kerimli31

İctimaiyyətdən AXCP sədrinə ciddi dəstək

 

“Əli  Kərimliyə qarşı iyrənc üsullar bunu təşkil edənlərin əxlaqsızlığından xəbər verir”

“Hakimiyyət siyasi məsuliyyəti üzərinə götürən Əli Kərimliyə qarşı çirkin kampaniya aparır”

 

Hakimiyyət 2 aprel ümumxalq mitinqinə cavab olaraq AXCP sədri Əli Kərimlinin evi qarşısında artıq iki gündür, öyrədilmiş şəxslərin  “mitinq”ini təşkil edir. Maraqlıdır ki, müxalifətçiləri aksiya zamanı az qala evində həbs edən polis bu “mitinqin” iştirakçılarına qarşı heç bir tədbir görmür, əksinə onlara şərait yaradır. Hakimiyyətin 2 aprel aksiyasına bu cür reaksiya verməsi ictimai-siyasi çevrədə etirazla qarşılanır.

Lalə Şövkət: «Bu, qorxunun əlamətidir»


ALP lideri Lalə Şövkətin fikrincə, bu cür addımlar hakimiyyətin narahatçılıq içərisində olduğunu göstərir. İqtidarın çox məntiqsiz, savadsız, səhv hərəkətlərə yol verdiyini deyən L.Şövkət vurğuladı ki, gənclərin və cəbhəçi fəallarının həbsi, AXCP liderinin evi qarşısındakı aksiyalar iqtidarın vəziyyətə adekvat reaksiya verə bilmədiyinə dəlalət edir: «İqtidar Azərbaycanda və dünyada gedən proseslərə düzgün münsibət bəsləmir. Fikrimcə, bu, qorxunun əlamətidir. Hakimiyyətin yürütdüyü bu siyasət, təzyiqlər, repressiyalar bumeranq effekti verəcək. Bu, iqtidarın özünün pis aqibətlə üzləşməsinə səbəb ola bilər».
Azərbaycan vətəndaşlarının hakimiyyətin yürütdüyü siyasətdən boğaza yığıldığını deyən L.Şövkət qeyd etdi ki, etirazlar artıq pik nöqtəyə çatıb. ALP lideri hesab edir ki, iqtidar ölkədəki reallıqları düzgün qiymətləndirməməklə, heç bir islahata getməməklə böyük yanlışlığa yol verir: «Ərəb ölkələrində olan inqilab dalğasından sonra çoxlu diktator ölkələri dəyişikliklərə getdilər. Bu dəyişikliklər bir çox ölkələrdə oldu. Rusiyada, Qazaxıstanda, Suriyada və İordaniyada rejimlər dəyişikliklərə getdilər. Amma sanki Azərbaycan iqtidarı heç nəyi görmür və hiss etmir. Köhnə siyasətlərini davam etdirir. Hakimiyyətin yenə də ənənəsinə sadiq qalaraq repressiyalara əl atması, gəncləri təqib etməsi pis sonluqla qurtara bilər».

Cəmil Həsənli: «Bu cür kampaniya ilə heç nəyə nail olunmayacaqlar»


Tarix elmləri doktoru, professor Cəmil Həsənli bildirdi ki, mitinq ərəfəsində vətəndaşların heç bir günahı olmadan evlərində, ictimai yerlərdə həbs edilməsi, bir sıra gənclərin rəsmi hakimiyyət orqanları tərəfindən oğurlanması qanuna zidd hərəkətlırdir. “Təəssüf ki, bütün bu antikonstusiyon addımlar konstitusiyanı qorumali olan orqanlar tərəfindən atılır. Azərbaycan konstitusiyası respublika vətəndaşlarına geniş hüquqlar verir, lakin hələ ki, məmur göstərişi ölkəmizdə konstitusiyon müddəalardan üstün xarakter alır. Bu, tamamilə yol verilməzdir” deyən professor vurğuladı ki, xalqın hakimiyyətin mənbəyi olması haqqında Konstitusiya maddəsi pozulub və ATƏT-in yekun rəyində bu, öz təsdiqini tapıb. Bu halda xalqın buna etiraz etmək haqqı var və bu etirazı ifadə etmək üçün ona şərait yaradılmalıdır. “Yaxud götürək Misirin devrilmiş cinayətkar prezidenti Hüsnü Mübarəkin Bakıda heykəlinin hələ də saxlanılması. Bu sadəcə olaraq rüsvayçılıqdır. Azərbaycan vətəndaşının respublika üçün təhqirə çevrilmiş bu rüsvayçılığa etiraz etmək haqqı var. Küçələrdən adamları oğurlamaqdansa, real islahatlara başlamaq, illərlə yığışıb qalmış problerin həllinə yol açmaq və gündən-günə çiçəklənən korrupsiyaya qarşı əməli addımlar atmaq lazımdır. Daxili işlər nazirinin televiziya ilə əhalini hədələməsi və mitinqlə bağlı Hacıbala Abutalibovun arayışını Konstitusiyanin müvafiq maddəsindən üstün hesab etməsi yalnız təəssüf doğurur”, – deyə C.Həsənli bildirdi.

