Əli Əhmədovun yaxın adamı “vurula” bilər

Xətainin bələdiyyə sədri Ədalət Fərəcovun başı dərddə

Azərbaycan Auditorlar Palatasının təşəbbüsü ilə “Bələdiyyələrdə auditin aparılması xüsusiyyətləri və Avropa Komissiyasının audit siyasəti: böhranın dərsləri” mövzusunda seminarda bələdiyyələrdə yoxlama aparanlara qarşı ciddi ittihamlar səsləndirilib.
Palatanın Auditin təşkili, tənzimlənməsi və şəffaflığın təminatı idarəsinin rəisi Maarif Məmmədov bu sahədə ciddi nöqsanlar olduğunu bildirib: “Müşahidələr göstərir ki, bələdiyyələrdə auditi yalnız müəyyən qrup auditorlar aparır. Bəzi auditorlar işlərinə məsuliyyətsiz yanaşırlar. Audit hesabatları keyfiyyətsiz hazırlanır, rəqəmlər fərqlənir, aktlar uyğun gəlmir”. Maarif Məmmədovun sözlərinə görə, Xətai bələdiyyəsində aparılan audit yoxlaması barədə cinayət işi də başlanıb: “Hətta MTN və Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsindən də bu sahədə baş verən pozuntular barədə müraciətlər daxil olur. Bu hal palatanı ciddi narahat edir”.
Maarif Məmmədovun söylədikləri həqiqətdirsə, bu məsələdə Xətainin bələdiyyə sədrinin də başı ağrıya bilər. Çünki Xətai bələdiyyəsində aparılan audit yoxlaması zamanı aşkar olunan qanun pozuntuları və korrupsiya faktları bir başı da  bələdiyyə sədrinə bağlıdır. Yeri gəlmişkən, Xətainin bələdiyyə sədri Ədalət Fərəcovdur. “91-lər”dən olan Ədalət Fərəcov artıq 3-cü çağırışdır ki, Xətainin bələdiyyə sədridir. Onun YAP-ın icraçı katibi Əli Əhmədova yaxın şəxs olduğu söylənilir.

İnformasiya şöbəsi