Ismayıllı rayonunda komendant saatı

Polis rəisi «əsl, ciddi müxbir» fəaliyyəti arzulayır

Elçin Ismayıllı

26 mart 2011-ci il tarixində Ismayıllı rayonunda AXCP-nin rayon təşkilatı üzvləri ilə görüş nəzərdə tutulmuşdu. Həmin görüşdə AXCP sədrinin müavinləri Fuad Qəhrəmanlı və Gözəl Bayramlı iştirak etməli idi. Ancaq rayon rəhbərliyinin, xüsusilə də polis rəisi hörmətli Nizami Qocayevin yüksək “qonaqpərvərliyi” nəticəsində görüş kənara dursun, heç gələn qonaqlara çay içməyə də imkan verilməmiş və onlar rayondan təzyiqlə geri qaytarılmışlar.

Keçək əsas məsələyə. O məsələyə ki, rəis Nizami müəllim mənə irad tutdu ki, siz müxbirlik fəaliyyətilə səmərəsiz məşğul olursunuz, öz işinizlə deyil, başqa lazımsız işlərlə məşğul olmaqla yanaşı, özünüzü düz aparmırsınız. Mən söz verirəm ki, bu gündən etibarən “Əsl Ciddi Müxbir” olduğumu sübut edəcəm və əlimdə olan bütün faktları mətbuata daha diqqətlə və daha səmərəli şəkildə təqdim edəcəyəm.

Qayıdaq 26 mart 2011-ci il hadisəsinə. Həmin gün hələ paytaxtdan gözlənilən qonaqlar gəlib çıxmamış AXCP Ali Məclisinin üzvü Ilham Talıblının evinə bir qrup polis əməkdaşı gələrək onu polis şöbəsinə aparıblar və orada heç bir əsas göstərmədən 1 saatdan çox saxlayıblar. Onunla şəxsən polis rəisi Nizami Qocayev söhbət edib və bildirib ki, müvafiq qurumlara müraciət edilmədiyinə görə bu tədbirin keçirilməsinə yuxarılar icazə vermir. “Icazə üçün rayon icra hakimiyyətinə müraciət edin, yer ayırsınlar, sonra tədbirinizi keçirdin” (Söhbət kiminsə evində keçirilməsi nəzərdə tutulan yığcam bir tədbirdən gedir!). Bu tədbirdən 3-4 gün əvvəldən başlayaraq AXCP rayon təşkilatının sədri Sadiq Umudlunun evinin qarşısında polislərin var-gəl etməyə başladıqları müşahidə olunub.

Dəqiq məlumata görə, martın 25-i gün ərzində polis rəisi və MTN-nin rayon şöbəsinin rəisi Aydın Piriyev öz xidməti maşınları ilə rayon ərazisində “var-gəl” ediblər. Onları post-patrul xidməti əməkdaşları müşayiət ediblər. 3-5 nəfəri bir yerdə görən kimi yığışanlardan dağılışmaq tələb edilib. Post-patrul əməkdaşları vətəndaşlara izahat veriblər ki, “bu, cənab prezidentin göstərişidir”.

***

Nəzərinizə çatdırım ki, 26 martda görüş əvvəlcədən nəzərdə tutulduğu yerdə alınmasa da, yerli fəallar və liderlər məqsədəmüvafiq yerdə görüş keçirdilər. Görüşdə 25 nəfərə qədər gənc iştirak etdi və lazımi qərarlar qəbul edildi. Gənclərin dediyinə görə, narazılar çoxdur və növbəti tədbirlərdə rayondan, ətraf kəndlərdən xeyli şəxslər təşrif buyuracaq. Bu tədbirdə 1989-cu ildən AXCP-nin ilk yaradıcılarından olan və hazırda da onun üzvü olan Səməd Ismayıllı çıxış etdi və ölkədə ictimai-siyasi proseslər haqda geniş izah verdi.

***

Keçək mənimlə bağlı məsələyə. Mən hadisələrin əvvəlində müxbir kimi lazımi informasiyanı almaq məqsədilə polis rəisinə zəng etmişəm. Telefonda söhbətimiz alınmadığından şöbəyə getmişəm. Nizami müəllim məni qəbul edib və mənə qarşı aqressivlik nümayiş etdirib. Hətta məni 12 mart Müsavat partiyasının mitinqində polis əməkdaşını vurmaqda ittiham etdi və bildirdi ki, “səni də, atanı da həbs edəcəm və ailənizin digər üzvləri barəsində də tədbir görəcəm”.

***

Mən hələ Ismayıllı polisini belə şok və təşviş içində görməmişdim. 26 mart 2011-ci ildə gördüm. Ismayıllı polisinin fəaliyyəti ilə bağlı “əsl ciddi” faktları isə növbəti yazılara saxlayaq.