Polis güclüdür, yoxsa xalq?

Günün hadisəsi 2 aprel mitinqidir. Bu gün insanlarımız keyfiyyətli aksiya ilə 2 apreli illərin hadisəsi edə bilərlər.
Bəlkə də çoxumuz fövqəladə gözəl tarixi anlar yaşadığımızın fərqində deyilik. Dünyanı azadlıq hərəkatı bürüyüb. Nəhayət, uzun illərdən sonra bizim xalqın da əlinə dəyişiklik etmək, ölkəmizdə gül qoxan, azad, firavan, ədalətli bir hakimiyyətin qurulması üçün şans düşüb.

Bizi talayan, hər gün hisslərimizi ələ salan, ac saxlayan, haqqımızı tapdalayan antiinsani Əliyev rejiminə layiq olduğu yeri – tarixin zibilliyini göstərməyin zamanı gəlib.
Bizim himndə belə bir misra var: “Namusunu hifz etməyə, cümlə gənclər müştaqdır”.
Bu gün ölkə olaraq, Azərbaycanın, fərd olaraq, hamımızın namusu hakimiyyətin təcavüzünə uğrayır. Biz bu dərəcədə şərəfsiz münasibətə layiq deyilik. Bu eybəcər idarəetmə nə vaxtadək ürəyimizi bulandırmalı, boğazımı qəhərləndirməlidir?

2 aprel ümumxalq mitinqidir. Mitinq dinc xarakterlidir, tələbləri tam qanuni və demokratikdir. ÿRamil Usubov və onun kimi rütbəlilərin xalqı hədələməsidir antidemokratiya, qanunsuzluq…

Bütün diktatorların, onların əlaltılarının xalqa barmaq silkələmək şakəri var. Ancaq onların qardaşlarının bir-bir gözlərini çıxarırlar. Ibrət alsalar, nə gözəl, almasalar, can onların, cəhənnəm Tanrının…

Polisi də ana doğub

Azərbaycan hakimiyyəti açıq-aşkar qürubunu yaşayır. Hakimiyyət artıq dərk edir ki, analoqsuz inkişaf nağılları ilə heç kimi susdura, aldada bilmir. Artıq müxalif ovqatı hansısa mübarizqurbanlının arqumentləri, şərhlərilə susdurmağa cəhd belə, gülüş yaradır. Xalqa nə çörək verə biliblər, nə ədalət. Heç ümid də verməyi bacarmırlar. Onlar xalqla təması ancaq polis dəyənəkləri vasitəsilə qurmağı düşünürlər.

Bəs bu polisi sadə desək, ana doğmayıb? Azərbaycan polisi bu günə qədər az zorakılıq etməyib. Onun cəmiyyətdə çox bərbad obrazı var. Lakin heç kim qarantiya verə bilməz ki, dünyada gedən bu çaxnaşmalar polisi də papağını qarşısına qoyub düşünməyə vadar etməyə. Polis də düşünüb, özü də çox ətraflı.

12 ildir polisdə çalışan və hələ də evsiz-eşiksiz qalan, peşə fəaliyyətinə görə şəkər xəstəliyi tapan bir polis zabiti yaxınlarda mənə az qala, ağlayaraq şikayətləndi. Onu tək bir fakt yandırırdı. Soruşurdu ki, necə olur, bu dövlətin büdcəsindəki pulla Ilham Əliyev Aygün Kazımovaya ev verir, ancaq minlərlə polis zabiti kirayədə çürüyür?
Başqa bir polis zabiti mənə demişdi: “Həyatımı riskə atıb əməliyyatlar keçirirəm, peşəmə görə neçə düşmən qazanmışam. Mənə 500 manat, yol polisindəki çavuşa isə məndən çox maaş verirlər. Bu absurd, dünyanın heç yerində yoxdur”.

Sadaladıqlarım vicdan iniltiləri idi. Öz vicdanına xəyanət etməmiş polisin Ramil Usubov çiyinlərindən beş dənə də general paqonu assın, xeyri yoxdur heç vaxt xalqa qarşı çıxmayacaq.

Bu yaxınlarda Türkiyə mətbuatında bir analitik yazı oxudum. Yazıda bildirilirdi ki, bu gün ərəb dünyasındakı proseslər 15-20 il əvvəl olsaydı, bütün Ərəbistan qan gölünə dönmüşdü. Bəs nə dəyişib? Dəyişikliyi yaradan yeni media və onun alətləridir. Polis bilir ki, güllə atandan 5 dəqiqə sonra fotosu, videosu internetdə lənətlənəcək.
Xülasə, dünya böyük bir rəqəmsal aynaya dönüb. Heç kim və heç nə gizlənə bilmir. Sabah, hətta ürəyinin dərinliyində camaata əl qaldırmaq istəyən polis də bu həqiqəti dərk edib çıxacaq işə.

Ümumiyyətlə isə, elin gücü selin gücüdür. “Dubinka” ilə onun qabağında durmaq mümkün deyil.