kiv-df

“Arşın mal alan”ın unudulmaz xalası

Səhnənin cazibəsində

Münəvvər Kələntərli sənətsevərlərin yaddaşında gözəl xatirələrlə iz buraxan səhnə ustalarımızdan biridir. Sənət yoldaşları duzlu-məzəli zarafatları, şirin söhbətləriylə xatırlayırlar hər zaman onu.

Onun çox gözəl səsi olub. On yeddi-on səkkiz yaşlı Münəvvər Kələntərli üçün yenicə gəldiyi şəhərdə ən doğma yer Opera Teatrı olub. Çünki qardaşı Haşım da, çox sevdiyi Yavər Kələntərli də orada oxuyurdular. Münəvvər Kələntərlinin səsini yoxlayan sənətkarlar onun sənət aləminə gəlişinə xeyir-dua verirlər. Doğrudur, o dövrdə səhnəyə çıxmaq gənc qızlar üçün çox çətin idi. Amma Münəvvər Kələntərlinin bu barədə bəxti gətirir. Onun doğulub-böyüdüyü ailədə hamı musiqi, sənət vurğunuydu. Evdəkilərdən heç bir maneə görmədən səhnəyə çıxan Münəvvər oxumağa başlayır. Çox keçmir, Münəvvər Kələntərlinin başqa xəyalı da gerçəkləşir. Onu Opera Teatrına işləməyə dəvət edirlər və ona Bakıda  ikiotaqlı mənzil verirlər. Bir azdan Musiqili Komediya Teatrına da çağırırlar və müxtəlif xarakterli komik rollar həvalə edirlər. Roldan-rola necə dəyişdiyi, başqalaşdığı hamını heyrətə gətirir. Münəvvər Kələntərli bu teatrda  “Hacı Kərimin Aya səyahəti”ndə Kəblə Fatma, “O olmasın, bu olsun”da Sənəm, “Gözün aydın”da Gövhər,

“Qızıl axtaranlar”da Xədicə, “Ulduz”da Tamam və daha neçə-neçə rolları ustalıqla yaradır.
Ailə quranda 25 yaşı olub. Sevib-seçdiyi Ənvər Qusarlıydı. 1938-ci ildə qızları dünyaya gəlir. Münəvvər Kələntərli ilə Ənvər bir-birlərini çox sevsə də, evlilik həyatları uzun sürmür. Ayrılmalarının səbəbi Münəvvər Kələntərlinin sənətinə bağlılığıydı. Ənvər Qusarda yaşayırdı. Orada baytar işləyirdi. O, Münəvvəri dilə tutur ki, onunla getsin. Münəvvər razılıq vermir. Qızları Validə kiçik ikən ayrılırlar. Münəvvər Kələntərli ondan sonra ailə qurmur. Elə Ənvər də axıradək unuda bilmir Münəvvər xanımı…
Böyük Vətən müharibəsi illərində müğənnilərin, aktrisaların bir çoxu kimi o da səngərlərə, hospitallara gedir. Döyüşçülərin qarşısında verilən konsert proqramlarında, səhnəciklərdə çıxışlar edir. Ancaq çoxları kimi səhnəyə qəlbi qan ağlaya-ağlaya çıxır. Döyüşçülərə baxa-baxa qardaşı Cabbarı düşünür. Ürəyində hey özünə suallar verir: “Görəsən, indi hardadır? Başına nələr gəlib? Sağdırmı?”. Yaralı, əlini-ayağını itirmiş gənc döyüşçüləri gördükcə, bədbin fikirləri başından qovub, uzaqlaşdırmağa çalışır. Cabbarın cəbhədən əvvəlki kimi güclü, şən dönəcəyi günün xəyalını qurur. Ancaq müharibə bütün ümidlərini boşa çıxarır. Qardaşını bir də heç zaman görmür. Cabbar döyüşlərdə həlak olur…

Xalaya ən yüksək mükafat…

Baxmayaraq ki, Münəvvər Kələntərli dövrünün tanınmış, çox  sevilən aktrisalarındandı, amma bugünkü nəslin yaddaşında onu daha canlı yaşadan kinofilmlərdə oynadığı obrazlardır. Kino sənətində yolu Böyük Vətən müharibəsinin odlu-alovlu illərində çəkilməyə başlayan Üzeyir Hacıbəyovun “Arşın mal alan” filmindəki Xala roluyla başlayıb. Bu filmin çəkilməsi o zaman bütün Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edirdi. “Arşın mal alan”ın çəkilişlərinə ermənilərin Üzeyir bəyin bu şah əsərini mənimsəməyə cəhd etdikləri vaxtda, Stalinin icazəsiylə başlanır. Filmdə rol alan aktyorların əksəriyyəti əsərin müəllifinin seçimiydi. Xala obrazına təsdiq edilən aktrisa – Münəvvər Kələntərlinin cəmi 32 yaşı vardı. “Arşın mal alan” filmin yaradıcı heyəti üçün uğurlu oldu. 1946-cı ildə Moskvada ictimai baxış keçirildi. Əsər yüksək dəyərləndirildi. “Arşın mal alan” filmindəki ifasına görə mükafat alanlar arasında Münəvvər Kələntərli də var idi. O, SSRI Dövlət Mükafatına layiq görüldü. Bundan sonra kinostudiyaya ayaq açdı. Illər keçdikcə, yaradıcılığına başqa filmlər – “Bəxtiyar”, “Qızmar günəş altında”, “O olmasın, bu olsun”, “Görüş” filmləri yazıldı. Bu kinoların çəkilişlərində maraqlı, yaddaqalan hadisələr baş verirdi. “O olmasın, bu olsun” filmində belə bir səhnə var: Sənəm, yəni Münəvvər Kələntərli, qapının arasından baxır, qəflətən qapı açılır. O yıxılır. Həmin səhnədə, yerə yıxılanda çeçələ barmağı sınır. Kinostudiyada həmişə problemsiz, bir dubla çəkilib. Kino sənətində yaratdığı hər obrazda həyatdakı Münəvvər Kələntərliyə bənzərliklər var. “Arşın mal alan”dakı Xalaya məxsus şirinlik, şuxluq, səmimiyyət, “Bəxtiyar”dakı Gülcahanda olan canıyananlıq, “Görüş”dəki Münəvvərə xas ötkəmlik, yeri gələndə sərtlik, uzaqgörənlik…

