An var ömrə bərabər

Çox da sevmədiyim və çətin oxunan C.Coys iki suala eyni vaxtda tər-təzə cavab verdi: nədən yazmaq və necə yazmaq! Onun sayəsində bilindi ki, adi bir reklam agentindən də, ən başlıcası isə, onun bir günündən yazmaq olar. Bundan sonra daha ədəbiyyat “bütöv əsrləri səhifələmədi”, böyük dialoqlar “şüur axını” ilə əvəz olundu… Bəlkə də mənim bu girişim o qədər də uğurlu görünməyəcək, çünki mən siyasətdən yazıram və indi də siyasətdən, onun elə bir günündən yazmalıyam. Və yazmağa başlayanda ağlıma gələn ilk fikir elə bu oldu ki, bizim siyasəti də bir günə, bir ana sığışdırmaq olar, bir şərtlə ki, gərək Coys kimi talantın olsun. Siyasət adamını, bəlkə də adi bir ictimai fəalı təsəvvür edin. O, aksiyaya getməlidir… Və hər şey də bundan başlayır. Nə isə. Bu, başqa məsələdir. Vaxt olsa, cəhd edərik. Indi keçək əsl mətləbə.
Hamı 2 apreli gözləyir. Hamıdan çox da hakimiyyət təlaş keçirir. Bəlkə də bu aksiyaların ən əhəmiyyətli tərəfi də elə budur – narahat günləri və anları tək bizlər yaşamalı deyilik ki! Qoy, onlar da narahatlıq nə olduğunu bilsinlər!

48 il çoxdur, yoxsa 18 il?

Əzabın bir dəqiqəsi, saniyəsi də əsrə bərabərdir. Elə bu günlərdə eşitdim ki, Suriyada insanlar 1963-cü ildən fövqəladə vəziyyət şəraitində yaşayırlar. Bir az təəccübləndim. Amma sonra kiçik bir hesablama apardım və gördüm ki, elə biz də düz 18 ildir ki, fövqəladə vəziyyət şəraitində yaşayırıq. O qədər də fərqimiz yoxdur. Düzdür, kommendant saatı yoxdur. Amma bunun əvəzində jurnalistlərə qarşı təqib və təpkilər, partiyaların fəaliyyətinə məhdudiyyətlər, etiraz aksiyalarına yasaqlar var! Ona görə də bizlərin 18 ilimiz elə Suriyanın 48 ilinə bərabərdir. Mən niyə ərəb ölkələrinə bu qədər diqqət yetirirəm? Tək aktual olduğuna görəmi? Mentalitet anlayışını sevməsəm də, etiraf edim ki, əgər bu mentalitet söhbəti varsa, o, bizdə və ərəblərdə eynidir. Düzdür, bir vaxt yazarlardan biri uzaq Afrikadan, oradakı qəbilə – tayfalardan çox uğurlu misallar gətirirdi, adama elə gəlirdi ki, sanki bizlər bir neçə il bundan əvvəl Afrikadan köçüb buralara gəlmişik. Oxşarlıq təkcə bununla yekunlaşmır. Bir neçə dəfə xatırlatmışam, bir daha da qeyd edirəm – B.Əsəd də hakimiyyəti atası H.Əsəddən alıb, yəni buradaca da neomonarxiya rejimi hökm sürür. Bu tendensiyanın siyasi taleyi məni çox maraqlandırır. Artıq bu tendensiya iflasa uğrayıb, deyəsən, ərəblər onu tarixin küncünə qovacaqlar və bizlər də ondan qurtulacağıq. Hakimiyyət dəhlizlərində tədricən bunu başa düşürlər. Ona görə də böyük təlaş keçirirlər. Bəli, 18 ili bir siyasi modelə sərf ediblər, indisə məlum olur ki, bu modelin heç bir perspektivi yoxdur, çünki o, hətta təkpartiyalı modeldən də məhdud gələcəyə malikdir. Bu 18 ildə onlar sözün əsl mənasında güclü partiya da yaratmadılar. Hətta Misirdə H.Mübarəkin də alternativi vardı. Amma bunlar başqa yolla getdilər. Formal olaraq 500 min üzvü olan partiyada bir nəfər belə parlaq və müsbət imicli şəxsiyyət yoxdur. Bütün siyasi model bir nəslə hesablanmışdı. Indi isə bu model iflasa uğrayır və onun, bir daha qeyd edirəm ki, heç bir gələcəyi yoxdur. Indi bunlar necə rahat olsunlar?

Bir gün də tarixi dəyişə bilər

Elə tarix də bəzən bir günə sığır. Ona görə də, yeni üsluba, böyük hadisələri bir günə sığışdırmaq üslubuna, tarix Coysdan əvvəl imza atıb. Bu baxımdan 2 apreldən çox şey gözləmək olar. Hər şey cəmiyyətdən, eləcə də siyasət və ictimaiyyət fəallarından asılıdır. Nə vaxtından əvvəl həbslər, nə təqiblər, nə hərbi-polis rejimi tarixin gedişini dayandıra bilməz. Tarix özünün məntiqi axarı boyunca davam etməlidir. Bütün determinist ssenariləri inkar edən bu tarix bir ssenariyə toxunmur – bu da azadlıq ssenarisidir! Min illərin tarixinə nəzər salanda görürsən ki, bütün xətlər bir istiqamətə aparır, hüquq, azadlıq istiqamətinə!

Kiçik sözardı

Dekabristlər üsyanı boğulandan sonra çar Romanovlardan biri A.Puşkindən soruşur ki, üsyan zamanı paytaxtda olsaydın, kiminlə olardın? Şairin cavabı birmənalı olur: dostlarımla!.. Çar da ona toxunmur! Biz də isə…