AXCP sədrinə qarşı kampaniyaya gəlincə, C.Həsənli bunları dedi: “Cəmiyyətin tör-töküntülərini Əli  Kərimliyə qarşı qaldırmaq, ona qarşı iyrənc üsullara əl atmaq  bunu təşkil edən dairələrinin səviyyəsindən, həyat tərzindən və əxlaqsızlığından xəbər verir. Əli Kərimli son illərdə Azərbaycanın yetirdiyi çox nadir istedad sahibi və dərin intellektual patensialın daşıyıcısıdır. Siyasi müstəvidə rəqabət imkanları olmayan, əxlaqı qüsurlar icərisində yaşayan, layiq olmadığı yerləri tutanlar Azərbaycanın ən namuslu adamlarından biri və bəlkə də birincisi olan bir adama qarşı belə namussuz üsullardan istifadə edirlər. Bütün bunlar on illərlə hakimiyyətdə oturan bir bir sıra yüksək vəzifəli məmurların belə namussuz şeylər törətməkdən başqa bir şeyə yaramadığının aydın göstəricisidir. Bir sözlə, Azərbaycan hakimiyyət namenkulaturası, namenklaturadan daha çox  maklatura xarakteri alıb”.

İlqar İbrahimoğlu: «Demokratik dəyişikliklər günün tələbidir»


İnsan haqları mudafiəçisi İlqar İbrahimoğlunun fikrincə, sərbəst toplaşmaq azadliğı ən fundamental, konstutsion hüquqlardan biridir: «Əslində dövlətçilik maraqları zəruri edir ki, vətəndaşların bu hüququ tam təmin olunsun. Bunu etmək əvəzinə represiyaların aparılmasını və demokratik ənənələrə xas olmayan rəftarların sərgilənməsi toplumun inkişafının qarşısını alır. Hər halda ölkədə demokratik dəyişikliklər günün tələbidir və  insanların hüquq və azadlıqlarını təmin etmək məmurların birinci vəzifəsidir”.

Sərdar Cəlaloğlu: «Hakimiyyət başqa diktatorların yolu ilə gedir»


ADP sədri Sərdar Cəlaloğlu isə bildirdi ki, Yaxın Şərqdəki inqilabi proseslər zamanı diktatorlar ilk olaraq öz tərəfdarlarını meydanlara çıxarırlar. Bu qeyri-rəsmi qüvvələrdən istifadənin artıq avtoritar rejimlərin bir ənənəsinə çevrildiyini deyən ADP sədri vurğuladı ki, Azərbaycan hakimiyyətinin hazırda həmin yolu tutduğu görünməkdədir: «Müxalifət tərəfdarlarının rəsmi yolla həbsi ciddi beynəlxalq etirazlara səbəb ola bilər. Ona görə öncə hakimiyyət qeyri-rəsmi qüvvələrini cəmiyyətdəki narazılığın yatırılması üçün işə salır».

