ABŞ və Ingiltərə xəfiyyələri Liviyada

Barak Obama Qəzzafi rejiminə qarşı quru əməliyyatları ilə bağlı planı təsdiqlədi; diktatorun ən yaxın silahdaşı Londona qaçdı

ABŞ rəsmiləri Liviya diktatoru Müəmmər Qəzzafiyə qarşı savaşan üsyançıların kimliyi və sahib olduqları güc məsələsində kəşfiyyat məlumatları toplamaq üçün Mərkəzi Kəşfiyyat Idarəsinin (MKI) əməkdaşlarının bu ölkəyə göndərildiyini açıqlayıb.
“The Washington Post” qəzetinə danışan rəsmilər prezident Barak Obamanın Liviyada quru əməliyyatlar keçirməyəcəyini söyləsə də, MKI əməkdaşlarının üsyançılara gizli silah təminatı və digər məsələlərdə yardım göstərməsi üçün məxfi danışıqlar aparılması təlimatının verdiyini söyləyib.
“The New York Times” isə Liviyaya göndərilən MKI agentlərinin koalisiya qüvvələrinin həyata keçirdiyi hava hücumları barədə ətraflı məlumatlar toplamaq və üsyançılara dəstək vermək tapşırığı aldıqlarını bildirib.

ABŞ Liviyadakı xəfiyyələrinin əldə edəcəyi kəşfiyyat xəbərləri ilə Qəzzafi qüvvələrinin yerləşdiyi yerləri və hərbi texnikasının saxlandığı depoları dəqiqləşdirməyi planlaşdırır.
“The New York Times” MKI-dən başqa Ingiltərə xəfiyyələrinin və xüsusi təyinatlılarının da Liviyada fəaliyyətə başladığını yazıb. Ingilis rəsmiləri xüsusi təyinatlılar və “MI-6″ya bağlı xəfiyyələrin Liviyada olduğunu bildirib. Onlar Ingiltərəyə aid savaş təyyarələrinin əməliyyatlarını yönləndirdiyini, Liviya ordusunun tank, top və raket müdafiə sistemlərinin yerini təsbit etməyə çalışır.

Ağ evdə təsdiqlənən “Kəşf” planı

“Reuters” və “ABC” xəbər agentlikləri ABŞ prezidenti Barak Obamanın “kəşf” adlandırılan və Qəzzafi rejiminə qarşı üsyançı qrupların dəstəklənməsinə dair planı imzaladığını bildirib. “Kəşf” planı ABŞ prezidentləri tərəfindən MKI-nin gizli əməliyyatlarını təsdiqləmək üçün istifadə olunur.

Qəzzafinin iki generalı da qaçdı

Bu arada diktatorun ən yaxın silahdaşı sayılan Liviyanın xarici işlər naziri Musa Kusa Londona qaçaraq Ingiltərədən siyasi sığınacaq istəyib. Ingiltərənin xarici işlər naziri Uilyam Hoque Musa Kusanın Britaniyada şəxsi məqsədlə səfərdə olduğunu və onun krallıqdan sığınacaq istəməsiylə bağlı müraciətinin araşdırıldığını bildirib.
Yayılan məlumatlara görə, Musa Kusanın tutduğu postdan imtina etməsinə səbəb hakimiyyətin xalqa qarşı atdığı addımlar və dinc sakinlərə atəş açılması olub. Uilyam Hoque Musa Kusaya ədalət məhkəməsi qarşısında hər hansı toxunulmazlıq statusu verilməyəcəyini söyləyib.
Bundan əlavə, Liviya diktatorunun iki generalı vəzifələrindən istefa verərək ölkədən qaçmağa cəhd göstərib. Ingiltərənin keçmiş xarici işlər naziri Cek Stro “BBC”yə deyib ki, Kusanın istefası qüvvələr balansını Qəzzafinin əleyhinə dəyişəcək dönüş nöqtəsi ola bilər.
Qərbdə təhsil almış Kusa vaxtilə Liviyanın təhlükəsizlik orqanlarına da rəhbərlik edib. Onun verə biləcəyi qiymətli informasiya Qəzzafinin yıxılmasına yardımçı olacaq.

Uqanda Qəzzafidən imtina etdi

Ötən gün Liviya diktatoruna sığınacaq təklif etməsi barədə xəbərlər yayılan Uqanda hökuməti geri addım atıb. Ölkənin Xarici Işlər Nazirliyi bəyanat yayaraq Qəzzafiyə siyasi sığınacaq təklif edilmədiyini bildirib: “Deyilənlər şayiədir. Mən Liviya məsələsinin müzakirə olunduğu hökumətin iclasında iştirak edirdim. Orada söhbət sığınacaq verilməsindən getmirdi”.

Komandanlıq kanadalı generala verildi

Qəzzafi rejiminə qarşı NATO tərəfindən keçirilən əməliyyata kanadalı general Şarl Buşar rəhbərlik edəcək. NATO dünəndən etibarən Liviyada əməliyyata komandanlığı qəbul edib. General bildirib ki, əməliyyata 100-dən artıq qırıcı və bombardmançı təyyarə cəlb olunub.

Liviya diktatorunun yaxın dostu Venesuela prezidenti Uqo Çaves bildirib ki, Liviyanı tərk etməyəcək: “Müəmmər Qəzzafiyə siyasi sığınacaq verilməyəcək, çünki Liviya lideri ölkəsini tərk etməyə hazırlaşmır. Bir neçə dəfə Qəzzafiylə söhbət etmişəm. O, Liviyanı heç bir halda tərk etməyəcəyini söyləyib”.

Informasiya şöbəsi