“Bir insanın uğruna öləcəyi bir şeyi yoxsa, yaşamağa da haqqı yoxdur”.
Bu sözlərin müəllifi, dünyanın azadlıq mübarizəsi simvollarından biri Martin Lüter Kinqdir. O, 1968-ci ilin 3 aprel günü böyük bir kütlə qarşısında çıxış edərkən başına gələ bilənləri bu sözlərlə açıqlamışdı: “Bir saatdan sonra mənə nə olacağı önəmli deyil… Hər kəs kimi mən də uzun bir həyat yaşamaq istəyirəm. Uzun yaşamaq önəmli, amma indiki anda bununla maraqlanmıram. Sadəcə, Tanrının istəyini yerinə yetirmək istəyirəm. Bu səbəbdən də bu axşam xoşbəxtəm. Heç bir şeydən əndişələnmirəm. Kimsədən qorxmuram. Gözlərim Tanrının gəlişinin zəfərini gördü…”. O, ertəsi gün uğradığı sui-qəsdin qurbanı oldu. Amma öz idealları uğrunda mübarizə aparan Martin sözlərində zərrə qədər də yanılmamışdı. Ən qısa zamanda onun xəyalları gerçəyə çevrildi…
2 aprel ərəfəsində Kinqin 3 aprel çıxışını təsadüfən xatırlatmadım. Onun qətlə yetirildiyi il mənim doğulduğum ilə təsadüf edir. Amma o vaxtdan keçən bu uzun zaman kəsiyində bizim insan haqları üzrə inkişaf göstəricilərimiz o tarixdəkindən heç irəli getməyib. Bu ölkədə bizim sərbəst toplaşmaq kimi adi bir hüququmuz yoxsa, haqlı olduğumuz nə var ki? 2 aprel Azərbaycandakı narazı əhalinin öz etiraz səsini lazımi ünvanlara çatdırmaq üçün aksiya təyin etdiyi gündür. Hökumət həmişəki kimi inad göstərir. Ənənəvi üsullar işə düşür, həbslər, hədə-qorxular, əngəllər başlanır. Bu hara qədər davam edəcək? Axı hər kəs gözəl anlayır ki, belə gedə bilməz. Dünyada 42 illik rejimlər laxlayırsa, insanlar niyə ayılmaq istəmirlər? 2 apreldə hökumətin yasaqları onsuz da işə yaramayacaq, insanlar küçələrə çıxacaq. Polis də dinc insanları qorumaq əvəzinə zorakılıq edəcək, həbslər aparacaq, narazılığı bir az da şişirdəcək. Bəs sonra, sakitlik yaranacaqmı? Xeyr, çünki aksiya təşkilatçıları artıq növbəti həftəyə də mitinq təyin ediblər. Bir gün hökumət şəksiz geri çəkilməyə məcbur olacaq. Ən azı ona görə ki, bu ölkədə öz idealları uğrunda sona kimi mübarizə aparmağa hazır olan insanlar haqlı davalarından heç bir halda geri çəkilməyəcək. O kəslərin ki, azadlıq sevgisi bu hekayədəki qarışqanın sevgisi kimi ucadır, onların əldə edə bilməyəcəyi bir şey də yoxdur…
Bir gün Süleyman Peyğəmbər yolda gedərkən bir qarışqa sürüsünə rast gəlir. Bütün qarışqalar onu görən kimi təzim etmək üçün hüzuruna gəlirlər. Amma bir qarışqa ətrafa baxmadan bir təpədən torpaq zərrələrini daşımaqdaydı.
Süleyman Peyğəmbər bu qarışqanı yanına çağırıb deyir:
“Belə bir iş sənin qol qüvvətinə görülə bilməz. Bu torpaq qalağını daşıyıb başa çıxa bilməzsən. Nuhun ömrüylə Əyyubun səbrinə sahib olsan, yenə bu təpəyə güç yetirə bilməzsən.
Qarışqa cavab verir:
“Padşahım! Sən mənim yaradılışıma baxma. Məramımdakı ucalığa bax. Məndən ayrı bir qarışqa var. Görə bilmirəm onu. Amma məni eşq imtahanına çəkdi. Dedi ki: ”Sən bu torpaq təpəni dümdüz yol edə bilsən, mən də sənin yolundan bu hicran qayasını qaldırar, səninlə bərabər olaram. Indi bu torpağı dümdüz bir hala gətirə bilsəm, onun vüsalına yetəcəyəm. Bu yolda çalışıb-çabalarkən ölə bilərəm, amma heç olmasa, yalan yerə bir davaya qalxmış sayılmam. Bilərəm ki, ömrüm bir sevgi uğrunda keçib getdi…”.