Sonra dedilər ki, guya Qərbin göstərişi ilə burada fəaliyyət həyata keçiririk. Onların dediyinə görə, guya bu ölkəni sevməyi, ölkə üçün çalışmağı Qərbdən kimsə bizə göstəriş verir. Görünür, son günlər birdən, haradansa göstəriş gəlib, bəlkə də Qəzzafinin nümunəsi bunlara xoş gəlib, axı o da müxaliflərinə “Əl-Qaidə”çi deyir. Indi, belə absurd ittihamlar irəli sürürlər. “Əl-Qaidə”dən, “Hizbullah”a, vahhabiliyə, Nurçuluğa qədər bütün ittihamları qoşublar bir-birinə. Çox absurd ittihamlardır. Bunu, hətta məntiqlə belə, izah etmək mümkün deyil, hamısı məntiqsiz hərəkətlərdir.
Azərbaycan xalqı bizi yaxşı tanıyır. Biz, bu dövləti quran adamlarıq. Biz, bu dövlət, bu bayraq, bu torpaq üçün çalışmış insanlarıq. Biz, indiki hakimiyyətdə olanların əksəriyyəti kimi fərarilik etməmişik. Biz, həm Qarabağın müdafiəsində, həm bu dövlətin müstəqilliyinin əldə edilməsində çalışmış insanlarıq və Azərbaycan xalqı bizi tanıyır, arxamızca gedir. Məhz bu səbəbdən də hakimiyyətdəkilər narahatdır. Əgər, xalq bizə rəğbət göstərmirsə, niyə narahatdılar?
Mitinq təyin etmişik. Normal qaydada müraciət etmişik ki, kompromisə gedərək mərkəzdən uzaq məsafədə – “Nərimanov” kinoteatrının qarşısında mitinq keçirmək istəyirik. Razılıq vermədilər. O zaman, bizim Konstitusiyaya istinad etməkdən başqa yolumuz qalmır. Konstitusiya sərbəst toplaşmaq hüququ verir. Bütün dünya tələb edir ki, Azərbaycanda həm Konstitusiya, həm də ölkənin qoşulduğu beynəlxalq konvensiyalar tətbiq edilsin. Həmin hüququmuzdan istifadə etmək fikrindəyik.
Bizi nə xəbərdarlıqlar, nə də həbslər çəkindirə bilər. Mən açıq deyirəm. Əlbəttə, Azərbaycan hökumətinin indi resursları çoxdur. Prinsip etibarilə hökumət istəsə, müxalifət liderlərini, o cümlədən məni nəinki xəbərdarlıq edər, evimin qarşısında aksiya keçirər, həbs edər, hətta öldürtdürə bilər. Amma, bu, nəyi dəyişəcək? Axı, tarixi təcrübə göstərir ki, böyük ictimai-siyasi proseslər fərdlərdən ibarət deyil. O prosesdə bir müxalifət liderinin iştirak edib-etməməsi hökumətin dayanıqlığını təmin edə bilməz. Bu, adamların faciəsi ondadır ki, tarixdən heç nə öyrənmək istəmirlər. Başa düşməlidilər ki, əgər hökumət avtoritardırsa, xalqa söykənmirsə, xalqdan mandat almırsa, qapalı sistemdirsə, plüralizmi yoxdursa, müstəqil parlamenti, məhkəməsi yoxdursa, bu sistemin perspektivi yoxdur. Bütün bu tipli sistemlər, o cümlədən də Azərbaycanda Ilham Əliyevin rəhbərlik etdiyi sistem məğlubiyyətə məhkumdur.

– Sizi həbs edə bilərlərmi?
– Həbs edə bilərlər. Mən açıq dedim. Hazırda hökumətin fiziki mənada edə bilməyəcəyi bir şey yoxdur. Nəinki həbs etdirə bilərlər, öldürtdürə də bilərlər. Mən buna da hazıram. Heç birindən qorxmuram.

– Hökumətə mesajlarınız, çağırışlarınız varmı?
– Ağıllı olsunlar. Ölkədə qarşıdurma yaratmaq onlara da faydalı olmayacaq. Daha çox onlara faydalı olmayacaq. Ola bilsin ki, qısa müddət üçün hansısa effektlər əldə etmək olar. Amma tarixi təcrübə göstərir ki, zorakılıqla yaradılmış sabitlik daimi sabitlik deyil. Zorakılıqla, avtoritar üsullarla yaradılmış sabitlik əslində, barıt çəlləyidir. Barıt çəlləyinin üzərində uzun müddət oturmaq olmaz,ÿ o, bir gün alışacaq. ÿBu səbəbdən, Azərbaycan hökumətini dünyada baş verənlərdən düzgün nəticə çıxarmağa çağırıram. Biz, Azərbaycan müxalifəti olaraq sivil bir müxalifətik. Indiyədək bütün fəaliyyətimizdə Konstitusiyadan kənar hərəkət etməmişik, hər hansı zorakılığa əl atmamışıq. Bundan sonra da belə fikrimiz yoxdur. Yeri gəlmişkən, çağırışımız olub ki, həttaÿ bizə və tərəfdarlarımıza qarşı zorakılıq olacağı təqdirdə belə, əks zora əl atmayacağıq. Yəni, bizim mübarizəmiz istisnasız olaraq dinc mübarizədir. Dinc mübarizələr həmişə qalib gəlir. Azərbaycan hökumətini də səsləyirəm ki, zorakılığa, qarşıdurmaya meyl göstərməsin.
Irəli sürdüyümüz tələblər də hökumət üçün məhvedici ÿdeyil. Biz seçki islahatı, maaşların artırılmasını, korrupsiya ilə həqiqi mübarizə, yeni parlament seçkilərinin keçirilməsini tələb edirik. Bunlar çox konstruktiv tələblərdir. Inanıram ki, Azərbaycan hökuməti indi bu tələbləri qəbul etməsə, nə vaxtsa bu tələbləri vaxtında qəbul etmədiyinə peşman olacaq.