YAP hədəfi dəqiq seçib

Iki gündür YAP rəhbərliyi Əli Kərimliyə qarşı mübarizəsini daha da aktivləşdirib: AXCP sədrinin evi qarşısında piketlər keçirilir, şüarlar səsləndirilir.
Doğru hədəfdir, bəlkə də YAP mövcud olduğu zaman ərzində ilk dəfədir ki, həqiqəti bu qədər çılpaqlığı ilə bütün aləmə car çəkir.

Əli bəy Azərbaycanın gələcəyidir: xarizması, xarakteri, potensialı, yürütdüyü siyasət onu xalqın gözündə çoxdan lider səviyyəsinə qaldırıb. YAP-çılar yaxşı bilirlər ki, xalqı bu zülmdən, əsarətdən, zorakılıqdan qurtaracaq barmaqla sayılacaq liderlərdən biri və birincisi Əli Kərimlidir. Indidən təşvişə düşüblər, açıq-açığına deyirlər, barmaq uzadırlar, göstərirlər, haray-həşir salırlar ki, baxın, hakimiyyətin əsas rəqibi, siyasi düzəni dəyişməyə qadir adam budur!

Mən də iqtidar ideoloqlarının yerində olsaydım, beləcə hərəkət edərdim: Əli Kərimlinin intellektinə qarşı kimlərini qoymalıdırlar? Ilham Əliyevimi?

Bu adamın siyasi fəhmi varmı?

Türkiyədə Quzey Kıprısın müstəqilliyini tanımaq barədə açıqlamasıdımı siyasi uzaqgörənlik? Yoxsa Azərbaycanın əsas strateji müttəfiqi və dünyaya qapısı sayılan Türkiyə ilə bərbad günə qoyduğu “qardaş” münasibətləridir?

ABŞ, Ingiltərə, Fransa əleyhinə yekə-yekə şüarlar, bəyanatlar səsləndirib, rəsmi qəzetlərdə yazılar yazdırıb ölkəni dünyadan təcrid vəziyyətə gətirməkdirmi diplomatiya? Yaxud rüşvətə qarşı mübarizə apardığını əhalinin gözünə üfürüb, korrupsionerləri, rüşvətxorları, inhisarçıları ən strateji vəzifələrdə saxlamaq, onların səlahiyyətlərini artırmaq “hamının prezidenti” olmaqdır?

Heç Ilham Əliyevin çıxışlarına baxmısınızmı? Adam danışır, sözü deyəndən bir neçə saniyə sonra yumruğunu irəli uzadır… Imicmeykerlər 8 ildi onu öyrədə bilməyiblər ki, liderin əsas keyfiyyətlərindən sayılan oratorluq qabiliyyəti söz, mimika və jestin ahəngindən ibarətdir. Onun əməli ilə sözünün üst-üstə düşməməsi nitqi ilə jestlərinin xaosunda özünü apaydın göstərir. Bilirsiniz onun nitqindəki xaosun səbəbi nədir?

Çünki söylədikləri içindən, daxilindən, ruhundan gəlmir.

Yoxsa, çıxışlarını gözünə taxdığı eynəklə əvvəlcədən hazırladığı (və ya hazırlanmış) vərəqdən oxuyan, bir saatlıq nitqi ərzində cəmi 3-4 dəfə başını cızma-qaradan ayırıb auditoriyaya ötəri və ürkək nəzər salan, abzasın yerini itirməsin deyə dərhal gözünü aşağı dikən Ramiz Mehdiyevmi Əli Kərimliyə babdır?
Kimləri, hansı ideoloq və liderləri var bunların? Bunlar xalqın sərvətini talamaqdan başqa nə bacarırlar? Hansı iqtisadi layihələr həyata keçirib Azərbaycana milyonlar yox, qəpik-quruş qazandırıblar? Nə ediblər bu vaxta qədər?

Hakimiyyətdəkilər Allahın bu xalqa verdiyi sərvətləri heç özləri də çıxarıb satmır. Kimlərsə gəlir, çıxarır, satır və pulun müəyyən faizini gətirib verir bu ölkəyə. Həmin pullar necə xərclənir?

Hamının gözünün qabağında həmin vəsait dağıdılır, talanır, dünyanın müxtəlif yerlərində şəxsi villalara, xarici banklara yatırdılır.
Bu hakimiyyətin millətə düşmən kəsilməyinin səviyyəsinə baxın ki, neftdən gələn vəsaitlərin saxlanılması üçün xarici ölkə banklarına illik 2 faiz gəlirlə yatırdıqları pulu ölkə daxilində “ipoteka”, “sosial güzəşt”, “imtiyaz” adıyla bu xalqın özünə ən yaxşı halda 8 faizə verir. Onu da hamıya yox – onlarla sənəd hazırladıqdan, 2 min manata yaxın rüsum keçirdikdən sonra, növbəylə.

Belə liderləri, belə rüşvətxor hakimiyyəti olan şəxslər əlbəttə, xalqın yetişdirdiyi, millətin səsinin, sözünün, ruhunun, ağrı-acısının ifadəçisi olan Əli Kərimlidən qorxacaq!
Hakimiyyətin əsl sahibinin kim olduğunu YAP-çılar hamıdan yaxşı bilirlər.

Çıxarın, gətirin tələbələri, tökün Əli Kərimlinin qapısına! Doğru edirsiniz! Bu ölkənin taleyini kimdən soruşmaq lazımdırsa, ondan da soruşursunuz!