Mitinq azadlıqdır

Dünyada bütün normal konstitusiyalar mitinqləri xalqın və vətəndaşların azadlıqlarından biri kimi qəbul edir. Insan Haqları Bəyannaməsi mitinqləri –  sərbəst toplaşmanı bəşəriyyətin toxunulmaz azadlığı sayır. Mitinqlərin məhdudlaşdırılması üçün gətirilən səbəblər də bunu prinsip kimi qəbul etməlidir – hətta hər hansı zəruri səbəblər də sərbəst toplaşma azadlığının ləğv edilməsinə səbəb ola bilməz. Hələ Azərbaycan hakimiyyəti kimi avtoritar rejimlərin absurd bəhanələrini demirəm. Illərdir Azərbaycan xalqının azadlığı qəsb edilib, ölkəmiz qeyri-azad ölkələr sırasındadır, mitinq azadlığı da həmçinin. Hakimiyyət mitinqlər üçün elə tələblər irəli sürür ki, elə yerlər ayırır ki, həmin şərtlərə əməl etmək xalq mitinq azadlığını imitasiya etmək olardı. Mitinqin zorla şəhərin kənarındakı qapalı küllüyə salınması o deməkdir, xalq burada mitinq etməklə özünü aldatmalı olacaq. Guya onun sərbəst toplaşma hüququ var və bu hüquqdan istifadə edilir. Guya!

Azadlıq “guya Azadlıq” ola bilməz. O, həqiqi olmalıdır. Azadlığın reallaşması müəyyən çətinliklər də yarada bilər, amma bu çətinliklər həmin Azadlığın tamam və ya qismən qapadılmasının yanında bir heçdir. Həmin azadlığın qapadılması bütöv bir xalqa qarşı, həmçinin onun gələcəyinə qarşı cinayətdir. Azadlığın qapadılması keçmişin, indinin və gələcəyin məhvinə aparır. Azərbaycan hakimiyyəti bu azadlıqlara hazır deyilsə, o, Azərbaycan xalqının hakimiyyəti deyil.

Müxalifət də azadlıqdır

Azərbaycanda müxalifətin olmayacağını ilk günlərdən fəxrlə deyən, onu məhv etmək üçün hər şeyə gedən Ilham Əliyev bir şeyi unudur ki, müxalifətin olmaması xalqın azadlığını qəsb etməkdir.  Müxalifətçi olmayan adam da dərk etməlidir ki, siyasi müxtəliflik, hakimiyyətin alternativ seçki ilə formalaşması xalqın azadlığıdır. Hakimiyyətin xalq tərəfindən formalaşmasının başqa bir yolu yoxdur. Müxalifətsiz formalaşan hakimiyyət xalqın deyil. Deməli, müxalifəti yox etməklə hakimiyyətin mənbəyi olan xalq hakimiyyəti yaratmaq azadlığından məhrum edilir. Biz də bundan məhrum edilmişik.

…Repressiyalara, təzyiqlərə böyük rəşadətlə tab gətirib ayaqda durmağı bacaran Azərbaycan müxalifətinin məhvini istəməyin yalnız bir amacı var: xalqın azadlığını almaq.  
Hakimiyyət gəlmək istəyi də azadlıqdır

Budur,  mövcud hakimiyyətin yüksək siyasi təhsili və yüksək siyasi vəzifəsi olan bir nümayəndəsi – Əli Həsənov dünən deyib: “…Ictimai Palatada hakimiyyətə normal, qəbul olunması mümkün təklif verə biləcək insan yoxdur. Onların hər biri bir partiyanın, ictimai qurumun, bir qəzetin aparıcı nümayəndələridir. Amma bu neçə ildə mən onların heç birindən praqmatik, normal inkişafa stimul verən bir ideya eşitməmişəm. Onların əsas ideyası hakimiyyətə gəlməkdir, hansı yolla olursa olsun, hakimiyyəti indiki iqtidarın əlindən almaqdır.”

Aydınca görünür ki, onlar başqalarının hakimiyyətə gəlmək istəyini terrorçuluq kimi anlayırlar. Əli Kərimlini terrorçu geyimində təqdim etmələri də təsadüfi deyil. Amma insanların hakimiyyətə gəlmək istəyi azadlıqdır. Bu istək, bu hüquq Ilham Əliyevlə birlikdə Əli Kərimliyə də, Isa Qəmbərə də, Əli Həsənova da, tale amacı azad ölkədə sadə jurnalist kimi çalışmaqdan ibarət olan mənə də tanınıb. Bu istəkləri qapatmaq xalqın istədiyi adamı hakimiyyətə gətirmək kimi toxunulmaz azadlığını qəsb etməkdir.
Yumurta da azad olmalıdır

Bir cəmiyyətin inkişafı üçün yumurtanın da bazarda azad qiymətləndirilməsi hüququ var.  Bu da xalqın hüququdur. Bu da bizim Konstitusiyada var. Yumurtanın qiyməti inhisarçıların və ya prezidentin, yaxud da müxalifətin diktəsi ilə müəyyən edilməli deyil. Yumurta bazarda azad olmalıdır. Bunu qəbul etməmək xalqın azadlığını, onun azad iqtisadiyyat qurmasını, inkişafını əngəlləyir.

…Azadlığın düşmənləri xalqın dostu deyil, xalqını istəmir və bu həqiqətləri qəbul etmirlər.