İbrahim İbrahimli: «Hakimiyyət təşviş içərisindədir»


Tanınmış siyasətçi İbrahim İbrahimli hökumətin isterikada olduğu üçün bu cür məntiqsiz addımlara yol verdiyini düşünür. Bu günki ümumxalq aksiyası ilə bağlı cəmiyyətdə geniş müzakirələrin açılmasının hakimiyyəti ciddi təşvişə saldığını deyən İ.İbrahimli bildirdi ki, bütün bunların fonunda hakimiyyətin daxilində stabilliyin pozulmağa doğru getməsi vəziyyəti bir qədər də qəlizləşdirir: «Mitinqlərin keçirilməsinin qarşısını alınmaq üçün hakimiyyətin atdığı addımlar əks effekt verərək. Əli Kərimlinin adının Əl-Qaidə, radikal islamçılarla bağlanması sadəcə olaraq məntiqsizlikdir. Belə bir təbliğat hakimiyyətin düzgün proqnozlaşdırma aparmamasından xəbər verir. Yaxın Şərqdəki inqilab dalğasının Suriya, İran və Azərbaycana dirənməsi hakimiyyəti hər an təşviş içərisində saxlayır.
Hakimiyyət hazırda siyasi məsuliyyəti üzərinə götürən Əli Kərimliyə qarşı çirkin kampaniya aparmaqla nə Xalq Cəbhəsini, nə də partiyanın liderini qorxuda bilər. Əksinə bu demokratik düşərgəyə əlavə stimul verəcək. Hakimiyyət prosesləri zor müstəvisinə sürükləməklə özünü və cəmiyyəti ciddi fəsadlar qarşısında qoyur. Mən hakimiyyəti Bəşər Əsəd, Hüsnü Mübarək, Qədaffi yolu ilə getməməyə çağırıram. Mən bu mübarizədə sona qədər Əli Kərimlinin və təzyiqlə üzləşən başqa müxalifət liderlərinin yanında olacam. Azərbaycanda normal hakimiyyət olsaydı cəmiyyətdəki etirazlara represiyalarla yox, islahatlarla cavab verərdi».

Sülhəddin Əkbər: «Bu siyasət narazılığı daha da artıracaq»


Tanınmış siyasətçi Sülhəddin Əkbər də digər həmsöhbətlərimiz kimi Azərbaycan hakimiyyətinin son addımlarını təlaşın ifadəsi sayır. Oxşar rejimlərdə yaşanan hadisələrin Azərbaycanla sıx əlaqəli olduğunu vurğulayan S.Əkbər bildirdi ki, ölkəmizdəki narazılıq heç də Yaxın Şərq dövlətlərindəki vəziyyətdən geri qalmır: «Azərbaycan cəmiyyətində ciddi narazılıq var və bu narazılığa qarşı hakimiyyət öz çirkin kampaniyasını artan xətlə davam etdirəcək. Amma iqtidar bu siyasəti yürütdükcə cəmiyyətdəki narazılığı daha da artıracaq».

Mehman Əliyev: «Narazıları birləşdirə bilən şəxslər hədəfə alınır»

«Hakimiyyətin bütün bu addımları ictimai rəyi qorxutmağa hesablanıb». Bu fikirlər isə «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevə məxsusdur. Cəmiyyətdə hazırda hakimiyyətdən narazılığın böyük olduğunu söyləyən M.Əliyev qeyd etdi ki, iqtidar məhz bunu anladığı üçün repressiya və çirkin kampaniya silahını işə salıb: «Hakimiyyət narazı kütlələrin meydana çıxmasından və təşkilatlanmasından ciddi narahatdır. Eyni zamanda narazı qüvvələri birləşdirə bilən şəxslər də hədəfə alınır. İqtidar anlayır ki, narazı kütlələri arxasınca yalnız müxalifət liderləri apara bilərlər. Ona görə də bu siyasətçiləri əvvəlcədən neytrallaşdırmaq xətti tutur”.

Zəfər Quliyev: «Əli Kərimliyə qarşı kampaniya isə əks effekt verəcək»


Siyasi ekspert Zəfər Quliyev hesab edir ki, hakimiyyətin hazırda demokratik düşərgəyə qarşı apardığı siyasətdə yeni heç nə yoxdur. Əvvəlki illərdə də seçki öncəsi, aksiyalar ərəfəsində müxalifətə qarşı sərt represiyaların olduğunu xatırladan Z.Quliyevə görə, bir müddət əvvələ qədər siyasi fəallıq olmadığı üçün cəmiyyətdə belə fikir formalaşmışdı ki, hakimiyyət artıq çirkin kampaniyalara əl atmayacaq. “Amma hakimiyyətin son davranışları sübut edir ki, iqtidar islah olunan deyil. Əli Kərimliyə qarşı kampaniya isə əks effekt verəcək», – deyə Z.Quliyev bildirdi.

Xəyal