Deyirlər çox əliaçıq, səxavətliydi. Heç vaxt kimsənin qapısını paysız döyməzdi. Həssasdı. Hamını anlaya bilirdi. Bir qızı var idi. Ancaq bütün uşaqlara öz balası kimi baxardı.
Çoxlu dostu vardı. Amma ürəyinin qapısı hər kəsin üzünə açıq deyildi. Teatrın özündə elə adamlar var idi ki, onlarla yalnız salamlaşmaqla kifayətlənərdi.
Tacikistanda olanda oranın xalq artisti Leyla Şərifovayla tanış olmuşdu. Münəvvər Kələntərli Bakıya qayıdandan bir müddət sonra o bura gəlmişdi. Bakıya qonaq kimi yox, yaşamağa gəlmişdi. Tacikistandan acıq eləmişdi. Leyla Şərifova bir ilə yaxın onun evində qaldı. Münəvvər Kələntərli onu doğma balasından ayırmırdı. Sonralar Leyla Şərifova Almaniyada yaşayan zaman deyirdi: “Mənim orada bir anam var idi”…

Şövkət Ələkbərova, Gülxar Həsənova, Nəsibə Zeynalova, xanəndə Məmməd Salmanovun həyat yoldaşı Ədilə xanım, Sara Qədimova, Rübabə Muradova, Nəcibə Məlikova Münəvvər Kələntərli ilə yaxın rəfiqələriydilər. Tez-tez ya Münəvvər Kələntərligilə yığışar, deyib-gülər, müxtəlif oyunlar oynayardılar. Günlərini maraqlı keçirirdilər. Sevinməyə həmişə səbəb tapırdılar.

Həyat ona səadət payını ancaq sənətində verdi

Münəvvər Kələntərli sağlam qadındı. Düzdür, gənc yaşlarında cərrahiyyə əməliyyatından keçmişdi. Həkimlər böyrəyinin birini götürməli olmuşdular. Sonralar heç xəstələnib eləməzdi. Ancaq başıbəlalı oldu. Keçirdiyi yeni bir cərrahiyyə əməliyyatından iki gün sonra, 5 fevral 1963-cü ildə dünyasını dəyişdi…

50 yaşı yenicə tamam olmuşdu Münəvvər Kələntərlinin. Üç-dörd ay əvvəl yubileyi Musiqili Komediya Teatrında təntənəylə qeyd edilmişdi. Teatrın o zamankı direktoru, bəstəkar Süleyman Ələsgərovdan tutmuş, ən adi işçiyədək hamı xətrini istəyirdi. Çünki özü yaxşı insandı, durduğu yerdə kiminsə qəlbinə toxunmazdı. Elə yəqin buna görəydi ki, sağlığında hamı onun başına yığışardı. O gün isə Münəvvər Kələntərlinin başına toplaşanların sayı-hesabı yox idi. Dəfn mərasimi əsl nümayişə dönmüşdü. O gün Musiqili Komediya Teatrının səhnəsi bütünlüklə Münəvvər Kələntərlininiydi. Adı çəkiləndə gözlərə şəfqət, dodaqlara gülüş qonan aktrisa həyatı boyu heç zaman etmək istəmədiyi bir işi görürdü. Adamları gülmək yerinə, ağladırdı. Bütün sənətkarlar vida mərasimindəydilər. Sənətin Münəvvəriylə vidalaşırdılar. Lütfəli Abdullayev uşaq kimi ağlayırdı…
Münəvvər Kələntərli sənətə gəldiyi gündən, ta sonadək bəxti üzünə güldü. Çox xoşbəxt sənətkar oldu. Istedadını bütün çalarlarıyla göstərməyə fürsət tapdı. Həm dramatik, həm komik aktrisa kimi sözünü dedi. Ilahi səsi xalq mahnılarına, muğamlara yeni rəng qatdı. Həyat ona səadət payını ancaq sənətində verdi…
Onu həyatda görməyənlər lentlərin yaddaşından tanıyır, tanıdıqca da xanım-xatınlığına, səmimiyyətinə heyran qalır…

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu

KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir