«Əfqanıstanda polis 700 dollar əmək haqqı alır»
Antikorrupsiya tədbirlərinə başladığını elan edən hökumət hələ ki, yalnız kiçik məmurları cəzalandırmaq yolunu tutub. Bunların arasında bir neçə polis işçisi də var. Azərbaycanda polisin rüşvətxor bir qurum olduğu hər kəsə bəllidir. Ancaq təbii ki, sıravi polis işçilərini cəzalandırmaqla problem həllini tapmayacaq. Polis nəfərinin əmək haqqı digər sahələrdə çalışanlardan çox, 400-500 manat civarında olsa da, Azərbaycan reallığında bunu yüksək adlandırmaq olmaz. Rüşvətə yol açan amillərdən biri də məhz budur. Polisin bu hakimiyyətin əsas dayaqlarından biri olduğunu nəzərə aldıqda bu peşə sahiblərinin əmək haqqının azlığı bir qədər təəccüb doğurur. Görünür, polisə müxtəlif yollarla pul qazanmağa şərait yaradan hökumət asayiş qoruyucularının əmək haqqını qaldırmağa ehtiyac görmür.
Qəzetimizin ötən saylarında digər ölkələrdə həkim, müəllimlər və təqaüdçülərin aldığı məvaciblə Azərbaycandakı maaşları müqayisə etdik. Bu dəfə polislərin maaşlarına nəzər salacağıq.
Azərbaycan MDB-də hamıdan geridədir
Qonşu Gürcüstanda polisin fəaliyyətini nəinki region, hətta aparıcı ölkələrlə müqayisə edəndə son illər əldə edilən nailiyyəti görməmək mümkün deyil. Artıq bu ölkədə polis nüfuzlu peşələrdən sayılır. Sıravi polis işçisinin əmək haqqı 1200 dollardan başlayır. Eyni zamanda son illər Gürcüstanda əhalinin polisə etibarı da artıb. Artıq polisə təhlükə kimi yox, insanları təhlükədən qoruya biləcək qüvvə kimi baxılır.
Ermənistanda polis nəfəri təxminən 300 dollar əmək haqqı, zabitlər bundan iki dəfə artıq alır. Xatırladaq ki, bu ölkədə yaşayış minimumu Azərbaycandan aşağıdır. Əgər ölkəmizdə bu göstərici 95 manatdırsa, Ermənistanda 70 doallardan artıq deyil.
Rusiyada polislərin aşağı maaşı 700 dollardır. Zabitlər isə 2000 dollardan artıq əmək haqqı alır.
Qazaxıstan polisində 340 dollardan az alan yoxdur. Əmək haqqından əlavə polislər operativliyə görə də pul alır.
Ukraynada sıravi polislərin əmək haqqı 200 dollardan başlayır. Bu da ölkədəki qiymətlərlə müqayisədə normal məbləğ hesab edilə bilər.
Qonşu ölkələrdən Iranda minimum əmək haqqının 400 dollar olduğunu nəzərə aldıqda polisin bundan az almadığını ehtimal etmək olar. Ölkədə qiymətlərin xeyli ucuz olması bu məbləğin kifayət qədər olduğunu deməyə əsas verir.
Hətta yaşayış səviyyəsinə görə inkişaf etmiş ölkələrdən xeyli geridə qalan Əfqanıstanda polislərin əmək haqqı 700 dollardır.
Türkiyədə isə orta aylıq əmək haqqı 800 dollar olduğu halda polislərin bundan az məvacib almadığını demək olar. Bu da qiymətlərin aşağı olduğu ölkədə kifayət qədər yüksək məbləğ sayıla bilər.
Qərb polisi həm nüfuzuna, həm puluna görə öndədir
ABŞ-da polis işçisinin illik əmək haqqı ən azı 48 min dollardır. Bu da bir aya 4000 dollar təşkil edir. Xidmət ili artdıqca əmək haqqı da artır. Zabit heyətinin əmək haqqı isə illik 100 min dollardan artıqdır. Bu da bir aya 8400 dollar təşkil edir. Amerikada da polis nüfuzlu peşələrdən hesab edilir.
Almaniyada isə polis işçisinin əmək haqqı 2500 avrodan başlayır. Niderlandda polis işçisi 2500 avro ilə yanaşı sosial paketə də sahibdir.
Estoniyada polisin əmək haqqı 1400 dollardan başlayır.
Fransada polis sıralarına yenicə qəbul edilənlər 2000 avro əmək haqqı alır. Təbii ki, təcrübə artdıqca əmək haqqı da artır. Bir neçə ildən sonra bu məbləğ 3000 avroya çatır.
Ispaniya polisində ən aşağı əmək haqqı 1000 avrodur.
Latviya polisi isə 650 dollardan az əmək haqqı ala bilməz.
Estoniyada isə polisin maaşı 850 dollardan başlayır.
Belarusda isə polislərin maaşı 500 dollardan başlayır.
Göründüyü kimi, həkim və müəllimlər kimi polislər də xaricdəki həmkarlarından xeyli az əmək haqqı alır. Bu da təbii ki, polisi ələbaxımlı vəziyyətdə saxlayır…
Fizzə Heydərli