«Moskva unutmamalıdır ki, Gürcüstan da öz prinsipial mövqeyindən çəkilən deyil»
Gürcüstan prezidenti Mixail Saakaşvili “The Foreign Policy” jurnalına verdiyi müsahibəsində rəsmi Tbilisinin Rusiyanın Dünya Ticarət Təşkilatına üzvlüyü məsələsindəki prinsipial mövqeyində qalacağını bildirib:
“Rusiya Gürcüstanla münasibətlərinin yoluna qoyulması üçün addımlar atmalıdır. Ikitərəfli münasibətlərin normallaşdırılması üçün kompromislər tapılmalı və onlar nəzərdən keçirilməlidir. Əgər Rusiya Gürcüstanı saymadan DTT-yə qoşulmaq istəyirsə, buyursun, uğurlar diləyirəm. Amma Moskva unutmamalıdır ki, Gürcüstan da öz prinsipial mövqeyindən çəkilən deyil”.
Saakaşvili Gürcüstanın ABŞ-dan müasir hərbi texnika almaq fikrində olduğunu da söyləyib. Onun sözlərinə görə, Gürcüstan-Rusiya münasibətlərinin yenidən silahlı müstəviyə keçəcəyi istisna olunmur. Buna görə də Gürcüstan hərbi müdafiə sisteminin gücləndirilməsi istiqamətində müəyyən addımlar atılmasını planlaşdırır.
İnformasiya şöbəsi