Hakimiyyətdən təzə fırıldaq

«Cəbhəçi»lər və «müsavatçı»lar kütləvi şəkildə biletlərini yandıracaqlar

Dünən axşam saatlarında “Azadlıq”a çox gülməli bir xəbər daxil olub. Bu məlumata görə, bir qrup adama onların AXCP və Müsavat üzvü olduqlarını “təsdiq edən” saxta biletlər verilib. Bu adamlar yaxın günlərdə bir meydanda toplaşıb hakimiyyət KIV-nin kameraları qarşısında bu biletləri yandırmaqla indən belə bu partiyalara nifrət etdiklərini bildirəcəklər.
Xəbər aprelin 1-də daxil olduğuna görə əvvəlcə bunu ciddiyə almadıq. Amma mənbə israrla təkid etdi ki, onun verdiyi məlumatın 1 aprel zarafatlarına heç bir aidiyyəti yoxdur. Belə ki, o, xəbəri aprelin 1-də yox, martın 31-də alıb, ikincisi isə biletyandırma aksiyası aprelin 1-nə planlaşdırılmır. Hər halda, xəbərin istehsal edildiyi və biletlərin yandırılma tarixlərinə baxmayaraq, olduqca gülməli bir olay olacaq. Məsələni gülməli edən detalı isə biletyandırma aksiyası başa çatandan sonra oxuculara təqdim edəcəyik.